“Müzəffər Ordumuzun 44 gün ərzində döyüş meydanında əldə etdiyi qələbə Ağdam, Kəlbəcər və Laçın rayonlarının qan tökülmədən azad olunmasında əsaslı rol oynadı. Eləcə də bu zəfər möhtərəm Prezidentimizin düşünülmüş, zərgər dəqiqliyi ilə müəyyənləşdirilmiş strategiyasının bəhrəsidir. Cənab Prezident Ağdam rayonuna səfəri zamanı çıxışında bildirdi ki, ermənilər Azərbaycan Ordusunu Ağdam rayonundan gözləyirdi və ən böyük qüvvələrini, əsas istehkamlarını burada cəmləşdirmişdilər. Amma Azərbaycan Ordusu Arazboyu ərazilərdən əks-hücum əməliyyatlarına başladı, qısa zamanda Şuşaya şanlı bayrağımızı sancdı”.
Bunu qəzetimizə açıqlamasında “Ana Vətən” Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etməsinin ardından ermənilər təslimçilik bəyanatına imza atdılar. Bu bəyanatı Azərbaycanın qələbəsi adlandıran F.Ağamalı Ali Baş Komandanın siyasi diplomatik qətiyyəti nəticəsində 3 rayonun qan tökülmədən işğaldan azad edilməsinə nail olunduğunu dilə gətirib. “44 günlük müharibə erməni vandallığını, vəhşiliyini və yırtıcılığını bütün dünyaya nümayiş etdirdi. Onların əsl mahiyyəti üzə çıxdı. İşğaldan azad edilən Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonunun yaşayış məntəqələri, kəndlərimiz barbarlıqla dağıdılıb, tarixi abidələrimiz yerlə-yeksan edilib. Bu vəhşi tayfa hətta dini dəyərlərə belə hörmət göstərməyib, dini abidələri təhqir edib. Erməni faşizmi bütün bəşəriyyətə ləkədir. Qeyri-qanuni şəkildə Kəlbəcərdə, Ağdamda məskunlaşan və bu gün oranı tərk edənlər vəhşicəsinə evləri, meşələri yandırmaqla öz kimliklərini ortaya qoyurlar. Onların mahiyyəti budur. Amma artıq işğal olunmuş torpaqlarımız boşaldılır və tarixi ədalət bərpa olunur. Mən bir daha qələbə münasibətilə möhtərəm Prezidentimizi və xalqımızı ürəkdən təbrik edirəm”, - deyə F.Ağamalı əlavə edib.
- Oxunub: 1950 |
- Tarix: 26-11-2020 |
-
Çap et |