Payız-qış mövsümündə respirator xəstəliklərin artacağı əvvəlcədən proqnozlaşdırıldığı kimi yeni növ koronavirusa (COVID-19) yoluxanların sayında da artım olacağı gözlənilən idi. Mütəxəssislərin sözlərinə görə, kütləvi peyvənd olunmayana və ya kollektiv immunitetin formalaşmasına qədər tam effektiv olan heç nə yoxdur. Hələ ki, effektiv olan tibbi maska taxmaq, məsafə saxlamaq, əl gigiyenasına diqqət etmək, asqırma və öskürmə zamanı ağzı bağlamaq, təmasları minimuma endirməkdir.
Bəs risk qrupuna daxil olan xəstələr bu bəlaya yoluxmamaq üçün daha nələrə diqqət etməlidir?
Həkim-endokrinoloq Gülnar Qafarova qəzetimizə açıqlamasında bildirib ki, ən çox şəkərli diabeti, onkoloji xəstəlikləri olanlar, eləcə də xroniki xəstəlikləri olan xəstələr risk qrupundadırlar: “COVID-19 yayıldığı dövrlərdən onu da müşahidə etmişəm ki, artıq çəki problemi olanlar bu xəstəliyi daha ağır keçirilər. Hətta heç bir xroniki və digər xəstəliyi olmayan artıq çəkili insanlar yoluxarkən çox ciddi çətinliklərlə üzləşirlər.
Şəkərli diabet xəstələrinin risk qrupunda olması həm də xəstəliyin şəkərlə qidalanmasıdır. Ona görə də karbohidratlı qidalar maksimum dərəcədə menyudan çıxarılmalıdır. Bura təkcə şəkər deyil, ağ çörək, duz, un məmulatları, makaron, karbohidrat yükü çox olan qidalar daxildir”.
“Həkimlərin ən çox arzuladığı orqanizmdə qlükozanın normada saxlanılmasıdır. Daha çox təbii zülalla zəngin olan ət və süd məhsulları, xüsusilə tərəvəzlərlə qidalanmaq məsləhətdir. Meyvədən daha çox tərəvəzdən istifadə edilməlidir, çünki meyvənin də tərkibində şəkər çox olur. Qəbul edilən mayelər içərisində ən çox sudan istifadə edilməsi düzgündür. Suyu dadlandırmaq da olar, onun içərisinə limon, darçın çubuğu, portağal qabığı və s. atmaq da olar”, - deyə həkim-endokrinoloq bildirib.
MÜŞFİQƏ
- Oxunub: 1980 |
- Tarix: 18-12-2020 |
-
Çap et |