Bunun nəticəsidir ki, respublikamızın bölgələrində tütün istehsalındakı məhsuldarlıq yüksəlib
Məlum olduğu kimi, həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində həm bütövlükdə ölkəmizdə, həm də ayrı-ayrı regionlarda bütün sahələrdə uğurlar əldə edilib. Bu uğurlardan aqrar sahəyə də pay düşüb. Daha dəqiq desək, 2004-cü ildən həyata keçirilən və regionların sosial-iqtisadi inkişafını özündə ehtiva edən Dövlət proqramlarının uğurlu icrası öz növbəsində regionlarda aqrar sahənin inkişafında əsaslı rol oynayıb. Əksər ekspertlərin vurğuladıqları kimi sözügedən Dövlət proqramları ölkəmizdə tarixi ənənələri olan kənd təsərrüfatının daha yüksək inkişafına nail olunmasında, eyni zamanda, ixrac qabiliyyəti yüksək məhsulların yetişdirilməsində mühüm irəliləyişlərin qeydə alınmasında da vacib amilə çevrilib. Vurğulanmalıdır ki, bu Dövlət proqramları ilə yanaşı Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına yönəlik Fərman və sərəncamları da fermerlərin fəaliyyətinin stimullaşdırılmasına, onların bir sıra subsidiya və güzəştlərlə təmin edilməsinə şərait yaradıb. Bunun nəticəsidir ki, aqrar sahənin inkişafında, o cümlədən ölkəmizin ərzaq təhlükəsizliyinin təmini istiqamətində əsaslı nəticələr əldə edilib.
İxrac qabiliyyəti yüksək olan məhsulların yetişdirilməsi istiqamətində məqsədyönlü tədbirlər reallaşdırılır
Azərbaycanda aqrar sahədən danışarkən bir daha bildirmək yerinə düşər ki, ixrac qabiliyyəti yüksək olan məhsulların yetişdirilməsi dövlətin xüsusi diqqətindədir. Bu mənada strateji sahə olaraq tütünçülüyün inkişafı istiqamətində də mühüm addımlar atılır. Azərbaycan Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın əsas məqsədi də ölkədə tütünçülüyü inkişaf etdirmək, tütün məmulatları istehsalını artırmaq, emal müəssisələri yaratmaq, tütün məmulatlarının ixracını təşviq etmək və tütünçülüklə məşğul olan insanların gəlir əldəetmə imkanlarını genişləndirməkdir.
Vurğulanmalıdır ki, tütün tədarükünün artımı Bakı və Sumqayıt şəhərlərində emal müəssisələrinin də fəaliyyətini şərtləndirib. Yeri gəlmişkən, cari ilin fevral ayının 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı yekun nitqində Prezident İlham Əliyev bildirib ki, tütünçülüyün inkişafı sayəsində Sumqayıtda yeni siqaret fabriki yaradıldı, Bakı siqaret fabriki yenidən quruldu: “Biz daxili tələbatı tam ödəməliyik və ödəyəcəyik, ixrac da edəcəyik. Yoxsa ki, əvvəlki illərdə tütün tədarük etməyən ölkələr bizə siqaret satırdı. Bu, bir nonsensdir. Bizim tütünümüz də, şəraitimiz də var. Ona görə bax, bu, emal sənayesinin inkişafının təzahürüdür”.
Beləliklə, son illər ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində tütünçülük yenidən inkişaf etməyə başlayıb, regionlarda bu gəlirli sahəyə maraq göstərənlərin sayı xeyli artıb. Məlumat üçün bildirək ki, ölkəmizdə dövlət tərəfindən fermerlərə və məhsul istehsalçılarına 1 hektar sahədə tütün əkininə görə 280, yaş tütünün 1 tonunun qəbuluna görə 5, bir ton quru tütünün qəbuluna görə isə 50 manat subsidiya verilir. Eləcə də fermerlər üçün yaradılan şərait də tütün yetişdirilməsinin artımında mühüm amilə çevrilib. Belə ki, bölgələrdə tütünçülüklə məşğul olan fermerlər yetişdirdikləri məhsulları əsasən, yerlərdə yaradılan emal məntəqələrinə təhvil verirlər.
Bu il Azərbaycanda 3144 hektar sahədə tütün əkilib
Kənd Təsərrüfatı Nazirliyi İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, noyabrın 27-nə olan məlumata əsasən, fermerlər tərəfindən 6240,8 ton tütün yığılıb, qəbul məntəqələrinə 5355,4 ton quru tütün təhvil verilib. Tütünçü fermerlər tərəfindən aqrotexniki qulluq qaydalarına düzgün riayət edilməsi, şitil seçimi bu il orta məhsuldarlıq göstəricisinin yüksəlməsinə səbəb olub. Ötən ilin yekununda tütünçülükdə yekun orta məhsuldarlıq 19,3 sentner olub. Bu il yığım prosesi başa çatmasa da, orta məhsuldarlıq ötənilki göstəricidən yüksəkdir. Hazırda tütün yarpağı üzrə orta məhsuldarlıq 19,8 sentner təşkil edir ki, bu da ötənilki göstəricidən 0,5 sentner çoxdur. Eyni zamanda məhsul yığımı davam etdiyindən orta məhsuldarlıq göstəricisinin daha da artacağı gözlənilir.
Qeyd edək ki, bu il Azərbaycanda 3144 hektar sahədə tütün əkilib, 3141,5 hektar sahədə bitiş alınıb. 2020-ci ildə Azərbaycanın 12 rayonunda və Naxçıvan Muxtar Respublikasında tütün əkilib. Əkin sahələrinin yarıdan çoxu ənənəvi tütünçülük bölgələrindən olan Şəki, Qax və Oğuz rayonlarının payına düşür. 2020-ci ildə Şəkidə 1108 hektar, Qaxda 496,5 hektar, Oğuzda isə 269 hektar sahədə tütün əkilib. Tütün üzrə orta məhsuldarlıq Şəkidə 33,2 sentner, Qaxda 13,9 sentner, Oğuzda 14,9 sentner təşkil edir. Zaqatala, Balakən, Qəbələ, Tovuz, İsmayıllı, Goranboy, Lerik, Masallı və Yardımlı rayonlarında da fermerlər sahələrdən bol məhsul götürüblər.
Ümumiyyətlə, tədarükçülər fermerlərdən təhvil aldıqları tütün məhsulu ilə bağlı məlumatları, o cümlədən alqı-satqı müqavilələrini və qəbzləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edirlər. Məlumatlar yoxlanıldıqdan sonra müvafiq subsidiya məbləğləri fermerlərin kartlarına köçürülür. 2020-ci ildə tütün üzrə məhsul subsidiyasının verilməsinə dekabrın ikinci ongünlüyündə başlanacaq. Hazırda sahələrdə yığım davam edir, yığım prosesinin optimal müddətdə başa çatdırılması gözlənilir.
Eyni zamanda respublikamızın şimal-qərb bölgəsi rayonlarında “Azərtütün ASK” MMC-yə məxsus tütün sahələrində isə yaş tütün yarpağının dərimi başa çatıb. Mövsüm ərzində cəmiyyətin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 14 min 773,5 ton yaşıl tütün kütləsi daxil olub. Bu barədə “Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev məlumat verib. Şöbə müdirinin sözlərinə görə, tütün istehsalı və emalı məntəqələri indiyədək Şəki rayonu üzrə istehsalçılardan 5 min 15,6 ton, Zaqatala rayonu üzrə 3 min 677,3 ton, Qax rayonu üzrə 3 min 67,4 ton, Balakən rayonu üzrə isə 3 min 13,2 ton yaşıl tütün kütləsi qəbul edib. İndiyədək bu rayonlardakı emal məntəqələrində 2 min 146 ton 586 kiloqram quru tütün istehsal olunaraq anbarlara yığılıb. Nəzərə alsaq ki, hazırda emal məntəqələrində 124 kamerada yaş tütünün qurudulması prosesi hələlik davam edir, quru tütün istehsalının daha da artacağı gözlənilir.
Mütəllib Mustafayev qeyd edib ki, builki mövsümdə emal məntəqəsinə Qax rayonundan olan fermer Telman Şahmalıyev bölgə üzrə hamıdan çox yaşıl tütün kütləsi təhvil verib - 352,4 ton. Balakəndən İmran Cumayev mövsüm ərzində məntəqəyə 294,8 ton, Zaqatala rayonundan Vüqar Süleymanlı 207,8 ton, Şəkidən Mayıl Məmmədov isə 186 ton yaş tütün gətirib.
Onu da qeyd edək ki, “Azərtütün ASK” MMC tərəfindən builki mövsümdə respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 1527,5 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib.
İsmayıllı, Şəki və Oğuz rayonlarında məhsuldarlıq qənaətbəxşdir
Konkret faktlara gəlincə, deyə bilərik ki, İsmayıllı rayonunda cari ildə 60 ton quru tütün yarpağı tədarük olunub. İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, builki mövsümdə İsmayıllının 13 kəndində ümumilikdə 30 hektar sahədə tütün əkilib. Əkilən sahələrin hər hektarından 20 sentner məhsul götürülüb. Yığılan tütün yarpağı qurudularaq alıcı şirkətlərə təhvil verilib. Tütünün əkilməsində, yığılmasında və qurudularaq təhvil verilməsində Qalınçaq və İvanovka kəndləri daha yaxşı nəticə göstərib.
Şəki rayonunda da məhsuldarlıq qənaətbəxş olub. Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, bu il Şəki rayonunun təsərrüfatlarında 1108 hektar sahədə tütün əkilib. Şəkili fermerlər cari mövsümdə 598,5 hektar sahədə “Virciniya botaniki”, 509,5 hektarda isə yerli tütün sortları yetişdiriblər. Qeyd edək ki, ötənilki mövsümdə şəkili fermerlər 1061 hektar sahədən 3 min 642 ton quru tütün əldə etmişdilər.
Məlum olduğu kimi, ölkəmizdə ənənəvi sahələrdən olan tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, tütünün satış qiymətinin artırılması oğuzlu fermerlərin də tütünçülüyə marağının artmasına səbəb olub. Şimal-qərb bölgəsinin digər rayonları kimi, Oğuz rayonunda da gəlirli istehsal sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər artıq öz müsbət nəticəsini göstərir. Belə ki, bu il rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 2,4 dəfədən çox artırılaraq 269 hektara çatdırılıb. Cari mövsümdə sahələrə əsasən “Virciniya botaniki” növlü tütün əkilib. Tütünün yetişdirilməsi ilə əlaqədar 65 fermerlə müqavilə bağlanılıb.
Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, torpaq mülkiyyətçiləri mövsümün əvvəlindən bu günədək rayonun Bucaq, Bayan və Sincan kəndlərində fəaliyyət göstərən emal məntəqələrinə 4 min tondan çox “Virciniya botaniki” növlü yaş tütün təhvil veriblər. İndiyədək bu emal məntəqələrində 400 tonadək quru tütün istehsal olunub. Xatırladaq ki, keçən il oğuzlu fermerlər 110 hektar sahədən 215,6 ton quru tütün əldə ediblər.
Tütünçülük Yardımlı rayonunda ənənəvi təsərrüfat sahələrindən biridir
Tütünçülük Yardımlı rayonunda da ənənəvi təsərrüfat sahələrindən biridir. Rayonda uzun müddət tənəzzül dövrünü yaşayan tütünçülük dövlət dəstəyi ilə yenidən dirçəlməyə başlayıb. Yardımlı Rayon Statistika İdarəsindən verilən məlumata əsasən, bu il rayonda tütünçülüklə məşğul olan fermerlər və təsərrüfat sahibləri tərəfindən 31,5 hektar sahədə tütün əkini aparılıb. Son məlumatlara əsasən, rayonda fəaliyyət göstərən qurutma sexində 80 tondan çox yaş tütün yarpağı qəbul edilib və 10 tondan çox quru tütün əldə olunub.
Nardar BAYRAMLI
- Oxunub: 2730 |
- Tarix: 02-12-2020 |
-
Çap et |