Prezident İlham Əliyev: Biz döyüş meydanında cəsarət, ruh yüksəkliyi və peşəkarlıq nümayiş etdirərək ermənilərin onilliklər ərzində ordularının məğlubedilməzliyi haqqında yaratdıqları mifi darmadağın etdik
Sentyabrın 27-dən başlayaraq noyabrın 10-dək davam edən 44 günlük müharibə Azərbaycanla işğalçı Ermənistan arasındakı fərqi bütün cəhətləri ilə ortaya qoydu və kimin kim olduğunu göstərdi. Əvvəla, Vətən müharibəsində respublikamız düşmən dövlətin təxribatlarına tarixi torpaqlarını işğaldan tam azad etməklə cavab verdi. Müharibənin nəticələri işğalçı ölkə üçün sarsıdıcı oldu. Müzəffər Ordumuz üç onillik ərzində işğal altında qalan ərazilərimizin bir hissəsini bilavasitə döyüş meydanında geri qaytardı. Noyabrın 8-də hər birimiz üçün əziz olan Şuşa şəhəri, növbəti gün isə daha 70-dən çox yaşayış məntəqəsi işğaldan təmizləndikdən sonra düşmən ölkə məğlubiyyətini etiraf etmək məcburiyyətində qaldı və noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzaladı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı sənədə əsasən, işğalçı ölkə Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza döyüşsüz təslim etdi. Beləliklə, 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü tam təmin edildi. Prezident İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən müzəffər Ordumuzun Vətən müharibəsindəki qələbəsini yüksək dəyərləndirib. “Biz isə döyüş meydanında cəsarət, ruh yüksəkliyi və peşəkarlıq nümayiş etdirərək ermənilərin onilliklər ərzində ordularının məğlubedilməzliyi haqqında yaratdıqları mifi darmadağın etdik. Biz Azərbaycan Ordusunun məğlubedilməz olduğunu nümayiş etdirdik. Biz işğal edilmiş ərazilərin böyük hissəsini, 300-dən artıq şəhər, qəsəbə və kəndi, o cümlədən Azərbaycanın tarixi Şuşa şəhərini 44 gün ərzində işğaldan azad etdik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Müharibəyə və onun Ermənistan üçün ağır olan nəticələrinə görə bütün məsuliyyət işğalçı ölkənin rəhbərliyinin üzərinə düşür
Məlum olduğu kimi, üç onillik ərzində Azərbaycana qarşı ilhaq siyasətini davam etdirən Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlarda həmişə riyakar mövqe tutub və əsl simasını gizlətməyə çalışıb. Elə münaqişənin həlli ilə bağlı müvafiq mandata sahib olan ATƏT-in Minsk qrupunun həmsədrləri də ötən dövr ərzində öz missiyalarını lazımi səviyyədə yerinə yetirməyiblər və işğalçını öz adı ilə çağırmayıblar. Beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edən belə loyal münasibət, necə deyərlər, işğalçıya qol-qanad verib və onu yeni ilhaq siyasətinə ruhlandırıb. Belə olmasaydı, işğalçı Ermənistan təkcə cari ildə ölkəmizə qarşı üç dəfə təxribat törətməyə cürət etməzdi. İşğalçı dövlətin respublikamıza qarşı ilk təxribatı iyul ayına təsadüf etdi. Bu ölkənin hərbi birləşmələri yeni ərazilər tutmaq və enerji infrastrukturuna zərbələr endirmək üçün Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ordumuzun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutdu. Azərbaycan sayıqlıq göstərərək bu təxribatın qarşısını qətiyyətlə aldı və düşmənə sərhədimizi keçməyə imkan vermədi. Düşmən dövlət növbəti dəfə avqust ayında Ordumuzun mövqelərinə zərbə vurmaq üçün diversant qrupu göndərdi. Yenə də hərbçilərimizin ayıq-sayıqlığı nəticəsində bu qrup zərərsizləşdirildi. Sentyabrın 27-də qoşunların təmas xəttində törədilən təxribatın miqyası daha geniş idi və buna cavab olaraq Silahlı Qüvvələrimizin rəhbərliyi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə əks-hücum əməliyyatlarına başlamaq barədə qərar qəbul etdi.
İşğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi bu dəfə də ənənəsinə sadiq qalaraq həm öz ölkəsinin əhalisini, həm də beynəlxalq ictimaiyyəti aldatmağa çalışırdı. Müharibənin davam etdiyi dövrdə düşmən dövlətin yüksəksəviyyəli rəsmiləri Ermənistanın hərbi birləşmələrinin döyüşlərdəki “uğurlarından”, “taktiki geriçəkilmə planlarının” “əhəmiyyətindən” danışaraq əhalinin başının altına yastıq qoyurdular. Təsadüfi deyildir ki, bu ölkənin davamlı şəkildə verilən feyk xəbərlərə inanan insanları noyabrın 10-da kapitulyasiya sənədi barədə eşidəndə, sözün əsl mənasında, şok yaşadılar. İnsanların hakimiyyət təmsilçilərinin məlumatları əsasında qurduqları xəyallar suya düşərək puç oldu.
İşğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi özlərinin ənənəvi riyakar siyasətlərini eyni “uğurla” beynəlxalq müstəvidə də davam etdirməyə çalışırdılar. N.Paşinyan müharibənin ilk günlərindən Rusiyanın, Fransanın, Avropanın digər dövlətlərinin rəhbərlərinin başını dəng etmişdi. Transmilli KİV-lərdə verilən məlumatlara görə, ayrı-ayrı ölkələrin rəhbərləri onun zənglərindən bezərək hətta bəzi hallarda özlərini bərk məşğul kimi göstərir və telefonun dəstəyini qaldırmırdılar.
N.Paşinyanı və işğalçı dövlətin digər rəsmilərini belə rəzil duruma heç kəs yox, onların özləri salmışdılar. Prezident İlham Əliyev bəhs olunan qəbulda müharibənin başlamasına gətirib çıxaran amillərə diqqət çəkib. Müharibəyə və onun Ermənistan üçün ağır olan nəticələrinə görə bütün məsuliyyət işğalçı ölkənin rəhbərliyinin üzərinə düşür. Məhz N.Paşinyan hakimiyyətinin təxribatçı hərəkətləri, bəyanatları danışıqlar prosesini məhv etdi. Sentyabrın 27-də müharibənin başlanmasının səbəbləri də hər kəsə bəllidir və biz bu barədə yuxarıda bəhs etdik. Bütün bunlara görə məsuliyyət daşıyan N.Paşinyan cəzalandırılmalı idi və Azərbaycan bunu etdi. “Biz Ermənistanı döyüş meydanında məğlub edərək, işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik. Ermənistan iqtidarından başqa ölkənin bütün siyasi qüvvələri də bununla razıdır ki, bu, kapitulyasiyadır və onlar bunu alçaldıcı kapitulyasiya adlandırırlar. Bunun tam məsuliyyəti Paşinyanın diktatura rejiminin üzərinə düşür”, - deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycan Vətən müharibəsində yalnız Paşinyanı cəzalandırmadı, əslində, Sarkisyan və Köçəryanın qurduğu ordunu məğlub etdi
Ermənistan ötən üç onillikdə işğal altında saxladığı ərazilərdə misli görünməmiş müharibə cinayətləri törədib. İşğaldan təmizlənən ərazilərdən təqdim olunan foto və video materiallar bu barədə konkret təsəvvür yaradır. 30 il ərzində işğal altında saxlanılan ərazilərdə sanki insanlar yox, hansısa vəhşilər yaşayıblar. Bir vaxtlar abad olan şəhər və kəndlərimiz dağıdılıb, meşələrimiz qırılıb, təbii sərvətlərimiz talan edilib, məscidlər, qəbiristanlıqlar təhqirlərə məruz qalıb. Prezident İlham Əliyev bəhs olunan qəbulda bütün bu faktlar barədə məlumat verib. Təsəvvür etmək çətindir ki, işğaldan təmizlənən Füzulidə üçrəngli bayrağımızı sancmağa bir tikili belə tapılmayıb. Ağdamda da eyni mənzərə hökm sürür. Zamanında aran və dağlıq Qarabağın mərkəzi şəhəri hesab olunan Ağdam indi xarabalığı xatırladır. Bu kimi faktlar Minsk qrupunun təmsilçilərinə də yaxşı məlumdur. Vurğulamaq yerinə düşər ki, Minsk qrupu işğal altında saxlanılan ərazilərə rəsmi olaraq iki dəfə missiya təşkil edib. Qrumun rəsmi nümayəndələri işğal olunmuş ərazilərə dəfələrə səfər ediblər və Ermənistan rejiminin hərbi cinayətlərinin - yaşayış məntəqələrinin tam dağıdılmasının, qeyri-qanuni məskunlaşmanın şahidi olublar. Sual yaranır: Bəs onlar nə üçün susublar? Müharibə cinayətlərinə yol verən işğalçılar nə üçün vaxtında cəzalandırılmayıblar?
İşğalçı Ermənistanın hərbi birləşmələrinin müharibədə törətdikləri cinayətlər barədə də KİV-lərdə geniş məlumatlar dərc edilib. Ermənistan silahlı qüvvələri sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük müharibə zamanı beynəlxalq hüququn bütün prinsiplərini, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasını kobud şəkildə pozmaqla müharibə cinayətlərinin miqyasını daha da genişləndiriblər. Verilən məlumatlara görə, indiyədək 100 dinc sakin həyatını itirib, 416 mülki şəxs yaralanıb, 4186 yaşayış evi, 135 çoxmənzilli yaşayış binası, 548 mülki obyekt yararsız hala düşüb. Həmçinin düşmən tərəfin muzdlulardan istifadə etməsinə dair çoxsaylı faktlar sadalamaq mümkündür. Prezident İlham Əliyev düşmən dövlətin məqsədyönlü şəkildə törətdiyi müharibə cinayətlərini dəyərləndirərək vurğulayıb: “Onlar müharibə caniləridirlər. Gəncəni ballistik raketlə atəşə tutmaları, Bərdə və Tərtər şəhərlərinin kasetli və fosforlu sursatla atəşə məruz qalması, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırma - bunların hamısı hərbi cinayətlərdir və onlar bununla fəxr edirdilər. Sarkisyan və Köçəryan hərbi cinayətkardırlar. Dağıdılmış Ağdam məscidi qarşısında çıxışımda dediyim kimi, biz Sarkisyan və Köçəryanı məğlub etdik. Onlar məsuliyyəti Paşinyanın üzərinə atmaq istəyirlər. Ancaq mən demişəm ki, Paşinyan heç kimdir. O, Sarkisyan və Köçəryan rejiminə qarşı etiraz dalğası üzərində hakimiyyətə gəlmiş təsadüfi insandır. Bu adamın heç bir bilik və təcrübəsi yoxdur. Onun beynəlxalq münasibətlər və ölkənin idarəçiliyi haqqında təsəvvürü yoxdur. Həyatında kiçik bir kolxoza belə rəhbərlik etməyən insandır. Yəni, təkcə onu günahlandırmaq olmaz. Düzdür, o, bizi təhrik etdi, qəbuledilməz hərəkətlər etdi və buna görə cəzalandırıldı. Lakin biz, Sarkisyan və Köçəryan ordusunu məğlub etdik. Bu ordunu 30 il ərzində yaradanlar onlar idi”.
Qəbulda bildirildiyi kimi, Ermənistanın törətdiyi hərbi cinayətlər hazırda sənədləşdirilir. Azərbaycan törədilən cinayət əməlləri ilə bağlı artıq hüquqi prosedurlara başlayıb. Mülki əhali, infrastruktur, dini və mədəni abidələrə dəymiş ziyanın müvafiq təhlili aparılır. Hər bir şey sənədləşdiriləcək və düşmənin hüquqi müstəvidə də cəzalandırılması üçün zəruri addımlar atılacaq.
Yuxarıda sadalanan faktlar əyani şəkildə təsdiqləyir ki, Ermənistanın separatizmə əsaslanan işğalçılıq siyasəti regionda sabitliyə, təhlükəsizliyə ciddi təhdidlər yaradır. Ötən üç onillik ərzində işğalçı dövlətin ilhaq siyasətindən çıxış etməsi heç bu ölkənin özünə və insanlarına da fayda gətirməyib. Yenə də işğaldan təmizlənən ərazilərdən çəkilən foto və video materiallara istinad edək. Ermənistandan və xaricdən gətirilən ermənilər bu ərazilərdə bir növ qul kimi yaşayıblar, onların həyatı çox aşağı səviyyədə olub. Yalnız xunta rejimi bu kimi əməlləri törədə bilərdi və törədib. Bundan sonra Azərbaycan əlindən gələni edəcək ki, regionda erməni faşizmi bir daha baş qaldırmasın.
Mübariz ABDULLAYEV
- Oxunub: 3000 |
- Tarix: 17-12-2020 |
-
Çap et |