“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm zəfərin nəticəsi olaraq işğalçı Ermənistan Ağdam və Kəlbəcərdən sonra Laçın rayonundan da çıxmaq məcburiyyətində qaldı. Müzəffər ordumuz bir güllə atmadan, bir şəhid vermədən 28 ildən sonra Vətən torpağına daxil oldu və Azərbaycan bayrağını orada dalğalandırdı. Bu tarixi hadisə təkcə həmin rayonların sakinlərinə deyil, bütün Azərbaycan xalqına qələbə sevinci bəxş etdi. Ona görə ki, Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən qələbə nəticəsində Azərbaycanın ərazi bütövülüyü təmin olundu”.
Bunu “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirib.
Partiya sədrinin sözlərinə görə, Azərbaycan xalqının qələbə sevincinə kölgə salmağa çalışan düşmənin və xaricdəki ermənipərəst dairələrin bu dövrdə təxribatlara əl atması da gözlənilən idi: “Bu baxımdan, Fransa Senatının qərəzli qətnaməsi düşmənin təxribat cəhdlərindən biridir. Təbii ki, Azərbaycan dövləti müvafiq addımlar atdı, Milli Məclis bəyanat qəbul etdi. Eyni zamanda, cəmiyyətimizin, xalqımızın mövqeyi də birmənalı oldu. Hesab edirəm ki, vasitəçilik missiyası yerinə yetirən bir ölkənin qanunverici orqanında belə bir qətnamə qəbul edilməsi yolverilməzdir. Onu da qeyd edim ki, bu cür təxribatçı addımlarla bizim qələbəmizə kölgə salmaq mümkün olmayacaq”.
Qaşqay
- Oxunub: 2160 |
- Tarix: 05-12-2020 |
-
Çap et |