“ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Fransa neytral mövqe nümayiş etdirmək əvəzinə, işğalçı Ermənistanın maraqlarından çıxış edir və əsassız şəkildə Azərbaycana qarşı ittihamlar irəli sürür. Bu isə birbaşa həmsədr ölkə kimi qeyri-obyektiv və birtərəfli vasitəçilik missiyasının bariz nümunəsidir. Bununla da Fransa bir daha işğalçılığa və separatizmə dəstək verir”. Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev deyib.
Elşən Musayev bildirib ki, Fransa Senatında qəbul edilən “Dağlıq Qarabağ Respublikasının tanınmasının labüdlüyü” adlı qətnamə birbaşa Azərbaycan Respublikasının beynəlxalq səviyyədə, o cümlədən elə Fransa Respublikasının özü tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq hörmətsizlik deməkdir. Fransa Senatında qəbul edilən qətnamə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli və işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin heçə sayılmasıdır. Çünki bu 4 qətnamənin qəbul edilməsinə Fransa da səs verib və bu artıq Senatın öz-özünü inkar mənasını verir.
Partiya sədrinin sözlərinə görə, baş verən hadisələr fonunda bu sənəd Fransadakı erməni lobbisi və ermənipərəst qüvvələrin Senata təzyiq və təsirinin nəticəsidir: “Yenə də Fransadakı erməni lobbisi hər cür vasitələrə əl atır, erməni lobbisinin təsir dairəsində olan siyasətçilərin, parlament nümayəndələrinin vasitəsilə öz iddialarını gerçəkləşdirməyə çalışır. Görünür, Fransada belə təşəbbüslərlə çıxış edənlər Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində atılan addımları açıq şəkildə sabotaj etməyə çalışır, başqa sözlə Rusiya və Türkiyənin irəli sürdükləri təşəbbüsləri, münaqişənin həlli ilə bağlı atdıqları addımların praktiki nəticələrə səbəb olmasını həzm edə bilmirlər. Həmsədr ölkə olaraq münaqişə tərəflərinə yanaşmada Fransanın tərəfsizliyini və qərəzsiz mövqeyini qoruması onun məsuliyyətidir. Bütövlükdə, Fransa Senatı tərəfindən belə qərəzli mövqe ortaya qoyulması qəbuledilməzdir”.
NARDAR
- Oxunub: 1920 |
- Tarix: 02-12-2020 |
-
Çap et |