Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Otuz illik münaqişənin nəticəsi: Ermənistan məğlub oldu, Azərbaycan isə qələbə qazanaraq ərazi bütövlüyünü təmin etdi

Otuz illik münaqişənin nəticəsi: Ermənistan məğlub oldu, Azərbaycan isə qələbə qazanaraq ərazi bütövlüyünü təmin etdi

02.12.2020 [13:13]

Laçın rayonu Azərbaycana təhvil verildi. Otuz il ərzində məhz Laçın dəhlizi vasitəsilə Ermənistandan hərtərəfli dəstək alan və Qarabağ bölgəsində pozuculuq fəaliyyəti ilə məşğul olan erməni separatçı və terrorçu qruplaşmaları üçün sonuncu nəfəslik də belə bağlandı. Bununla da işğal altında olan ərazilərin boşaldılması üzrə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi yerinə yetirildi və tarixə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” adı ilə düşmüş mürəkkəb bir qarşıdurma başa çatdı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Deputat deyib ki, 30 illik münaqişə Ermənistanın məğlubiyyəti, Azərbaycanın isə tam qələbəsi ilə sona çatdı. Hər iki ölkənin vətəndaşları tərəfindən münaqişənin sadə qavrayışı baxımından bu, belədir, amma qlobal siyasi anlamda daha böyük, daha mürəkkəb və daha ciddi siyasi bir hadisədir. Bu hadisənin əsl mahiyyəti nədən ibarətdir?

Dünyanın müxtəlif bölgələrində alovlanan istənilən münaqişə, əslində, ilk baxışdan göründüyü kimi, ikitərəfli deyil, çoxtərəfli münaqişədir. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsi də istisna deyil. Münaqişənin başlandığı illər dünya miqyaslı bir siyasi hadisə ilə – SSRİ-nin dağılması prosesi ilə üst-üstə düşürdü. Həmin tarixi zamanda dünya güc mərkəzlərinin marağı heç də yeni yaranan müstəqil dövlətlərin qısa müddətdə dünya siyasətinə qoşulmasını dəstəkləmək deyildi. Onların marağı, ilk növbədə, SSRİ-nin dağıntıları üzərində özlərinin ekspansionizminə yeni yollar açmaq və hələ müstəqil siyasi-iqtisadi inkişaf yollarını müəyyən etməyə macal və imkan tapmamış yeni dövlətləri dərhal öz təsir dairəsinə salmaq və daha sonra həmin bölgənin bütün dövlətlərini öz maraqlarına uyğun yönləndirməkdən ibarət idi. Ermənistanın çoxdan qonşu torpaqlarına göz dikməsi isə dünyaya yenicə açılan bölgədə - Cənubi Qafqazda uzunmüddətli bir münaqişəni alovlandırmaq üçün əlverişli bir fürsət verirdi. Taktiki olaraq ilk növbədə bölgənin ən çox potensiala malik olan ölkəsini – Azərbaycanı ələ keçirmək daha cəlbedici görünürdü. Ermənistan isə öz iddiaları ilə bu məqsədə nail olmaq üçün ən uyğun və ən rahat bir vasitə ola bilərdi və oldu da.

Strateji baxımdan isə Cənubi Qafqazda möhkəmlənmək bütün Avrasiya ərazisində regional güc sahiblərini nəzarətdə saxlamaq və lazım gəldikdə onlara təzyiq göstərmək üçün ən əlverişli plasdarm qazanmaq demək idi.

Düşünülmüş ssenariyə görə Ermənistanın “yarımçıq uğurları”, Azərbaycanın isə hər vəchlə “uğursuzluqdan çıxmaq çabaları” hər iki dövləti qlobal güc mərkəzlərindən (ABŞ, Fransa və Rusiya) asılı vəziyyətə salmalı idi. Beləliklə, realpolitikin ssenarisində Azərbaycan da, Ermənistan da qurbanlar rolunda nəzərdə tutulmuşdu. Müstəqilliyin ilk illərində Cənubi Qafqazda oynanılan qlobal siyasi oyunun əsl mahiyyəti məhz bundan ibarət idi.

Buna nail olmaq üçün münaqişə tərəflərinə müvafiq sənədlər imzalatmaqla münaqişənin hərbi həll yolu istisna edildi, sülh yolu ilə həll perspektivləri isə ATƏT-in Minsk qrupunun timsalında beynəlxalq güc mərkəzlərindən asılılıq vəziyyətinə salındı. Dağlıq Qarabağ münaqişəsi məqsədli şəkildə “dondurulmuş” hala gətirildi və uzun müddət üçün beləcə saxlanıldı. Beləliklə, münaqişə qurbanları - Ermənistan və Azərbaycan dünya nəhənglərinin oyun masası üzərində əl-qolu bağlı vəziyyətdə nə irəli, nə də geri gedə bilirdilər. Ermənistan çox tezliklə “hərbi uğurlarını” rəsmiləşdirərək münaqişəni qalib rolunda başa vuracağına inanır və özünün oyun qurbanı olduğunu heç ağlına da gətirmirdi. Ermənistandan fərqli olaraq oyunun mahiyyətini yaxşı anlayan Azərbaycan çıxılmaz vəziyyətdən çıxış yolu tapmaqda israrlı idi. Oyunun müəllifləri isə 1994-cü ildə yaranmış status-kvonun ATƏT-in Minsk qrupunun nəzarəti altında hələ uzun müddət davam edəcəyinə əmin idilər. Qlobal güc sahiblərindən kiminsə oyun qaydalarını pozması gözlənilmirdi, çünki mövcud vəziyyət onların maraqlarını tamamilə qane edirdi. Yaxın Şərq, Afrika və Asiya bölgələrində uzun illər davam edən münaqişələrin tarixi də məhz bunu göstərir.

Ancaq Cənubi Qafqazda belə olmadı. Heç gözlənilmədiyi kimi qlobal güclərin oyun qaydalarını Azərbaycan pozdu. Azərbaycan buna necə nail oldu - bu çox geniş mövzudur və uzun-uzadı bir izaha ehtiyac var. Amma nəticədə Azərbaycanın nəyə nail olduğunu qeyd etmədən yazımı tamamlaya bilmərəm.

1. Azərbaycan beynəlxalq güclər tərəfindən Cənubi Qafqaz ətrafında qurulmuş möhkəm bir siyasi oyun torunu dağıdaraq 30 il işğal altında qalmış ərazilərini işğaldan azad etdi, tam həcmdə özünün ərazi bütövlüyünü təmin etdi.

2. Bir milyondan çox məcburi köçkünün öz doğma torpaqlarına qayıda bilməsini təmin etdi.

3. Bölgədənkənar güc mərkəzlərinin siyasi oyununa aldanan acgöz və xain qonşusunu – Ermənistanı ibrətamiz şəkildə cəzalandırdı.

4. Oyunun ssenari müəllifləri heç gözləmədikləri halda heç cür yol vermək istəmədikləri bir vəziyyətlə üz-üzə qaldılar – Cənubi Qafqazın gələcəyində Azərbaycanın maraqları baxımından mühüm rol oynaya biləcək bölgə gücü Türkiyənin Cənubi Qafqazın siyasi həyatına girişi təmin olundu.

5. Azərbaycan dünya miqyasında heyranlıq və rəğbət doğuran qeyri-adi tarixi bir uğura imza atdı: bölgədənkənar güclərin Cənubi Qafqaza hibrid müdaxiləsini aradan qaldırdı və bu bölgədə sülhün və sabitliyin başlanğıcını qoydu.

6. Münaqişənin başlanğıcında qurban roluna layiq görülmüş Azərbaycan dünyanın ən böyük güc və söz sahiblərinin qurduğu məkrli bir siyasi oyunu 30 il sonra ən böyük qalib kimi tərk etdi.

Paylaş:
Baxılıb: 166 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30