Gənclər və İdman Nazirliyi sistemindən Vətən müharibəsində iştirak edənlərin siyahısını açıqlayıb. Vətən müharibəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunları, rayon (şəhər) gənclər və idman idarələrinin, gənclər evlərinin, Olimpiya İdman komplekslərinin əməkdaşları, idmançılar və idman jurnalistləri iştirak ediblər.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Vətən müharibəsində idman sahəsi üzrə 500 nəfər iştirak edib. Onlardan 54 nəfəri şəhidlik zirvəsinə yüksəlib. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə 390 nəfər könüllü kimi qatılıb. Hərbi xidmətə çağırılanlar 33, hərbçi kimi iştirak edənlər isə 23 nəfər olub. Müharibə iştirakçılarından 67 nəfər yaralanıb. Onların 51-i müxtəlif tibb müəssisələrində müalicələrini davam etdirirlər. Yaralananlardan 8-i yenidən cəbhəyə qayıdıb, bir o qədəri isə müalicəsi bitdikdən sonra evə buraxılıb. İdman jurnalistlərindən 4-ü döyüşlərdə iştirak edib. Döyüşlər zamanı iki nəfər itkin düşmüş hesab olunur.
Gənclər və İdman Nazirliyinin kollektivi əməkdaşları və idmançılarla qürur duyur, şəhidlərin ruhuna böyük hörmət və ehtiramını ifadə edir.
- Oxunub: 2100 |
- Tarix: 16-12-2020 |
-
Çap et |