“Fransa Senatının belə bir qərəzli qətnamə qəbul etməsi beynəlxalq hüquqa, eləcə də Cənubi Qafqazda sülhyaratma təşəbbüslərinə ziddir. Bu sənəd Azərbaycan, Rusiya və Ermənistanın üçtərəfli razılaşması nəticəsində imzalanmış bəyanata qarşıdır. Nəzərə alınmalıdır ki, Azərbaycanın şanlı qələbəsinin ardından imzalanmış bu bəyanat müharibənin dayanmasına və qan tökülməməsinə səbəb oldu. Artıq Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən boşaldılmasının son mərhələsindəyik. Bu gün Azərbaycana qarşı qərəz nümayiş etdirən Fransa dövləti nə üçün ermənilərin bizim torpaqlarımızda törətdiyi vəhşiliklərə qarşı çıxmır?! Ermənistan işğal altındakı bütün kəndlərimizi və şəhərlərimizi dağıdıb, evlərimizi, meşələrimizi yandırıb, sərvətlərimizi talayıb. Amma ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa “kor olub”, bunları görmür. Ermənilərin bizim məscidlərimizi, tarixi abidələrimizi nə vəziyyətə saldığını bütün dünya görür, amma Fransa görmür. Bunun qarşılığında Azərbaycanın qısa zamanda öz torpaqlarını azad etməsindən narahatlıq keçirir”. Bunu qəzetimizə açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib.
Onun sözlərinə görə, bu qətnamənin qəbulu Fransa Senatının orada yaşayan ermənilərin təsiri altında olduğunu, daha doğrusu, ermənilərin havasına oynadığını göstərir. “Bu sənədin heç bir hüquqi əsası yoxdur və Azərbaycan üçün heç bir əhəmiyyət daşımır. Fransa bu addımı ilə BMT TŞ-nin məlum 4 qətnaməsinə qarşı olduğunu, öz imzasına hörmət etmədiyini nümayiş etdirməkdədir. Nəhayət, bu mövqe Fransanın 30 ilə yaxın müddətdə “sülhyaratma missiyası”nın yalan olduğunu və əl altından Azərbaycan torpaqlarını ermənilərə vermək istədiyini ortaya qoyur. Özünü “demokratiyanın və azadlığın beşiyi” kimi qələmə vermək istəyən Fransa ikili standartlarla terrorçu Ermənistanın yanında yer aldı”, - deyə S.Rüstəmxanlı əlavə edib.
PƏRVİZ
- Oxunub: 1950 |
- Tarix: 02-12-2020 |
-
Çap et |