“Azərbaycan, Rusiya və Ermənistan arasında noyabrın 10-da imzalanmış bəyanat birmənalı şəkildə işğalçı dövlətin təslim olduğunu ortaya qoydu. Bu sənəd İkinci Qarabağ müharibəsinin Azərbaycanın zəfəri ilə başa çatmasını təsdiq etdi, işğal altındakı 3 rayonumuz da dinc yolla düşməndən azad olundu. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib. Onun sözlərinə görə, sentyabrın 27-dən erməni təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatları və əldə olunan qələbə nəticəsində Ermənistan kapitulyasiyaya imza ataraq Azərbaycanın digər ərazilərindən silahlı qüvvələrini çıxarmağa məcbur olub. Bu, Azərbaycan tarixinin ən böyük hadisələrindən biridir. R.Nağıyev bildirib ki, dekabrın 10-da keçirilən Zəfər paradı isə qələbəmizin təntənəsinə çevrildi: “Azərbaycan xalqı, cəmiyyəti bir daha gördü ki, milli birlik, həmrəylik, qətiyyət bütün problemlərin həllində əsas şərtdir. 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə yekunlaşan müharibə yeni mənzərə yaradıb. Artıq diktə edən tərəf qalib Azərbaycandır. Möhtərəm Prezidentimiz vurğuladı ki, regionda yeni əməkdaşlıq formatları yaranacaq. Bəli, Ermənistan bütün mənfur iddialarından, xalqımıza qarşı olan ədavətindən əl çəkərsə, Azərbaycanın irəli sürdüyü təklifləri qəbul edərsə, bundan sonrakı inkişaf mərhələsində əməkdaşlıq platformasına daxil ola bilər. Əks halda, bu dövlət dalan olmaqda davam edəcək”.
P.SADAYOĞLU
- Oxunub: 2370 |
- Tarix: 16-12-2020 |
-
Çap et |