Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Meksikanın ölkəmizdəki səfiri Xuan Rodrigo Labardini Flores ilə görüşüb.
Ombudsman Aparatından AZƏRTAC-a verilən məlumata görə, Səbinə Əliyeva Meksika və Azərbaycan arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrinin olduğunu və bu əlaqələrin yüksələn xətlə inkişaf etdiyini söyləyib.
Görüş zamanı müvəkkil qonağa Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və hərbi təcavüzü nəticəsində kütləvi insan hüquqları pozuntuları barədə məlumat verib.
S. Əliyeva Ermənistanın beynəlxalq humanitar hüququn tələblərinə hörmətsizlik nümayiş etdirərək uzun illər işğal altında saxladığı Dağlıq Qarabağ və yeddi ətraf rayon da daxil olmaqla, meşələrin yandırılması və orada olan nadir ağacların kəsilərək talan edilməsi, ölkəmizin ərazisindən keçən çayların kimyəvi zavod tullantıları ilə çirkləndirilməsi, Şuşa meşələrində qadağan olunmuş fosfor silahlarından istifadə və bu kimi digər ekoloji terror əməlləri törədərək ümumilikdə Azərbaycanın ətraf mühitinə, fauna və florasına ciddi ziyan vurması, Ermənistan silahlı qüvvələrinin mülki və hərbi obyektlərə fərq qoymadan açdığı atəş nəticəsində dini-mədəni abidələrin dağıntılara məruz qalması barəsində səfirə geniş məlumat verib.
Müvəkkil, həmçinin 44 günlük müharibə dövründə Azərbaycanın haqq savaşının təfərrüatlarını, Ermənistanın törətdiyi müharibə cinayətlərinin dünya ictimaiyyəti və beynəlxalq qurumlara çatdırılması istiqamətində iş apardığını, ombudsmanın münaqişədən zərər çəkmiş bölgələrdə faktaraşdırıcı missiyalar həyata keçirərək toplanmış materiallar əsasında hazırlanmış hesabatları, o cümlədən indiyədək istər əsir və girovlar, muzdlulardan istifadə, istərsə də ekoloji terror və sair kimi insan hüquqlarına dair müxtəlif səpkidə mövzuların əhatə olunduğu müraciətləri müvafiq beynəlxalq qurumlara göndərdiyini vurğulayıb.
Səfir, öz növbəsində, qeyd edib ki, Azərbaycan və Meksika arasındakı dostluq əlaqələri bütün sahələrdə çox yüksək səviyyədədir. O, mülki şəxsləri və obyektləri hədəf alan hərbi hücumların ciddi təəssüf hissi doğurduğunu və Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini bildirib.
Görüşdə insan hüquqlarının səmərəli müdafiəsi sahəsində hər iki ölkənin Ombudsman qurumları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin zəruriliyi qeyd edilib.
- Oxunub: 2220 |
- Tarix: 15-12-2020 |
-
Çap et |