Və ya Azərbaycanın Vətən müharibəsində parlaq qələbəsinə kölgə salmaq istəyən marginal qruplar ermənipərəst dairələrin direktivlərini yerinə yetirirlər
Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayır. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızın böyük bir hissəsini işğaldan azad etdi, düşmənin hərbi birləşmələri darmadağın edildi. Bunun nəticəsində işğalçı Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları artıq azad olunub. Bəyanatda əks olunan digər müddəaların da icrası davam etməkdədir. Maraqlıdır ki, bu razılaşma Azərbaycanın maraqlarına cavab verdiyi halda radikal müxalifət ictimai rəyi çaşdırmağa çalışır. Amma hər kəsə məlum olan faktdır ki, torpaqlarımızın işğal altına düşməsində əsas günahkar qanunsuz yollarla hakimiyyətə gələn, heç bir siyasi biliyə, təcrübəyə, səriştəyə malik olmayan Azərbaycan Xalq Cəbhəsi olub. Çünki AXC-nin 1990-cı illərin əvvəlində hakimiyyət uğrunda mübarizəsi nəticəsində yaranmış ölkədaxili xaosdan istifadə edən Ermənistan torpaqlarımızın bir hissəsini işğal etdi. 1992-ci ilin may ayında AXC qanunsuz hakimiyyətə gəldikdən sonra isə 1 il ərzində daha böyük ərazilərimiz işğal olundu. Hazırda o vaxt hakimiyyətdə olmuş indiki radikal müxalifətin ümummilli məsələlərdə də xalqın mövqeyinə zidd yanaşması, manipulyasiya və spekulyasiya cəhdləri qəbulolunmazdır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, Ermənistan hakimiyyəti öz məğlubiyyətlərini açıq etiraf edir. Buna görə də bu ölkənin əhalisi iqtidara qarşı etiraz aksiyaları keçirir. Onun sözlərinə görə, bu gün Ermənistanda daxili gərginlik, etiraz aksiyaları səngimir: “Belə olan halda, radikal müxalifətin ölkəmizdə ictimai rəyi çaşdırmaq istəyi nədən xəbər verir? Əgər imzalanmış bəyanat bizim xeyrimizə deyilsə, ermənilərin maraqlarına uyğundursa, nə üçün Ermənistan əhalisi bu sənədi imzalayan hökumətin istefasını tələb edir? Heç kim unutmayıb ki, vaxtilə məhz 1992-1993-cü illərdə AXC-”Müsavat” hakimiyyətinin səriştəsizliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan kapitulyasiya vəziyyətinə düşmüş, Dağlıq Qarabağ və ətraf rayonları itirmişdi”.
Millət vəkili qeyd edib ki, 44 günlük Vətən müharibəsində qəhrəman əsgər və zabitlərimiz torpaqlarımızı öz qanları, canları hesabına azad etdilər: “Belə olan halda, vaxtilə hakimiyyətdə olmuş indiki radikalların sərgilədiyi mövqe qətiyyən qəbulolunmazdır. Bu gün Azərbaycan Prezidenti xalqımıza böyük ağrılar yaratmış həmin səhvləri yüksək siyasi iradəsi, mətinliyi, yüksək diplomatik səriştəsi ilə aradan qaldırdı. Radikal müxalifət torpaqlarımızın azad olunmasına sevinmək, bunu qiymətləndirmək, Azərbaycan xalqından üzr istəmək əvəzinə, bu gün yenə də riyakarlıq yolunu tutur. Bu yanaşma milli maraqlarımıza tamamilə zidd olmaqla yanaşı, bizə qarşı düşmən mövqedə olanların istəyinə uyğundur”.
Millət vəkili Sevinc Hüseynova da qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuzun göstərdiyi şücaətin, misilsiz qəhrəmanlığın nəticəsidir. Onun sözlərinə görə, biz torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman əsgərlərimizin, döyüşçülərimizin sayəsində yaşayırıq: “Məhz onların qanı, canı bahasına, misilsiz vətənpərvərlik və döyüş ruhu sayəsində bu qələbələri qeyd edirik. Belə bir vaxtda radikal müxalifətin insanları aldatmaq cəhdləri yolverilməzdir. Əslində, onlar utanmalı və xalqdan üzr istəməlidirlər. Çünki 1990-cı illərin əvvəlində onların hakimiyyət uğrunda mübarizəsi və hakimiyyətə gəldikdən sonra səriştəsiz siyasəti nəticəsində torpaqlarımızın böyük hissəsi işğal altına düşdü. İndiki hakimiyyət və ordumuz vaxtilə radikalların yaratdığı problemləri həll edir. Ona görə də onlar öz günahlarını etiraf edib siyasəti birdəfəlik tərk etməlidirlər. Onlar xaricdəki anti-azərbaycançı mərkəzlərin əlində alət olmamalı, bu fəaliyyətlərinə son qoymalıdırlar”.
Nardar
- Oxunub: 2280 |
- Tarix: 05-12-2020 |
-
Çap et |