“Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra Cənubi Qafqaz regionuda tamamilə yeni situasiya yaranıb. Sentyabrın 27-dən başlanan və noyabrın 10-da Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələnən Vətən müharibəsinin hər günündə, hər anında mənəvi və siyasi cəhətdən dəstəyini duyduğumuz Türkiyə ilə əməkdaşlığımızın uğurla davam etdirilməsi regionda yeni bir situasiya yaradıb”. Bunu qəzetimizə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti və xalqı müharibənin nəticələrini düzgün dəyərləndirməlidir. Əks halda, onlar əvvəlki dövrdə olduğu kimi, bütün layihələrdən kənarda qalacaq, regionun ümumi inkişafı ilə ayaqlaşa bilməyəcəklər. “Bu, bir reallıqdır ki, 44 günlük müharibə Ermənistanın iqtisadi tənəzzülü ilə müşayiət olundu. Bu gün siyasi böhran yaşayan düşmən ölkədə həm də iqtisadi geriləmə olduqca böyükdür. Ermənistan hakimiyyəti öz mənfur xislətini kənara qoymalıdır. Çünki əks təqdirdə, onların dövlət olaraq mövcudluğu da sual altına düşəcək. Eləcə də Ermənistan bundan sonrakı mərhələdə hansısa havadarına güvənməməlidir. Çünki son 2 ay ərzində baş verənlər göstərdi ki, ermənipərəst dövlətlərin, təşkilatların Azərbaycana hansısa təzyiq və təsir etmək imkanı yoxdur”, - deyə A.Əlizadə əlavə edib.
P.SADAYOĞLU
- Oxunub: 2370 |
- Tarix: 16-12-2020 |
-
Çap et |