Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları ilə bağlı hesabat iclası keçirilib. Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, əvvəlcə iclasda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda institutun direktoru, akademik Gövhər Baxşəliyeva rəhbərlik etdiyi elmi müəssisənin 2020-ci ildəki fəaliyyəti haqqında hesabatı diqqətə çatdırıb. Bildirilib ki, institutun əməkdaşları tərəfindən “Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni-tarixi inkişafı və Azərbaycanla əlaqələri” istiqaməti üzrə araşdırmalar aparılıb və elmi-tədqiqat planında nəzərdə tutulan bütün işlər yerinə yetirilib. Şərqşünaslıq İnstitutu iş rejimini mövcud pandemiya şəraitinə uyğun davam etdirib. İnstitut əməkdaşları elmi-tədqiqat işlərini 1 elmi istiqamət, 5 problem çərçivəsində aparıblar. Plan üzrə icra olunan 101 elmi-tədqiqat işindən 57-si bu il başa çatıb, qalan işlərin 2020-ci il üçün nəzərdə tutulan hissəsi yerinə yetirilib.
Diqqətə çatdırılıb ki, il ərzində institutda 17 kitab, monoqrafiya və məqalələr toplusu çap olunub, 6 kitab isə hazırda çapdadır. İnstitut əməkdaşlarının 150-dən çox məqalə, məruzə və tezisi çap olunub. Bunlardan 51 elmi məqalə xaricdə (Türkiyə, İordaniya, Misir, Gürcüstan, Cənubi Koreya, İsveçrə, Rusiya, Özbəkistan, Ukrayna, Qazaxıstan, Livan, Yaponiya, Rumıniya və s.) nəşr edilib. İmpakt faktorlu “Web of Science” və “Scopus” bazalarında dərc edilən məqalələrin sayı 2, yüksək reytinqli nəşrlərdə, beynəlxalq nüfuzlu indeksləşdirilmiş bazalarda çap olunan və yerləşdirilən məqalə, tezis və məruzələrin sayı isə on birdir. İnstitut əməkdaşlarının əsərlərinə 409 dəfə istinad olunub. Hesabat ili ərzində institut əməkdaşları 36 dəfə xaricdə və 42 dəfə isə Azərbaycanda keçirilən 78 beynəlxalq elmi konfransda məruzə ediblər. Cənubi Koreya, Yaponiya, Rusiya, İsveçrə, Qazaxıstan, Türkiyə, Cənubi Afrika Respublikası, Ukrayna, Gürcüstan, ABŞ, Fransa, Rumıniya, Macarıstan və Livanda keçirilən konfranslarda institutun əməkdaşları onlayn iştirak ediblər.
Hesabatda 2020-ci ildə institutda xarici ölkələrin səfirləri, elm və dövlət nümayəndələri ilə keçirilən görüşlər, təşkil edilən konfrans, seminar və tədbirlər, institutda kadr hazırlığı və digər məsələlər barədə də məlumat verilib.
İclasda hesabat ətrafında müzakirələr aparılıb və institutun fəaliyyəti müsbət qiymətləndirib.
- Oxunub: 2220 |
- Tarix: 04-12-2020 |
-
Çap et |