Azərbaycanın bölgələrində istehlakçıların təbii qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqlarının yenidən qurulması daim diqqətdə saxlanılır
Bütün sahələrdə möhtəşəm nailiyyətlər qazanaraq öz dayanıqlı inkişafını davam etdirən Azərbaycan tərəqqinin milli modelini formalaşdırıb. Təbii ki, ölkəmizdə həyata keçirilən kompleks tədbirlər regionların sosial-iqtisadi inkişafını da şərtləndirir. Bu kontekstdə mühüm əhəmiyyətə malik amillərdən biri infrastruktur quruculuğudur. Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. Ölkəmizin, demək olar ki, hər yerində qazlaşdırılma təmin edilib. Bütövlükdə, respublikamızda qazlaşdırılmanın səviyyəsi 96 faizə çatıb. Bu da dünya miqyasında ən yüksək göstəricilərdən biridir.
Ölkəmizin qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir
Yeri gəlmişkən, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində ölkəmizin qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir. “Azəriqaz” İstehsalat Birliyi respublikanın yaşayış məntəqələrində istehlakçıların təbii qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqlarının yenidən qurulması istiqamətində 2020-ci ildə də genişmiqyaslı işləri davam etdirir.
Göygölün Toğanalı kəndinə təbii qaz verilib
Yeri gəlmişkən, Göygölün Toğanalı kəndinə də təbii qaz verilib. Bu gün rəngarəng təbiəti ilə seçilən, yerli və xarici turistlərin tez-tez üz tutduqları Göygöl rayonunun mürəkkəb relyefə malik olan Toğanalı kəndinə təbii qaz verilişi təmin olunub. Toğanalı kəndində 367 fərdi yaşayış evinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 21 kilometrədək olan müxtəlifdiametrli polad borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Daşkəsən rayonunun iki kəndində 210 fərdi yaşayış evinə təbii qaz verilib
Daşkəsən rayonunun Aşağı Daşkəsən və Yevlax rayonunun Bəydilli kəndlərinə də təbii qaz verilişi təmin olunub. Bu barədə verilən məlumtda deyilir ki, 92 abonenti olan Aşağı Daşkəsən kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6613 metr, 118 abonenti olan Bəydilli kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 8863 metr olan müxtəlifdiametrli borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Siyəzənin Qalaaltı və Məşrif kəndləri qazlaşdırılır
Qeyd olunduğu kimi, “Azəriqaz” İstehsalat Birliyi payız-qış mövsümünə hazırlıqla bağlı qazlaşma işləri aparılan yaşayış məntəqələrində fəaliyyətini bir qədər də sürətləndirib. Belə ki, qazlaşma işləri aparılan yaşayış məntəqələrində qaz açılışları təmin edilir. Bu məqsədlə Siyəzən rayonunun Qalaaltı və Məşrif kəndləri qazlaşdırılır. Tikinti işləri yekunlaşdıqdan sonra bu 2 kənddə ümumilikdə 240 abonent yüksəktəzyiqli təbii qazla təmin olunacaq. Sözügedən yaşayış məntəqələrinin qazla təminatı üçün müxtəlifdiametrli 25 min 700 metrə yaxın metal borulardan istifadə olunur. Bununla yanaşı, bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılacaq.
Məşhur Qalaaltı sanatoriyasının yaxınlığında yerləşən kəndlərin qazlaşdırılması ərazidəki meşələrin qorunması ilə yanaşı, sahibkarların qış aylarında turizm obyektlərinin qızdırılması xərclərini xeyli azaldacaq. Yaşayış məntəqələrində təbii qazın olmaması payız-qış mövsümündə ərazidəki istirahət mərkəzlərində əlavə çətinliklər yaradırdı.
İş icraçısı Qurban Əliyev bildirib ki, artıq Qalaaltı kəndində işlər tam yekunlaşıb. Yaxın günlərdə Məşrifdə də tikinti işləri başa çatdırılacaq. Kəndlərin qazlaşdırılması oktyabr ayının sonuna kimi tamamlanacaq. Siyəzəndə, ümumilikdə, 13 yaşayış məntəqəsi qazlaşdırılıb. Rayonda 8 min 340 abonent “mavi yanacaq”dan istifadə edir.
Şamaxı rayonunda 51 məntəqədə qazlaşma işləri başa çatdırılıb
Şamaxı rayonunda isə 51 məntəqədə qazlaşma işləri başa çatdırılıb. Bu günlərdə dövlət sifarişi ilə qazlaşdırılması həyata keçirilən daha bir yaşayış məntəqəsinə təbii qaz açılışı təmin olunub. Belə ki, Şamaxı rayonunun Qaleybuğurd kəndinə qaz çəkilişi tamamlanıb. 153 abonenti olan Qaleybuğurd kəndində qazlaşdırma işlərinin həyata keçirilməsi üçün birpilləli sistem əsasında müxtəlifdiametrli 12 min 877 metr uzunluqda polad borular vasitəsilə daşıyıcı və məhəllə daxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Bununla da Şamaxı rayonunda 51 məntəqədə qazlaşma işləri başa çatdırılıb və qazlaşdırılma səviyyəsi bu gün üçün 97 faizdən bir qədər artıq təşkil edir. Başqa sözlə, rayonda 21 min 303 abonent təbii qazdan istifadə edir. Şamaxı rayonu üzrə qazlaşdırılmayan 11 yaşayış məntəqəsi qalır ki, bunlardan da 3-nə hazırda qaz çəkilişi davam etdirilir.
Kürdəmirdə qazlaşdırılma səviyyəsi 100 faizə çatıb
Kürdəmir rayonunda isə qazlaşdırılma səviyyəsi 100 faizə çatdırılıb. Bununla bağlı məlumatda qeyd olunur ki, Kürdəmir rayonunun Qarabucaq və Qurdbayramlı kəndlərinə qaz çəkilişi tamamlanıb. Bununla da Kürdəmir rayonunda qazlaşdırılma səviyyəsi 100 faizə çatdırılıb. 89 abonenti olan Qarabucaq kəndində qazlaşdırma işlərinin həyata keçirilməsi üçün birpilləli sistem əsasında müxtəlifdiametrli 9778 metr uzunluğunda polad və 5142 metr uzunluğunda polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. 18 abonenti olan Qurdbayramlı kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında müxtəlifdiametrli 2877 metr uzunluğunda polad və 8409 metr uzunluğunda polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib.
Eyni zamanda, mürəkkəb relyefə malik ərazidə yerləşən Şamaxı rayonunun Sis kəndinin də qazlaşdırılması başa çatdırılıb. 81 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 11 min 228 metr olan müxtəlifdiametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Qeyd etmək yerinə düşər ki, bütün dünyada hökm sürən koronavirus pandemiyası səbəbindən qazlaşdırılma işləri yekunlaşan kəndlərdə kütləvi açılış mərasimləri təşkil olunmayıb.
İşğaldan azad olunan ərazilərin təbii qaz təchizatı üçün ilkin texniki-iqtisadi əsaslandırma işlərinə başlanılıb
Qürur və sevinc hissi ilə vurğulamaq yerinə düşər ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi ilə ərazi bütövlüyümüz tam təmin olunub. Artıq belə yaşayış məntəqələrində infrastruktur layihələrinə də başlanılıb. İlk növbədə, yol çəkilişi, ardınca digər kommunal məsələlər nəzərdən keçirilir. O cümlədən təbii qaz təchizatı üzrə layihələndirmə də gündəmdədir. Bu məqsədlə işğaldan azad edilən ərazilərin təbii qaz təchizatı üçün ilkin texniki-iqtisadi əsaslandırma işlərinə başlanılıb. “Azəriqaz” İstehsalat Birliyindən qəzetimizə bildirilib ki, 2020-ci ilin sentyabr ayının 27-dən Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsi zamanı əldə edilən qələbədən sonra işğaldan azad olunmuş ərazilərin bərpası və müvafiq infrastrukturun yaradılması işləri çərçivəsində, yaşayış ərazilərinin təbii qaz təchizatı üçün ilkin texniki-iqtisadi əsaslandırma işlərinə başlanılıb. Əvvəlcə yeni çəkiləcək magistral qaz xətlərinin istiqamətləri və onların keçəcəyi marşrutlarının araşdırılması işləri aparılıb. Bu istiqamətlərə Böyük Bəhmənli-Füzuli-Hadrut-Şuşa, Azadqaraqoyunlu-Ağdam, Horadiz-Cəbrayıl-Zəngilan-Qubadlı-Laçın, Goranboy-Kəlbəcər aid edilib. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə vaxtilə çəkilmiş qaz xətlərinin bərpasının mümkünlüyü də araşdırılmaqdadır. Qeyd olunmuş istiqamətlər üzrə çəkilməsi planlaşdırılan magistral qaz xətlərinin imkanları mövcud və yeni salınacaq yaşayış məskənlərinin və sənaye obyektlərinin uzunmüddətli inkişafı nəzərə alınmaqla təbii qazla təmin edilməsinə hesablanacaq. Hazırda planlaşdırılan magistral qaz şəbəkəsinin marşrutlarının münasib konfiqurasiyası, ilkin texniki-iqtisadi göstəriciləri müəyyən edilir. Ərazilərin baş planları hazır olduqdan və istiqamətlər təsdiq olunduqdan sonra qazlaşmanın işçi layihələrinin hazırlanması mərhələsinə başlanılacaq.
Tərtərin Şıxarx qəsəbəsində təbii qaz təsərrüfatına dəyən ziyan aradan qaldırılır
Yeri gəlmişkən, Tərtər rayonunda məcburi köçkünlərin məskunlaşdığı Şıxarx qəsəbəsində Vətən müharibəsi zamanı düşmənin atəşi nəticəsində təbii qaz təsərrüfatına dəyən ziyan aradan qaldırılır. Lazımı avadanlıqlarla təchizat məsələləri də yüksək səviyyədə həll olunur. Qeyd edək ki, Şıxarx qəsəbəsində 34 yaşayış binasında hazırda 1172 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Bölgədə yalnız bu ərazidə sakinlər qaz almır. Döyüşlər zamanı düşmənin qaz təsərrüfatına ziyan vurduğu Tərtər Regional Qaz İstismarı İdarəsinin xidmət sahəsinə daxil olan digər rayonlarda - Ağdam, Ağcabədi, Bərdə, Beyləqan və Füzulidə bütün problemlər aradan qaldırılıb.
Beləliklə, ölkəmizdə regionların qazlaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər uğurla davam etdirilir.
Müşfiqə BAYRAMLI
- Oxunub: 2190 |
- Tarix: 05-12-2020 |
-
Çap et |