“Noyabrın 10-dan etibarən müstəqil Azərbaycanın dövlətçilik tarixinin yeni bir erası başladı, desək, heç də yanılmarıq”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədri Maqsud Süleymanlı deyib.
Əslən Şuşa şəhərindən olan Maqsud Süleymanlı qəzetimizə açıqlamasında bildirib ki, cənab Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi dövründə düşmənə vurduğu sarsıdıcı zərbələr sonda işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndi: “Tarixin səhifələrini vərəqləyib 30 il əvvələ qayıtsaq görərik ki, o zamankı səriştəsiz hakimiyyət rəhbərlərinin xəyanəti nəticəsində doğma torpaqlarımız Ermənistan tərəfindən işğal edildi. Bu, həm də, o dövr üçün doğulan uşaqların həyatında, onların gələcəyində bir ağrı, bir utanc hissi idi. Qarlı, şaxtalı qış gecələrində öz doğma torpaqlarından zorla çıxarılan uşaqlar bu günə kimi qisas hissi ilə yaşayaraq yenidən öz doğma torpaqlarına tank üzərində qayıdacaqları günü gözləyirdilər. Və o gün gəldi. Azərbaycan gəncləri öz canları, qanları ilə Vətən müharibəsində şanlı tarix yazdılar”.
Maqsud Süleymanlı əlavə edib ki, cənab Ali Baş Komandanın qətiyyətindən, iradəsindən güc alan qəhrəman Azərbaycan əsgəri Qələbə dastanı yazdı: “Möhtərəm Prezidentimizin hər bir qətiyyətli və inamlı çıxışı ön cəbhədə rəşadətli Azərbaycan əsgərinə, arxa cəbhədə isə xalqımıza döyüş əzmi, qələbə əzmi bəxş etdi. Bu güc, bu iradə, bu məqsədyönlü siyasət, bizi məhz Ali Baş Komandanın rəhbərliyi ilə yenidən 30 ildən sonra doğma Qarabağa, ana vətənim Şuşaya qovuşdurdu. Bu gün artıq Azərbaycan gəncliyinin qarşısında Qarabağın işğaldan azad olunması yox, onun çiçəklənməsi, inkişafı vəzifəsi dayanır. Bizlərə yaşadılan bu qələbə sevincinə görə cənab Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna minnətdarıq. Mənə yaradılan bu imkandan istifadə edib demək istəyirəm ki, cənab Prezident əmin ola bilərsiniz ki, bütün Azərbaycan gəncləri, o cümlədən Sədri olduğunuz Yeni Azərbaycan Partiyasının gəncləri Sizi dəstəkləyir və Sizin ətrafınızda bir yumruq kimi möhkəm dayanıb. Dünən Sizin çağırışınız və rəhbərliyinizlə cəbhədə düşmənə sarsıdıcı zərbə vuran gənclik, bu gün də işğaldan azad olunan torpaqlarımızda aparılacaq quruculuq işlərinin önündə getməyə hazırdır”.
- Oxunub: 2070 |
- Tarix: 26-11-2020 |
-
Çap et |