“Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində böyük qələbə əldə etdi. Azərbaycan həm döyüş yolu ilə torpaqlarını azad etdi, həm də işğalçı Ermənistanın məğlubiyyətini qəbul etməsi nəticəsində digər ərazilərimizin döyüşsüz azad olunmasına nail oldu. Belə ki, artıq Ağdam, Kəlbəcər və Laçın rayonları da Müzəffər Ordumuzun nəzarətinə keçib. Bu qələbə ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə nail olduq”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.
Partiya sədrinin sözlərinə görə, biabırçı şəkildə məğlub olan işğalçı Ermənistanın, həmçinin erməni diasporu və onun xaricdəki havadarlarının bundan sonra sakit dayanacağını düşünmək sadəlövhlük olardı: “Bu təxribatlardan biri kimi, Fransa Senatının Azərbaycanın ərazi bütövlüyünə qəsd mahiyyəti daşıyan qərəzli qətnaməsini qəti şəkildə pisləyirik. Bununla bağlı siyasi partiyaların birgə bəyanatına da imza atmışıq. Əslində, bu qətnamə Azərbaycan üçün kağız parçasından ibarətdir. Çünki Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü hansısa tövsiyə xarakterli sənədlə, qərəzli qətnamə ilə şübhə altına almaq olmaz. Sadəcə olaraq, Fransa Senatının bu cür düşünülməmiş addımı təkcə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik deyil. Eyni zamanda, Senat BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransanın imza atdığı məlum 4 qətnaməyə və beynəlxalq hüquqa hörmətsizlik edib. Təbii ki, Azərbaycan bütün səviyyələrdə bu hörmətsizliyə cavab verdi və gələcəkdə də verəcək”.
Q.ZİYƏDDİNOĞLU
- Oxunub: 2100 |
- Tarix: 05-12-2020 |
-
Çap et |