Azərbaycan Gənclərinin IX Forumuna hazırlıq çərçivəsində Goranboyda Qarabağ zonası gənclərinin toplantısı keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 300-ə yaxın gəncin qatıldığı zona toplantısında gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatı Sevinc Hüseynova, Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Pərvin Quliyeva çıxışlarında gənclərə dəyərli tövsiyələrini veriblər.
Goranboy rayon gənclər və idman idarəsinin rəisi Elşad Həsənov Azərbaycan Gənclərinin IX Forumuna hazırlıq çərçivəsində təşkil edilən zona toplantısının əhəmiyyətini vurğulayıb.
Toplantıda Ağcabədi, Bərdə, Goranboy, Tərtər rayonlarının və Naftalan şəhərindən olan gənclərin çıxışları dinlənilib. Çıxışlardan sonra Goranboy zonasını Azərbaycan Gənclərinin IX Forumunda təmsil edəcək 62 nümayəndə seçilib. Tədbir zona toplantısının iştirakçıları adından qətnamənin qəbulu ilə başa çatıb.
Qeyd edək ki, toplantı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.1.-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədilə keçirilir.
- Oxunub: 2280 |
- Tarix: 17-12-2020 |
-
Çap et |