Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə saat 12.00-da bütün ölkə üzrə Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyirik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə igid ordumuz işğalçıları torpaqlarımızdan qovdu. Bütün xalqımız Vətən uğrunda canlarından keçmiş oğullarımızın xatirəsini yad etdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski bildirib.
A.Şarovski deyib ki, tarixdə şəxsiyyətin böyük rolu var. Dahi Heydər Əliyev bizə üzərinə böyük məsuliyyət götürən İlham Əliyev kimi oğul bəxş edib. 17 il ərzində güclü və qüdrətli Azərbaycan qurması ilə yanaşı, Prezident İlham Əliyev güclü ordu da yaratdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın cəsur Ordusu işğalçıları müqəddəs torpaqlarımızdan qovdu və ölkəmiz zəfər qazandı. Bütün dünyanı heyrətə salan 44 gün ərzində Azərbaycan qalib ölkə oldu, Prezidentimiz isə dünya liderlərinin önündədir.
“Mən bir məqamı da qeyd etmək istəyirəm. Prezidentimizin və birinci xanım Mehriban Əliyevanın ayaqqabılarını çıxarıb Ağdam məscidinə necə girdiklərini heç vaxt unuda bilmərəm. Bu, unudulmaz anlar idi”, - deyə A.Şarovski qeyd edib.
- Oxunub: 2220 |
- Tarix: 04-12-2020 |
-
Çap et |