Ramiz Alıyev: Vətən Müharibəsində milli mediamız yüksək vətənpərvərlik nümayiş etdirdi
“Vətən müharibəsində Azərbaycan həm döyüş meydanında, həm də informasiya cəbhəsində mühüm nailiyyətlər qazanaraq möhtəşəm qələbəni təmin etdi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə öz qüdrətini nümayiş etdirdi, işğalçıları tarixi torpaqlarımızdan qovdu. Azərbaycan Prezidenti, eyni zamanda, beynəlxalq mətbuata, nüfuzlu nəşrlərə və transmilli media orqanlarına müsahibələri zamanı faktlar və həqiqətləri qətiyyətlə ifadə etdi, həm milli maraqlarımızı prinsipial şəkildə müdafiə etdi, həm də erməni yalanlarının ifşasına nail oldu. Qeyd edim ki, Azərbaycan mediası da öz tarixi missiyasını uğurla icra etmək üçün həm yerli, həm də beynəlxalq auditoriyaya reallıqları dolğun surətdə çatdırmaqla informasiya cəbhəsində qalibiyyətimizə mühüm töhfələr vermiş oldu. Bir sözlə, Vətən müharibəsi tək ön cəbhədə deyil, həm də arxa cəbhədə gedirdi. Hər iki cəbhənin bir Ali Baş Komandanı və bir Lideri var idi, O da Prezident İlham Əliyev idi”. Bu fikri “KANAL 5” TV-nin direktoru, politoloq Ramiz Alıyev bildirib.
O deyib ki, Azərbaycanın milli təhlükəsizlik konsepsiyası mövcuddur və bu konsepsiyanın tərkib hissələrindən biri də informasiya təhlükəsizliyidir: "Yəni bütün ölkələr kimi, bizim dövlətimiz üçün də informasiya təhlükəsizliyi çox önəmli faktordur. 27 sentyabr tarixində erməni təxribatına cavab olaraq müzəffər ordumuz əks-hücum əməliyyatına başlayanda informasiya cəbhəsində də savaş şiddətləndi. Şübhəsiz ki, rəşadətli ordumuzun əsgər və zabitləri cənab Ali Baş Komandanın əmrlərinə sadiq olaraq geri çəkilmədən ancaq irəli addımlarla öz qanları bahasına tarixi torpaqlarımızı ardıcıllıqla düşməndən təmizləməyi bacardılar. Mən bu müharibəni belə təhlil edərdim ki, cənab Ali Baş Komandan ön cəbhədə döyüşən əsgər və zabitlərimizə öz əmrlərini verərək onlardan qələbə qazanmağı tələb etdiyi zamanda eynilə dünyanın tanınmış KİV-lərinə müsahibə verərkən həm də bizim media nümayəndələrinə informasiya savaşında məğlub olmamaq tələbini göstərdi. Bir sözlə, hər iki cəbhədə döyüşən əsgərlərin bir komandanı var idi, o da cənab Ali Baş Komandan idi”.
“Tarix boyu həmişə belə olub ki, sərkərdəsi güclü olan ordu qalib olub, eynilə biz bu tarixi canlı olaraq yaşadıq. Xalq və ordu birliyi bütün dünya xalqlarına bir nümunə oldu. 44 günlük müharibə dövründə cənab Prezidentin 30-dan çox müsahibəsi oldu və hər müsahibə ön cəbhədə döyüşən igid əsgərlərimiz üçün motivasiya və özünəinamı artırdığı kimi, informasiya savaşında döyüşən media nümayəndələri üçün də yeni tezislər və yeni tapşırıqlar idi. Həm sosial şəbəkələrdə, həm internet mediada, TV məkanlarında əsl savaş gedirdi: ancaq ön cəbhədə olduğu kimi, bir tərəfdə öz haqqını dünyaya çatdırmaq istəyən media təmsilçilərimiz, digər tərəfdə isə yalanla, şər-böhtanla dünyanı aldatmaq niyyətində olan erməni manipulyatorlar. Bizim mətbuat nümayəndələrimiz həqiqətləri ifadə və müdafiə etdikləri halda, ermənilər yalan, böhtan xarakterli məlumatlarla ictimai rəyi manipulyasiya etməyə çalışırdılar".
Ramiz Alıyev bildirib ki, hər bir sahədə olduğu kimi, media sahəsində də haqlının və haqsızın yanında olanlar var idi: "Bizim yanımızda qardaş Türkiyə Respublikasının və dost ölkələrin media nümayəndələri oldu. Yalan və şər-böhtanla dünyanı aldatmaq istəyən ölkənin mediasının yanında isə elə onların özləri tək yalançı, “feyk nyus”larla gündəmdə olan media təşkilatları oldu. Bu savaşda biz bir daha anldıq ki, həqiqətən də güc birlikdədir. Təqdirəlayiq haldır ki, sosial şəbəkə istifadəçilərimiz də obyektiv informasiya ilə silahlanaraq haqq səsimizi dünyaya çatdırdılar. Paralel olaraq ölkəmizdə fəaliyyət göstərən KİV nümayəndələri mütəşəkkil şəkildə səfərbər olunaraq xalqımıza informasiyaları vaxtında çatdırmaq, insanlarda vətənpərvərlik ruhunu artırmaq üçün əzmlə və qətiyyətlə çalışdılar".
Politoloq qeyd edib ki, Azərbaycan mediası təcavüzkar Ermənistanın hərbi birləşmələri tərəfindən mülki vətəndaşlarımızın raket atəşinə tutulması nəticəsində baş verən terror hadisəsini dünyaya çatdırmaqla Ermənistanın əsl üzünü beynəlxalq ictimaiyyətə göstərmiş oldu: "Bütün cəbhələrdə gedən müharibənin bizim xeyrimizə olmasının səbəbləri bunlardır. Azərbaycan parlaq qələbə qazanmaq çoxəsrlik dövlətçilik tarixinin şərəfli tarixini yazmağa müvəffəq oldu. Milli mediamız isə yüksək vətənpərvərlik nümayiş etdirərək müstəqil Azərbaycanın zəfər salnaməsını yazdı”.