İndiyədək yüksək səviyyədə qurulan müasir infrastruktur respublikamızda su ehtiyatlarından daha səmərəli istifadə olunması imkanlarını əhəmiyyətli dərəcədə artırıb
Son 17 ildə respublikamızda regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının icrası çərçivəsində bölgələrdə infrastruktur quruculuğu geniş vüsət alıb. Qürur hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri sırasında yer alır. Regional inkişaf proqramları çərçivəsində qurulan infrastruktur obyektləri ən müasir tələblərə cavab verir, eyni zamanda, yeni layihələr reallaşdırılarkən bölgələrin perspektiv inkişafı nəzərə alınır. Xarakterik haldır ki, ölkə üzrə bütün infrastruktur obyektləri dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılır. Sonradan sahibkarlar bu yüksəksəviyyəli infrastrukturlardan bəhrələnməklə bölgələrdə iqtisadiyyatın müxtəlif sahələrinə məmnuniyyətlə sərmayələr yönəldirlər. Yaradılan infrastruktur obyektləri, həmçinin regionlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynayır və vətəndaş məmnunluğunu təmin edir. Müxtəlif kommunal rahatlıqlarla təmin olunan insanlar, ələlxüsus da gənclər öz həyatlarını regionlarda, yaşadıqları yerlərdə qurmağa üstünlük verirlər. Təsadüfi deyildir ki, son illərdə ölkə üzrə insanların bölgələrdən paytaxt Bakıya və ölkənin digər iri şəhərlərinə axını əhəmiyyətli dərəcədə azalıb.
Regionlarda çoxsaylı su layihələrinin həyata keçirilməsi infastruktur quruculuğunun real nəticələrindəndir
Son 17 ildə regional inkişaf proqramları çərçivəsində infrastruktur quruculuğunun mühüm sahələrindən olan su təchizatı sistemində də çoxsaylı layihələr reallaşdırılıb. O cümlədən yeni sututarlar yaradılıb, şəbəkə infrastrukturu əhəmiyyətli dərəcədə genişləndirilib. Respublikamızda Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə kimi su anbarlarının yaradılması ölkəmizin su təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması baxımından strateji önəm daşıyır. Bu kimi irimiqyaslı investisiya tutumuna malik olan layihələrin uğurla tamamlanması Azərbaycan dövlətinin gücünü nümayiş etdirir. Həyata keçirilən tədbirlər hesabına ölkəmizdə su təsərrüfatı sisteminin inkişafı sürətlənib, məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin fasiləsiz içməli su ilə təminatı, eləcə də irriqasiya sistemi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bütövlükdə, yüksək səviyyədə qurulan müasir infrastruktur respublikamızda məhdud su ehtiyatlarından daha səmərəli istifadə olunması imkanlarını əhəmiyyətli dərəcədə artırıb.
Eyni zamanda, ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi əsasən, qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir.
Məhdud su ehtiyatları şəraitində, yeni iqtisadi çağırışlar nəzərə alınmaqla, ölkənin su təchizatı sistemi daha da yaxşılaşdırılmalı, ekosistemin inkişafı ilə uyğunluğu təmin olunmalı və bu məqsədlər üçün innovasiyaların tətbiqi təşviq edilməlidir.
Bu barədə Prezident İlham Əliyevin 27 iyul 2020-ci il tarixdə imzaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamda bildirilib. Sərəncamda ölkənin məhdud su ehtiyatlarından səmərəli istifadə edilməsi üçün nəzərdə tutulan tədbirlərin reallaşdırılması məqsədilə müvafiq qurumlara, o cümlədən Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyaya, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə zəruri tapşırıqlar verilib. Eyni zamanda, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” təsdiqlənib.
Perspektivdə su təchizatı sahəsində ölkə üzrə yeni infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla yenidən qurulması nəzərdə tutulan hidroqovşaq, kollektor və suvarma kanallarının siyahısı təsdiqlənib. Təqdim olunan siyahıya əsasən, ölkə üzrə 20 kanalın, Bəhrəmtəpə hidroqovşağının və Mil-Qarabağ kollektorunun yenidən qurulması nəzərdə tutulub. Dövlət başçısının imzaladığı digər Sərəncamla isə dağ çayları sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan su anbarlarının siyahısı təsdiqlənib. Belə ki, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilən Tədbirlər Planına 2 saylı əlavəyə uyğun olaraq ölkə ərazisində Əlicançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Yengicə, Viləşçay, Zəyəmçay su anbarlarının yaradılması nəzərdə tutulub.
Artıq bəhs olunan ayrı-ayrı layihələrin icrasına start verilib. Paralel şəkildə respublikamızın bir sıra şəhər və kəndlərinin su təchizatının yaxşılaşdırılması istiqamətində intensiv işlər görülür. Cari ildə dövlət investisiya proqramı çərçivəsində Şabran rayonunun Taxtakörpü, Siyəzən rayonunun Sədan və Eynibulaq, Şamaxı rayonunun Hacıqədirli, Lerik rayonunun Piran, Astara rayonunun Qamışoba və Balaşahağac kəndlərində yeni su təchizatı sistemləri yaradılıb. Yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması layihələrinin bir çoxunu isə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) sırf daxili imkanları hesabına həyata keçirir.
“Azərsu” ASC yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması istiqamətində işləri ardıcıl surətdə davam etdirir
Yeri gəlmişkən, “Azərsu” ASC-nin daxili imkanları hesabına Tovuz rayonunun Düz Cırdaxan, Cəlilli və Dönük Qırıqlı, Gədəbəy rayonunun Tərsyer kəndlərində içməli su layihələrinin icrası uğurla davam etdirilir. Gədəbəy rayonunun Tərsyer kəndinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə icra olunan layihə artıq yekunlaşıb. Tərsyer kəndi Tovuz rayonunun kəndlərinə yaxın ərazidə yerləşdiyindən kəndin su təchizatı Zəyəmçay-Tovuz su xəttindən aparılır. Bu məqsədlə magistral kəmərdən kəndə 3 km uzunluğunda su xətti çəkilib. Tərsyer kəndinə çəkilmiş su xətti Tovuz rayonunun Dönük Qırıqlı kəndi ərazisindən keçdiyi üçün həmin kəndə də suyun verilməsi qərara alınıb. Layihə çərçivəsində kəndlərdə 2 km-lik paylayıcı şəbəkə yaradılıb və əhalinin ümumi istifadəsi üçün bulaqlar quraşdırılıb. Layihənin icrası nəticəsində Tərsyer və Dönük Qırıqlı kəndlərinin sakinlərinin keyfiyyətli içməli suya çıxışı təmin edilib.
Tovuz rayonunun Düz Cırdaxan və Cəlilli kəndlərinə isə içməli suyun Tovuz şəhərinin şəbəkəsindən verilməsi layihələndirilib. Bu məqsədlə Düz Cırdaxan kəndindən keçməklə Cəlilli kəndinə qədər 3,7 km uzunluğunda magistral kəmərin, eyni zamanda, kəndlərdə 2 km-lik paylayıcı su xətlərinin və əhalinin ümumi istifadəsi üçün 16 ədəd bulağın quraşdırılması nəzərdə tutulur. Hazırda magistral kəmərin tikintisi davam etdirilir. Bu layihə çərçivəsində Düz Cırdaxan və Cəlilli kəndlərinin içməli su problemi həll ediləcək. Qeyd edək ki, bu kəndlərin əhalisi uzun illər Tovuz və Zəyəm çaylarının suyundan istifadə edib və son illər müşahidə olunan quraqlıq səbəbindən sakinlər içməli suyu uzaq məsafədən daşımaq məcburiyyətində qalırdı.
2020-ci ilin ötən dövrü ərzində “Azərsu” ASC-nin daxili imkanları hesabına Saatlının Nərimankənd və Musalı kəndindəki məcburi köçkün qəsəbəsinin, Ağstafa rayonunun Köçəsgər kəndinin, Ağcabədidə Laçın rayonundan olan məcburi köçkünlərin yaşadığı qəsəbənin, Qobustan rayonunun Sündü kəndinin qəsəbə adlanan ərazisinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı layihələr icra olunub. Yaşayış məntəqələrində həyata keçirilən layihələrin bir qismi cari ilin sonu, bir qismi isə gələn ilin əvvəlində yekunlaşacaq.
Neftçala şəhərinin su təchizatının yaxşılaşdırılması üçün nəzərdə tutulan layihənin icrası yekunlaşıb
İçməli su çatışmazlığının müşahidə olunduğu Neftçala şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi tapşırığı əsasında icra olunan layihə yekunlaşıb. Noyabr ayının əvvəlindən yeni mənbədən Neftçala şəhərinə keyfiyyətli və dayanıqlı içməli suyun verilməsinə başlanılıb.
Dövlət başçımızın tapşırığı ilə cari ilin iyun ayında icrasına başlanmış layihəyə əsasən, Neftçala şəhərinə Şirvan-Muğan qrupu su kəmərindən içməli suyun verilməsi qərara alınıb. Bu məqsədlə magistral kəmərin Salyan şəhəri yaxınlığından keçən hissəsindən Neftçala şəhərinə qədər 560 mm diametrli polietilen borularla 40 km uzunluğunda magistral kəmərin inşasına başlanılıb. Magistral xəttin inşası mürəkkəb coğrafi ərazidə həyata keçirilib. Kəmərin 16 nöqtədə magistral və kənd yolları, 18 nöqtədə isə müxtəlif suvarma və drenaj kanalları ilə kəsişmələrində keçidlər quraşdırılıb. Tikintinin ən mürəkkəb hissəsi Kür çayı ilə kəsişmədə aparılıb və bu məqsədlə xüsusi metal konstruksiyalarla 262 metr uzunluğunda asma körpü inşa edilib.
Magistral xəttə ötürlən suyun idarə olunması məqsədilə kəmər üzərində 25 ədəd təxliyə, 34 ədəd vantuz, 14 ədəd siyirtmə quraşdırılıb. Neftçala şəhərinin su təchizatındakı vəziyyət nəzərə alınaraq inşaat işləri bir neçə tikinti briqadası tərəfindən eyni vaxtda paralel aparılıb. Nəticədə, kəmərin tikintisi nəzərdə tutulduğu vaxtdan 1 ay əvvəl başa çatdırılıb.
(davamı növbəti sayımızda)
Mübariz ABDULLAYEV
- Oxunub: 2400 |
- Tarix: 16-12-2020 |
-
Çap et |