İmzalanan üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi, Ağdam rayonu noyabrın 20-də işğalçı Ermənistan ordusu tərəfindən tam boşaldılıb
Məlum olduğu kimi sentyabrın 27-də işğalçı Ermənistanın növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq ordumuz tərəfindən başlanılan və 44 gün davam edən Vətən müharibəsi düşmən ölkənin acınacaqlı məğlubiyyəti ilə başa çatdı. Hərb meydanında müzəffər Azərbaycan Ordusunun qalibiyyət nəticəsində təcavüzkar ölkə təslim oldu, üçtərəfli bəyanata, kapitulyasiyaya imza atdı. Vurğulanmalıdır ki, artıq Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq, Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilir. Bəyanatda nəzərdə tutulduğu kimi Ağdam rayonu noyabrın 20-də işğalçı Ermənistan ordusu tərəfindən tam boşaldılıb və Azərbaycan Ordusunun hissələri əraziyə daxil olub.
Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonuna daxil oldu
Qeyd edilməlidir ki, Ermənistanın hərbi xuntası artıq 27 ildir işğal altında olan Ağdam rayonu ərazisində öz mühüm istehkam işlərini aparmışdı. Belə ki, Ağdam rayonunun ərazisi üzrə keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamları mürəkkəbliyi ilə seçilmiş, bir neçə müdafiə xəttindən ibarət olunmuş və müasir standartlar tətbiq edilməklə hazırlanmışdı. Bu səddin keçilməsi isə ciddi texnika və insan itkisi olmadan faktiki mümkün deyildi. Ancaq Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi, o cümlədən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində ərazilərimizin işğaldan azad edilməsi Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Beləliklə, ermənilər tarixi Azərbaycan torpağı olan Ağdam rayonunu boşaltdılar, Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonuna daxil oldu. Bundan sonrakı qısa zaman kəsiyində isə Kəlbəcər və Laçın rayonlarının boşaldılması və Azərbaycana təhfil verilməsi prosesi də uğurla başa çatacaq.
Göründüyü kimi, Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət mürəkkəb müdafiə sisteminə malik ərazilərin heç bir itki vermədən, döyüşsüz azad edilməsinə şərait yaratdı. Ən əsası isə, Ağdam rayonu kimi strateji bir ərazinin məhz bu cür azad edilməsi Azərbaycanın bu müharibədəki qəti qalibiyyətinin növbəti təsdiqinə çevrildi. Yerləşdiyi regionun iqtisadi-siyasi lideri olan Azərbaycan dövlətinin qısa zamanda Ağdam rayonunu yenidən inşa edəcəyinə, illərdir yurd-yuvasından didərgin düşmüş vətəndaşlarımız üçün yüksək şəraitin yaradılacağına isə şübhə yoxdur.
Ağdam Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir
Vurğulayaq ki, Ağdam Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir. Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Üçoğlantəpə, Leylatəpə və Üzərliktəpədə aparılmış arxeoloji qazıntılar da bunu təsdiq edir. Üzərliktəpə Qafqazda ilk şəhərtipli yaşayış məskəni də hesab edilir. Qədim alban tayfalarından olan qarqarlar da Ağdam ərazisindəki Qarqarçayı boyunca məskunlaşıblar.
Ağdam özündə çox qədim mədəni-tarixi irsi daşıyır. Xındırıstan kəndində yerləşən Üzərliktəpə abidəsi, rayonun Xaçındərbənd kəndindəki Qutlu Sarı Musa oğlu gümbəzi (1314-cü il), Kəngərli kəndindəki türbə və daş abidələr (XIV əsr), Papravənd kəndindəki türbələr, məscid (XVIII əsr), Xanoğlu türbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), Natəvan və onun oğlunun türbəsi (XIX əsr), Şahbulaq qalası və s. məhz tarixi memarlıq abilərindəndir. Rayonun adı da Qarabağ xanlığı ilə əlaqədardır. Belə ki, vaxtilə Qarabağ xanı Pənahəli xan bu ərazidə ağ daşlardan ibarət yay sarayı inşa edib, bu imarət ərazidə bir növ istiqamət ünvanına çevrilib. Bu mənada "Ağdam" – nurlanmış işıqlı, ağ ev anlamındadır. Pənahəli xanın imarəti” adı ilə tanınan abidə isə dağınıq şəkildə dövrümüzə gəlib çatmış iki binadan ibarətdir. Çox güman ki, ilkin çağında bu kompleksə daha çox bina daxil imiş. Bu kompleks Pənahəli xanın 1738-ci ildə – Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilib.
Yeri gəlmişkən, Ağdam rayonunda olan tarixi abidələrin əksəriyyəti işğal dövründə məhv edilib. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın olunub. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan Məscid və onun minarələri də vəhşicəsinə dağıdılıb. Ümumiyyətlə, Ağdamda 145 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Onlardan 1-i dünya əhəmiyyətli memarlıq, 3-ü dünya əhəmiyyətli arxeoloji, 3-ü ölkə əhəmiyyətli memarlıq, 96-sı ölkə əhəmiyyətli arxeoloji, 26-sı yerli əhəmiyyətli memarlıq, 4-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi, 4-ü yerli əhəmiyyətli arxeoloji abidələrdir. Rayon ərazisində yerləşən Şahbulaq qəsri, Qutlu Xacə Musa oğlu türbəsi, Pənahəli xanın imarəti, Pənahəli xanın türbəsi, Ağdam Cümə məscidi Azərbaycan Respublikası ərazisində mövcud olan daşınmaz tarix-mədəniyyət abidələri içərisində xüsusi önəmə malikdir.
İşğala qədər Ağdamda həmçinin 15 mineral xammal yatağı mövcud idi ki, bunlar əsasən, yeraltı içməli su, qeyri-filiz və inşaat materialları yataqları idi. Burada Qarqarçay şirin su yataqları, Gülablı üzlük daşı, Boyəhmədli sement xammalı yatağı, Çəmənli gil, Qarqarçay və Xaçınçay qum-çınqıl yataqları böyük əhəmiyyət daşıyırdı.
Rayonun meşə fondu isə 4743 hektardır ki, işğal dövründə onların xeyli hissəsi Ermənistan tərəfindən məhv edilib. Ağdamda 85 ədəd Şərq çinarı növünə məxsus qədim ağaclar təbiət abidələri kimi qeydə alınmışdı. Bunlardan hündürlüyü 25 metr, yaşı isə 440 il təşkil edən 71 ədədi Boyəhmədli kəndində idi.
Pərviz SADAYOĞLU