Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Regionlarda Dövlət Proqramının icrası ilə əlaqədar bütün lazımi tədbirlər həyata keçirilir

Regionlarda Dövlət Proqramının icrası ilə əlaqədar bütün lazımi tədbirlər həyata keçirilir

28.02.2020 [09:29]

2019-cu il Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan Xaçmaz və Siyəzən rayonlarında da sosial-iqtisadi sahədə uğurların əldə olunması ilə yadda qalıb
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının yüksək səviyyədə icrası şəhər və rayonların uğurlu inkişafını təmin edib. Bu proqramlar çərçivəsində görülən tədbirlər nəticəsində regionlarda əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə nail olunub, müasir və yüksək səviyyədə infrastruktur quruculuğu həyata keçirilib, əhalinin təbii qaz, elektrik enerjisi, içməli su ilə təminatında mövcud olan çatışmazlıqlar aradan qaldırılıb. Eyni zamanda, təhsil, səhiyyə, mədəniyyət və idman infrastrukturunun yenilənməsi istiqamətində davamlı layihələr həyata keçirilir. Hazırda icra olunan “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da bu mənada xüsusi əhəmiyyətə malikdir. Dördüncü proqram çərçivəsində ölkə qarşısında duran əsas infrastruktur vəzifələri icra olunmaqdadır və ölkəmizin gələcək inkişafı üçün daha güclü və əlverişli imkanlar yaradılır. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bu proqram çərçivəsində qarşıda duran vəzifələri diqqətə çatdıraraq, eyni zamanda, ötən il görülmüş işləri yüksək qiymətləndirib. Dövlətimizin başçısı qeyd edib ki, keçən il ərzində proqramın icrası ilə bağlı bütün lazımi tədbirlər görülüb: “Deyə bilərəm ki, proqram artıqlaması ilə icra edilib. Proqramda nəzərdə tutulmuş məsələlər həll olunub”.
Xaçmaz rayonunda yerli istehsalın artırılması, ərzaq bolluğunun yaradılması istiqamətində ciddi addımlar atılıb
Ötən il Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan rayonlarda da müxtəlif istiqamətlərdə uğurların əldə olunması ilə yadda qalıb. Belə ki, bu iqtisadi rayona daxil olan Xaçmaz Rayon İcra Hakimiyyətində ötən ilin sosial-iqtisadi yekunlarına dair iclasda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, rayonda yerli istehsalın artırılması, ərzaq bolluğunun yaradılması istiqamətində ciddi addımlar atılıb. Belə ki, ötən dövr ərzində görülmüş işlər nəticəsində rayonda ümumdaxili məhsulun həcmində artım müşahidə olunub, kənd təsərrüfatı məhsullarının istehsalında ixrac payı yüksəlib, adambaşına düşən məhsul buraxılışının artımı isə əhalinin gəlirlərinin artmasını şərtləndirib. Bundan əlavə, rayonda bir çox sahələr üzrə infrastruktur layihələr də uğurla icra edilib. On iki min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolu təmir edilib, yeni modul məktəblər istifadəyə verilib və bir çox mühüm layihələr həyata keçirilib.
Siyəzən rayonunda da 2019-cu ildə sosial-iqtisadi inkişaf dinamikası müsbət olub
Ölkəmizin bütün bölgələrində olduğu kimi, Siyəzən rayonunda da 2019-cu ildə sosial-iqtisadi inkişaf dinamikası müsbət olub. Siyəzən rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayon iqtisadiyyatının əsas sahələri üzrə ümumi məhsul buraxılışının həcmi 79,4 milyon manat və ya 36,3 faiz artaraq 309,8 milyon manata çatıb. Ümumi məhsul buraxılışının 146,1 milyon manatı və ya 47,2 faizi tikintinin, 101,8 milyon manatı və ya 32,8 faizi kənd təsərrüfatının, 31,4 milyon manatı və ya 10,1 faizi sənayenin, 28,7 milyon manatı və ya 9,3 faizi ticarətin, 1,8 milyon manatı və ya 0,6 faizi nəqliyyat və rabitə sektorunun payına düşüb. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 49,8 faiz təşkil edib.
Məlumatda bildirilir ki, 2019-cu ildə sənaye müəssisələri, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 31,4 milyon manat həcmində sənaye məhsulları istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. Mədənçıxarma sənayesində 50,6 min ton neft, 8,4 milyon kubmetr qaz hasil edilib. Emal sənayesində 43,6 min dekalitr şərab, 5505,5 ton sərt plastmasdan boru və sair tikinti avadanlıqları istehsal edilib. “Ötən il bütün mülkiyyət növləri üzrə, o cümlədən əhalinin şəxsi vəsaiti də daxil olmaqla iqtisadiyyatın və sosial sahələrin inkişafına 180,9 milyon manat investisiya yönəldilib ki, bu da əvvəlki il ilə müqayisədə 97,9 faiz çoxdur. Əhalinin pul gəlirləri əvvəlki il ilə müqayisədə 6,2 faiz artaraq 130,3 milyon manata, adambaşına düşən məbləğ 3096 manata çatıb. Muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 494,4 manat olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,6 faiz çoxdur. Ölkə üzrə muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 16,6 faiz artaraq 634,8 manat olub. Yola saldığımız ildə rayonda 706 daimi, 343 müvəqqəti iş yeri yaradılıb. Rayonumuzda hazırda 31,5 min nəfər əmək ehtiyatı vardır. Bunun 22,3 min nəfəri iqtisadi-fəal, 9,2 min nəfəri iqtisadi qeyri-fəal əhalidir. İqtisadi-fəal əhalinin 21,2 min nəfəri və ya 67,3 faizi daimi məşğul əhalidir. Bu isə əvvəlki illə müqayisədə 200 nəfər çoxdur. Rayonumuzun demoqrafik inkişafında da müsbət dinamika davam etmişdir”, - deyə məlumatda qeyd olunur.
2019-cu il Siyəzən rayonunda sahibkarlığın inkişafı baxımından da uğurlu il olub. Belə ki, rayonda sahibkarlığın inkişafı üçün əlverişli mühit, kifayət qədər ehtiyat mənbələri var. Hazırda 158 hüquqi, 3415 fiziki şəxs olmaqla rayonda 3573 sahibkarlıq subyekti fəaliyyət göstərir. Ötən il 9 özəl sahibkarlıq müəssisəsi yaranıb. Həmçinin hesabat dövründə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 7 nəfər hüquqi və fiziki şəxsə tikinti aparmaq məqsədi ilə torpaq sahəsi ayrılıb. 2019-cu ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 7 sahibkara 9,7 milyon manat kredit verilib, bunun hesabına 202 yeni iş yeri yaradılıb.
Ötən il rayonda fəaliyyət göstərən banklar tərəfindən də 2780 nəfərə 9,1 milyon manat kredit verilib. Bu rəqəmlər rayonumuzda sahibkarlığın inkişafına göstərilən dəstəyin ən yaxşı göstəricisidir. 2019-cu ildə sahibkarlar tərəfindən 113,8 milyon manat dəyərində 17 investisiya layihəsi üzrə işlərin icrası davam edib. Yerli investorlar tərəfindən davam edən bu layihələrə qoyulan vəsaitin 68,4 milyon manatı 2019-cu ilin payına düşür.
“Siyəzən-Broyler” ASC tərəfindən yatırılmış investisiya hesabına quş əti istehalının ildə 15 min tondan 45 min tona çatdırılması üçün mükəmməl infrastruktur yaradılıb. Yeni kəsim, qarışıq yem, inkubatoriya, tullantıların təkrar emalı sexləri və quş yetişdirmək üçün əlavə sexlər tikilib. Bundan əlavə, 200 hektar sahədə 67 min badam, 55 116 ədəd zeytun tingləri, istixana şəratində 23 min nektarin, alça, şaftalı tingləri, 35 hektar qarğıdalı və 35 hektar yonca əkilib və fabrikdə 200 yeni iş yeri yaradılıb.
Zarat kəndində 10 min tonluq taxıl anbarı kompleksi və logistik mərkəz investisiya qoyuluşu hesabına genişləndirilib və taxıl qəbuletmə həcmi artırılaraq 42 min tona çatdırılıb. Burada əlavə anbarlar tikilib, digər kənd təsərrüfatı məhsullarının qəbuluna imkan yaradılıb və hazırda işlər davam etdirilir.
İntensiv üsulla bağların salınması istiqamətində əsaslı işlər görülür
Yola saldığımız ildə fermerlər və fərdi mülkiyyətçilər tərəfindən 90 hektar intensiv üsulla becərilən yeni bağlar salınıb. Yenikənd kəndi yaxılığında “FREŞ QROUP” MMC tərəfindən giləmeyvə (qaragilə) istehsalı məqsədilə mükəmməl bir layihənin icrasına başlanılıb. Qaragilə kolları Avropa ölkələrindən gətirilir və burada müasir becərmə texnologiyasına uyğun olaraq yetişdirilir. Ümumi ərazisi 28 hektardır, hazırda bunun 5 hektarında 30 min qaragilə kolu əkilmiş və işlər davam etdirilir. Siyəzən şəhəri yaxınlığında intensiv üsulla becərilən 3 hektar sahədə 20 min giləmeyvə (malina) kolları əkilib, hazırda daha 1,5 hektar sahədə əkin işləri aparılır.
Qeyd etmək lazımdır ki, giləmeyvə istehsalı ən çox əmək tutumlu sahədir və təkcə bu sahəyə ötən müddətdə 30 nəfərdən çox işçi daimi işə cəlb olunub. Nəzərə alsaq ki, işə cəlb olunanlar Siyəzən şəhəri və Yenikənd kəndindən olan evdar qadınlardır, onda layihələrin rayon üçün olan əhəmiyyəti daha da artır. Bütün bunlar onu göstərir ki, rayonda həyata keçirilən tədbirlər kənd təsərrüfatının qeyri-ənənəvi sahələrinin inkişafına da təkan verib. Siyəzən şəhərində ayrı-ayrı sahibkarlar tərəfindən yatırılmış investisiya hesabına tikintialtı sahəsi 2500 kvadratmetr olan şadlıq sarayı, tikintialtı sahəsi 431 kvadratmetr olan mağaza-kafe və bir neçə kiçikölçülü mağaza və ictimai iaşə obyektlərinin tikintisi davam etdirilmiş, çoxmərtəbəli yaşayış binasının və 30 yerlik 4 mərtəbəli hotelin tikintisinə başlanılmışdır.
2019-cu ildə Siyəzən rayonunun sosial-iqtisadi həyatı ilə bağlı bir neçə nəzərdə tutulmuş vacib layihələrin yerinə yetirilməsi təmin edilib. Dövlət Proqramına uyğun olaraq 2 modul tipli məktəb quraşdırılıb, şəhərin çirkab sularının axıdılması üçün nəzərdə tutulan “Təmizləyici Qurğu”nun tikintisi başa çatdırılaraq istifadəyə verilib. İl ərzində ümumi uzunluğu 24,8 kilometr olan “Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çandahar” avtomobil yolunun tikinti işləri davam etdirilib. Hazırda rayon ərazisində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi aparılır. O cümlədən rayonda abadlıq-quruculuq, tikinti, yolların və mənzil fondunun əsaslı təmiri və tikintisi işləri diqqət mərkəzində olub, görülən işlərə büdcə vəsaiti hesabına 600 min manat, ictimai əsaslarla 78,8 min manat vəsait sərf edilib.
Hesabat dövründə rayon mərkəzində, yaşayış məntəqələrində mənzil-məişət, yol-tikinti, su təchizatı və digər sosial infrastrukturun möhkəmləndirilməsi istiqamətində tədbirlər görülüb. Siyəzən şəhərində çoxmərtəbəli yaşayış binalarının ətrafının abadlaşdırılması məqsədi ilə “Abad məhəllə” layihəsi çərçivəsində abadlıq və quruculuq işləri davam etdirilib. Həmçinin bir sıra daxili yolların təmiri işləri davam etdirilib, çoxmərtəbəli yaşayış binalarının ətrafının abadlaşdırılması işləri həyata keçirilib. Şəhərin mənzil fondunda da əsaslı təmir işləri aparılıb.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 147 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31