Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xocalı soyqırımı insanlıq tarixinə ən qəddar kütləvi terror aktlarından biri kimi daxil olub

Xocalı soyqırımı insanlıq tarixinə ən qəddar kütləvi terror aktlarından biri kimi daxil olub

21.02.2020 [09:33]

Bu soyqırımında 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca ermənilər tərəfindən amansızlıqla qətlə yetirilib
Dünya tarixinin ən qanlı faciələrindən biri sayılan Xocalı soyqırımının 28-ci ildönümüdür. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin də qeyd etdiyi kimi, bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olub.
Qeyd edək ki, Xocalı faciəsi bir gecədə baş verən hadisə sayıla bilməz. Xocalıya qədər 1992-ci ilin fevralında Malıbəyli və Quşçular kəndlərinin ardından Dağlıq Qarabağın ən iri yaşayış məskənlərindən olan Qaradağlı ermənilərin əlinə keçdi. Kənd əhalisi vəhşicəsinə qətlə yetirildi. Artıq 1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmişdi, yüksək mövqelər ermənilər tərəfindən tutulmuşdu. Ermənilər üçün əsas hədəf Xocalı idi.
Fevralın 25-də Xocalı dəhşətli dərəcədə artilleriya və digər hərbi texnikadan atəşə tutulmağa başlayıb. Bu faciənin törədilməsində yenə də 366-cı alayın texnikasından geniş istifadə olunub. Ümumiyyətlə, bu alay Xocalı ilə yanaşı, Azərbaycanın digər kəndlərinin də atəşə tutulmasında dəfələrlə iştirak edib. Bunun əsas səbəblərindən biri də alayda xeyli sayda erməninin olması idi. Yeri gəlmişkən, 366-cı alaydan Xocalıya edilən hücuma rəhbərlik edən şəxslər arasında Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş prezidenti Serj Sarkisyan da olub.
Bu soyqırımında 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca bir neçə saatın içində Ermənistan silahlı qüvvələri tərəfindən milli zəmində amansızlıqla qətlə yetirilib, 487 nəfər ağır xəsarətlərə məruz qalıb, 1275 nəfər isə girov götürülüb. Ermənilər qaniçənlikdə vaxtilə dünyanı lərzəyə salmış faşizmi də geridə qoyduqlarını nümayiş etdiriblər. Beynəlxalq humanitar hüquq normalarını, insan hüquqları üzrə ən müxtəlif konvensiyaları ayaq altına atan erməni hərbi birləşmələri insanları qətlə yetirmək məqsədilə ən qəddar üsullara əl atıblar. Şahidlərin təsdiqlədiyinə görə, həmin gecə onlarla qadın, 2 yaşından 15 yaşınadək olan uşaqlar, ahıl qocalar güllələnib, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarınları yarılıb, adamlar diri-diri torpağa basdırılıb və ya yandırılıb. Güllə yarasından ölməyənlərin başlarına sonradan güllə vurulub, meyitlər zorakılığa məruz qalıb.
Yeri gəlmişkən, bu il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, 1992-ci ildə Ermənistanın əvvəlki rejimi müharibə cinayəti - Xocalı soyqırımını törədib. Nəticədə aralarında 106 qadın, 63 uşaq olmaqla, 613 günahsız mülki şəxs vəhşicəsinə öldürüldü. Xocalı soyqırımını 10-dan artıq ölkə tanıyır: “Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur. Onlar yerli ermənilər idi, Ermənistandan olan ermənilər və diaspordan olan ermənilər idi. Bu şəxslərin adları hamıya məlumdur. Bu barədə çoxlu kitablar və beynəlxalq məqalələr çap olunub. Ona görə azərbaycanlıların özlərinin 63 uşağı, 100 qadını vəhşicəsinə öldürdüyünü demək, eyni zamanda, 1000 nəfərin itkin düşdüyünü söyləmək, bu, sinizmin zirvəsidir”.
Qeyd etmək yerinə düşər ki, Ermənistanın şovinist ideologiyasının əsas simalarından sayılan yazıçı Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda soyqırımı törətdiklərini etiraf edərək yazır: “Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”.
Livanda yaşayan daha bir erməni müəllif, jurnalist David Xerdiyan Xocalıda ermənilərin azərbaycanlıların başına gətirdikləri müsibətləri “Xaç uğrunda” kitabında fəxrlə xatırlayaraq kitabın 19-76-cı səhifələrində yazır: “Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən polkovnik-leytenant Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyitin üstündən keçdim. Martın 2-də “Qaflan” erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuğa, aclığa və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi”.
Bütün bu faktlar işğalçı ermənilərin vandal, qeyri-insani hərəkətlərinin məhz erməni müəlliflər tərəfindən etirafıdır. Bunlarla yanaşı, işğalçı ölkənin keçmiş prezidenti Serj Sarkisyan da 2000-ci ildə Böyük britaniyalı jurnalist Tomas de Vala müsahibəsində Xocalı qətliamının birbaşa iştirakçısı olduğunu etiraf edib.
Bəli, ermənilər ciddi-cəhdlə Xocalı soyqırımı ilə bağlı faktları danmağa çalışsalar da, bu, mümkün deyil. Çünki yaxın keçmişimizdə baş verən bu qanlı qətliamda öldürülmüş azərbaycanlıların yaxınları, o cümlədən Xocalıda əsir alınmış, sonradan Azərbaycana qayıdan şəxslər bu hadisələrin canlı şahidləridir. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi hər zaman dövlətimizin əsas prioritetlərindən birinə çevrilib. Bu gün bir sıra Avropa ölkələri Xocalı soyqırımı ilə bağlı həqiqətlərlə yaxından tanış olub. Aparılan siyasətin nəticəsidir ki, dünyanın 10-dan çox dövləti, eləcə də ABŞ-ın bir sıra ştatları və bəzi beynəlxalq təşkilatlar Xocalı soyqrımını rəsmən tanıyıb və bu soyqırımını pisləyən qətnamə qəbul ediblər. Xocalı soyqırımının ildönümlərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrin paytaxtlarında soyqırımı ilə bağlı tədbirlər keçirilir.
Yeri gəlmişkən, artıq “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” da təsdiq edilib. Tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri tərəfindən şəhər və rayonlarda Şəhidlər xiyabanının ziyarət edilməsi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, konsulluqlarında və diaspor təşkilatlarında soyqırımı ilə bağlı tədbirlərin, anım mərasimlərinin təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında qanlı qırğını əks etdirən materialların yayılması və internet şəbəkəsində mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub. Bundan başqa, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların və qurumların iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimləri təşkil ediləcək, idarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr edilən sənədli və bədii filmlər nümayiş olunacaq.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 144 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31