“Azərbaycan xalqının, Silahlı Qüvvələrimizin və Ali Baş Komandanın birliyi, əzmi və qətiyyəti Dağlıq Qarabağ probleminin həllində ən əsas şərtə çevrildi. Cənab Prezident ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə də bildirdi ki, Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi. Buna güc yolu və siyasi vasitələrlə nail oldu. Münaqişənin həllində vasitəçi rol oynamalı olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən isə uzun illərdir ki, cəmiyyətimizin heç bir gözləntisi yox idi. Bu baxımdan, ötən illər ərzində ATƏT-in Minsk qrupu həmsədrlərinin sərgilədiyi mövqe bundan sonrakı prosesdə də artıq onların iştirakını mümkünsüz edir. Cənab Prezident də onlarla görüşündə açıq şəkildə ifadə etdi ki, bu illər ərzində Minsk qrupu həmsədrlərinin fəaliyyətinin əsas prinsiplərindən biri münaqişənin həll olunmamasına nail olmaqdan ibarət olub”.
Bu fikirləri qəzetimizə açıqlamasında “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrləri yalnız status-kvonun qorunub saxlanılması üçün çalışırdılar. Mövcud status-kvonun saxlanılması isə münaqişənin daim alovlanma ehtimalı üçün zəmin yaradırdı və regiondakı münaqişə ocağını xarici müdaxilələr üçün açıq şəraitdə saxlayırdı. “Təbii ki, bu da öz növbəsində həmsədr ölkələrin hər birinə və ya onların maraqlarından çıxış edən qüvvələrə bu və ya digər vaxtlarda, maraqları təmin olunmadığı təqdirdə müdaxilə imkanları verirdi. Artıq Azərbaycan hərbi-siyasi yolla münaqişənin həllinə nail olub. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri faktiki olaraq regionda sülhün bərqərar olmasında iştirak edir, Rusiya sülhməramlıları bölgədədir. ABŞ və ya Fransa isə prosesə hansısa bir yenilik gətirə bilməyəcək. Əgər söhbət etimadlı münasibətlərin formalaşmasından gedirsə, bu artıq həmsədrlərin missiyasından və ya funksiyasından asılı olan məsələ deyil”, - deyə E.Mirzəbəyli əlavə edib.
PƏRVİZ
- Oxunub: 1800 |
- Tarix: 17-12-2020 |
-
Çap et |