“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev Ağdam rayonuna qalib sərkərdə kimi səfər etdi. Ölkə Prezidenti işğaldan azad edilmiş rayonumuzda Azərbaycan bayrağını ucaltdı, milli-mənəvi dəyərlərimizə hörmət əlaməti olaraq Ağdam Cümə məscidində oldu, məscidə “Qurani-Kərim” bağışladı. Təbii ki, bütün bunlar rəmzi xarakter daşıyır. Azərbaycan Ağdamı bir güllə atmadan, şəhid vermədən azad etdi. Bunu, Azərbaycan Silahlı Qüvvələrinin 44 gün ərzində əldə etdiyi qələbələr, o cümlədən diplomatik sahədə qazanılan uğurlar şərtləndirdi. Cənab Prezidentin Ağdama səfərində bir məqam çox mühümdür: Ağdam bərpa olunacaq, Azərbaycan dövləti Qarabağı yenidən cənnətə çevirəcək. İstər Ağdam, istərsə də işğaldan azad edilmiş digər bölgələrimizin, eləcə də ətraf mühitin bərpası üçün Azərbaycan hər şey etməyə qadirdir və bunu edəcək. Bizi qarşıda böyük işlər gözləyir və Azərbaycan dövləti bu istiqamətdə hər bir zəruri addımı atacaq”.
Bunu qəzetimizə açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib. Onun sözlərinə görə, ölkəmizin əldə etdiyi qələbənin ardından bəzi xarici dövlətlərin, konkret olaraq Fransanın beynəlxalq hüququn normalarına zidd bəyanatlar verməsi, bu dövlətin özünün imicinə ziyan gətirir. A.Mollazadə vurğulayıb ki, artıq Fransa rəhbərliyi bu məsələ ilə bağlı ard-arda bir-birinə zidd bəyanatlar səsləndirməyə başlayıb. “Bir tərəfdən sülh prosesindən narazılıq ifadə edən Fransa sonradan prezident səviyyəsində Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi. Görünür ki, bu arada kimsə Makrona izah etdi ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Qarabağın Azərbaycana məxsus olması haqqında qətnamələri imzalayıb və onun erməni təşkilatlarının, lobbisinin təsiri ilə dediyi fikirlər yanlışdır, beynəlxalq hüquq normalarının riayət edilməməsi kimi anlaşılır. Ümidvarıq ki, Fransa hansısa bir lobbinin təzyiqi ilə deyil, beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edəcək”, - deyə A.Mollazadə əlavə edib.
- Oxunub: 1980 |
- Tarix: 26-11-2020 |
-
Çap et |