“44 gün davam edən Vətən müharibəsi zəfərlə başa çatıb. Azərbaycan qalibdir. Çünki Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edib. Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusunun bu qalibiyyəti bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilər”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev deyib.
“30 ildən bəri inşa edilmiş istehkamları yarıb keçən Azərbaycan Ordusunun əks-hücum əməliyyatları hərb tarixi üzrə mütəxəssislər tərəfindən öyrəniləcək. Şuşanı işğaldan azad edən oğullarımızın şücaəti hələ peşəkar hərbçilərin araşdırma mövzusu olacaq. Öz cəsarəti, igidliyi ilə vətən torpağını azad edən və qətiyyəti ilə düşməni dizə gətirən Azərbaycan Ordusunun və Ali Baş Komandanın fəaliyyətini bütün xalqımız yüksək qiymətləndirir. Qarabağın işğaldan azad olunmasında fədakarlıq nümayiş etdirən Prezident İlham Əliyevin adı Müzəffər sərkərdə kimi qızıl hərflərlə tarixə yazıldı”, - deyə Ə. Haqverdiyev bildirib.
Ə.Haqverdiyev deyib ki, imzalanan üçtərəfli bəyanat bizim qələbəmizin, Ermənistanın isə məğlubiyyətinin təsdiqidir: “Qarabağın açılmayan düyünü olan işğal prosesi rəşadətli Ordumuz və Müzəffər Ali Baş Komandan tərəfindən çözülüb. Çünki Azərbaycan Prezidenti dəfələrlə qeyd etmişdi ki, işğal faktı ilə barışmayacağıq. İndi işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi artıq diz çöküb. Prezidentin qeyd etdiyi kimi, Paşinyanın hansısa qaranlıq otaqda, zirzəmidə imzaladığı təslim aktı bizim tam qələbəmizdən xəbər verir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının qələbəsi ilə başa çatıb. Xalqımız, ordumuz və Ali Baş Komandanımızın birliyi sayəsində biz tam qalibik!”.
- Oxunub: 10380 |
- Tarix: 02-12-2020 |
-
Çap et |