“Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları birgə bəyanat torpaqlarımızın 30 ildir davam edən işğalına son qoydu. Belə ki, Ermənistanın təslim olması, sülhə məcbur edilməsi və işğal olunmuş torpaqlardan düşmən qoşunlarının çıxarılması dövlətimiz, xalqımız üçün çox əhəmiyyətli hadisədir”.
Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı Qadınlar Şurasının sədri Ramidə İbrahimova deyib.
R.İbrahimovanın sözlərinə görə, Şuşanın işğaldan azad edilməsi müharibənin dayandırılmasını və Azərbaycanın işğal altındakı ərazilərinin qeyd-şərtsiz boşaldılmasını təmin edən 10 noyabrda elan edilən üçtərəfli bəyanat Azərbaycan tarixinin zəfər səhifələridir. Hazırda Azərbaycanın üçrəngli bayrağı Qarabağın ən yüksək zirvələrində dalğalanır.
“Bütün dünya Azərbaycan dövlətinin, ordusunun gücünü və qüdrətini bir daha gördü. Bizim cəbhədə əldə etdiyimiz qələbələr düşməni təslim olmağa məcbur etdi. Eyni zamanda, imzalanan birgə bəyanatdakı bütün müddəalar Azərbaycanın maraqlarına cavab verir. Beləliklə, illərdir məcburi köçkün həyatı yaşayan soydaşlarımız həsrət qaldıqları öz yurdlarına qovuşacaqlar. İşğal altındakı 3 rayonun qısa müddətdə boşaldılması ilə yanaşı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru nəqliyyat yolunun təmin olunması böyük uğurdur. Ən əsası isə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına görə Ali Baş Komandana minnətdarıq”, - deyə R.İbrahimova qeyd edib.
NARDAR
- Oxunub: 2430 |
- Tarix: 26-11-2020 |
-
Çap et |