Dekabrın 8-dən 12-dək Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyası TƏBİB və Səhiyyə Nazirliyinin nümayəndələri ilə birlikdə Gəncə, Tərtər, Bərdə və Ağdamda tibb məntəqələri, poliklinikalar, rayon xəstəxanaları daxil olmaqla 12 tibb müəssisəsini ziyarət edib. Müşahidələrə görə, ümumilikdə vəziyyət stabildir və bütün həkimlər, tibb bacıları və digər səhiyyə işçiləri bu çətin dövrdə əllərindən gələni edirlər. Cəbhə zonasında yerləşən bir neçə tibb müəssisəsinə qismən ziyan dəyib. Pasiyentlərin təxliyəsinə ehtiyac olduğundan tibbi xidmətlər təcili tibbi yardım maşınlarında da göstərilib. Təcili tibbi yardım maşınları da COVID-ə yoluxma sayının artması səbəbindən daha gərgin işləyirlər.
AZƏRTAC xəbər verir ki, bunu ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı ÜST-nin Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqə deyib.
Onun sözlərinə görə, müharibə və koronavirus pandemiyası Azərbaycanın səhiyyə sisteminə ağır yük yaradıb və əsas səhiyyə xidmətlərinin göstərilməsinə təsir edib: “Bəzi bölgələrdə tibb işçilərinin çatışmazlığı müşahidə olunur. Onların təhlükəsizliyi və COVID-19-dan qorunması çox vacibdir. Həmçinin tibb işçiləri arasında COVID-19-a yoluxma və ölüm halları qeydə alınır.
COVID-ə yoluxmanın sayında artım hamını narahat edir. Bu səbəbdən bəzi xəstəxanalar koronavirusa yoluxanların müalicəsi üçün ayrılıb. Əksər bölgələrdə avadanlıq və testlər kifayət qədərdir. Bəzi bölgələrdə laboratoriyalara tələbin artması səbəbindən test cavabları gecikir. Bu vacib və riskli işləri görənlərin bacarıqlarının artırılmasına ehtiyac var. COVID-19 dünya miqyasında bütün tibb işçiləri üçün yenidir”.
H.Harmancı ÜST-nin ən çox təsirə məruz qalan bölgələrə texniki və maddi yardım göstərmək üçün TƏBİB və Səhiyyə Nazirliyi ilə işləməyə davam edəcəyini də diqqətə çatdırıb.
- Oxunub: 2040 |
- Tarix: 16-12-2020 |
-
Çap et |