“Təbii ki, insan haqlarının müdafiəsi ilə məşğul olduğunu söyləyən, bu profillə hərəkət etdiyini deyən hər bir beynəlxalq təşkilat həqiqəti söyləməli, hansısa fərqli standartlara söykənməməlidir. Bu mənada, “Human Rights Watch” təşkilatının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərinə və mülki obyektlərinə qarşı raket hücumları ilə bağlı apardığı araşdırmalara dair növbəti hesabatı da reallığı əks etdirir. Əgər bu təşkilatın nümayəndələri Azərbaycan dövlətinin onları ölkəmizə dəvət etdiyi zaman gəlsəydilər, Ermənistanın dinc əhaliyə necə divan tutduqlarını, hansı qadağan olunmuş silahlardan istifadə etdiklərini öz gözləri ilə də görə bilərdilər. Noyabr ayında ölkəmizə səfər etdikləri zaman bu təşkilatın tədqiqatçıları 3 rayonda kasetli silah-sursatdan istifadə olunmaqla 4 hücumu rəsmiləşdirdilər”.
Bu fikirləri qəzetimizə açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, hesabatda Ermənistanın və ya Dağlıq Qarabağdakı qondarma rejimin hərbi qüvvələrinin altı həftəlik müharibə dövründə Azərbaycanın yaşayış məntəqələrini dəfələrlə qadağan olunmuş silah-sursatlar vasitəsilə atəşə tutmaları, kasetli silahların xüsusiyyətləri barədə də məlumatlar verilib. “Hesabatda bu ilin oktyabr ayında Bərdə şəhərinə atılan və 21 mülki şəxsin ölümünə, 70 nəfərin yaralanmasına səbəb olan kasetli silah hücumu da sənədləşdirilib. Noyabr ayının birinci yarısında Azərbaycana araşdırma səfəri zamanı “Human Rights Watch” Ermənistan silahlı qüvvələri tərəfindən biri Bərdə, ikisi Goranboy, biri Tərtər rayonunda olmaqla dörd kasetli silah hücumunu sənədləşdirib. Kasetli silahlar mülki və hərbi obyektləri ayıra bilmədiyi üçün onların istifadəsi müharibə qanunlarını pozur. Bütün bu faktlar isə özlüyündə bir həqiqəti yenidən üzə çıxarır ki, günahsız körpələrə, qocalara qarşı raket hücumu həyata keçirən ermənilər faşist mahiyyətə malikdirlər”, - deyə Q.Hüseynli əlavə edib.
P.Sadayoğlu
- Oxunub: 2250 |
- Tarix: 17-12-2020 |
-
Çap et |