Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan regionun qüdrətli dövlətidir

Azərbaycan regionun qüdrətli dövlətidir

18.01.2020 [11:08]

2020-ci il yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. İlk baxışdan bu müşavirəni cənab İlham Əliyevin Prezidentlik fəaliyyətinin ilk dövrlərindən indiyə kimi hər rübün və ilin yekunlarına dair keçirdiyi müşavirələrdən biri kimi də qiymətləndirmək olar. Lakin müşavirədə müzakirə olunan məsələlərin ölkənin inkişaf səviyyəsinə uyğunluğuna və tapşırılan işin icrasına dair hesabat tələb edilməsinə diqqət yetirdikdə bu müşavirənin əvvəlkilərdən forma və məzmun etibarilə fərqləndiyinin və ölkəmizdə aparılan siyasi, iqtisadi, sosial, kadr və struktur islahatlarının daha ciddi və dərin xarakter aldığının, habelə respublikamızın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinin şahidi oluruq.
Müşavirədəki giriş nitqində Prezident İlham Əliyev qeyd etmişdir ki, keçən il dünyanın bütün bölgələrində müxtəlif səbəblərdən gərginliyin artmasına və sabitliyin pozulmasına baxmayaraq, Azərbaycan Respublikası sabitlik məkanı kimi inkişaf etmiş, 2019-cu il ölkəmiz üçün uğurlu il olmuş, qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edilmişdir. Eyni zamanda, bildirilmişdir ki, il ərzində ölkəmizə 40-dan çox ölkənin dövlət və hökumət başçıları səfər etmiş, ölkə rəhbərliyinin qonşu ölkələrin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşləri olmuşdur. Bakıda dünya miqyaslı böyük beynəlxalq təşkilatların zirvə görüşləri keçirilmiş və Qoşulmama Hərəkatının Zirvə Görüşü çərçivəsində 120 üzv ölkənin yekdil qərarı ilə BMT-dən sonra bu ikinci böyük beynəlxalq təsisata sədrliyi Azərbaycan öz üzərinə götürmüşdür. Bundan başqa, UNESKO-nun Dünya İrs Komitəsinin Azərbaycanda keçirilən sessiyasında Şəki Xan Sarayı və Şəkinin mərkəzi hissəsi UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmişdir. Göstərilənlər Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun getdikcə möhkəmlənməsinin, dünya dövlətlərinin ölkəmizə rəğbətinin genişlənməsinin və onun qüdrətli bir ölkə kimi qiymətləndirilməsinin bariz nümunəsidir. Hamıya məlumdur ki, sabitliyi təmin etməyən, iqtisadi və təşkilati imkanları məhdud olan, dünya sivilizasiyasına töhfələr verməyən hər hansı ölkədə bir ildə bir neçə böyük mötəbər beynəlxalq tədbiri keçirmək mümkün deyil. Belə olmasaydı, keçən il Vaşinqtonda keçirilmiş Dünya Astronavtika Konqresində bu təsisatın növbəti tədbirinin 2022-ci ildə Rio-de-Janeyro, Dehli və Sinqapurda yox, məhz Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilməzdi. Bütün bunlar onu sübut edir ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonrakı çox qısa bir zamanda Ümummilli Lider Heydər Əliyevin və Onun siyasi varisi hörmətli Prezidentimiz İlham Əliyev cənablarının çox uğurlu və uzaqgörən siyasəti nəticəsində böyük inkişaf yolu keçmiş, ölkə əhalisinin, dünya dövlətlərinin və beynəlxalq təşkilatların yüksək etimadını qazanmışdır.
Əlbəttə, bu etimadın əldə edilməsi hər şeydən əvvəl bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hörmətli Prezidentimiz İlham Əliyevin 16 illik Prezidentliyi dövründə elmi əsaslarla formalaşdırdığı və qlobal çağırışlara uyğun olaraq daim təkmilləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi ilə əlaqədardır. Bunu 1993-cü ildən indiyə kimi və həm də 2019-cu ildə görülən işlərin nəticələri də təsdiq edir. Belə ki, müşavirədə qeyd edildiyi kimi, aparılan iqtisadi siyasət, büdcə vəsaitindən səmərəli istifadə, dayanıqlı və davamlı inkişafın təmin edilməsi sayəsində ölkəmizin valyuta ehtiyatları rekord həddə - 51 milyard dollara çataraq adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan hazırda MDB məkanında birinci yeri tutur. 2018-ci ilə nisbətən keçən il ümumi daxili məhsulda 2,2 faiz, o cümlədən qeyri-neft sektorunda 3,5 faiz artımın əldə edilməsi, qeyri-neft sektorunda sənaye istehsalının 14 faiz, kənd təsərrüfatının 7 faiz artması ölkəmizdə iqtisadiyyatın bütün sahələrində dinamik inkişafın davam etməsini, iqtisadiyyatın neftdən asılılığının getdikcə azalmasını göstərir.
İqtisadi inkişafın təmin edilməsi ölkə əhalisinin rifahının yüksəlməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi üçün geniş imkanlar açır. Müşavirədə bununla əlaqədar cənab Prezident demişdir: “Vergi və gömrük orqanlarında aparılan islahatlar nəticəsində xəzinəyə plandan əlavə 1 milyard manat vəsait daxil edilmişdir. Bu, öz növbəsində imkan verdi ki, biz çox geniş sosial paketi əhaliyə təqdim edək və bunu etdik. Hesab edirəm ki, həm müasir Azərbaycanın tarixində, həm də MDB məkanında bu dərəcədə böyük sosial paket bu günə qədər reallaşmamışdır. Bu, bizim bu sahədə birinci təşəbbüsümüz deyil. Yaxşı xatırlayırıq ki, sovet vaxtından qalmış və bir növ dondurulmuş əmanətlərin qaytarılmasında da biz bu əmanətləri vətəndaşlar üçün ən məqbul prinsip əsasında, ən məqbul əmsalla qaytardıq və bu sahədə də MDB məkanında birinci olduq. Ötən il həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə etdi və vətəndaşların maddi vəziyyəti yaxşılaşdı. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artmışdır. Bir sözlə, keçən il aparılmış islahatlar nəticəsində biz əldə edilmiş əlavə gəlirləri, ilk növbədə, məhz sosial sahəyə yönəltdik. Mən keçən ilin əvvəlində bunu bəyan etmişdim. Demişdim ki, yığılacaq bütün əlavə vəsait sosial sahəyə yönəldiləcəkdir və bunu da etdik. Hər zaman olduğu kimi, sözümüzün üstündə dururuq. Sosial sahədə gedən müsbət proseslər və vətəndaşların rifah halının yaxşılaşdırılması bizim üçün prioritet məsələ olaraq qalır”.
Göründüyü kimi, hörmətli Prezidentimizin ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanması barədə dəfələrlə dediyi sözlər həmişə olduğu kimi, keçən ildə də reallaşdı. Bu da bir daha onu təsdiq edir ki, ölkəmizdə büdcə gəlirləri düzgün bölünür və bu məsələdə ilk öncə Azərbaycan vətəndaşının rifah halı nəzərə alınır.
Müşavirədə cənab İlham Əliyev ölkəmizdə keçən il sosial infrastrukturla bağlı görülən işlər barədə danışaraq bu sahəyə bundan sonra da diqqət və qayğı ilə yanaşmağın vacibliyini qeyd etdi. O, həmçinin bildirdi ki, ölkəmizdə iqtisadi inkişafın təmin edilməsində əsas istiqamətlərdən biri turizmin genişləndirilməsidir. Bunun üçün respublikamızın bütün bölgələrində böyük potensial var və biz bu potensialdan səmərəli istifadə etməliyik. Eyni zamanda, vurğulandı ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun artırılmasında mühüm əhəmiyyət kəsb edən “Cənub qaz dəhlizi”nin əsas hissəsi olan TANAP qaz kəmərinin keçən il istismara verilməsi böyük tarixi hadisədir. Bu dəhlizin sonuncu mərhələsi olan TAP layihəsi üzrə işlərin 90 faiz yerinə yetirilməsi bu il “Cənub qaz dəhlizi”nin bütövlükdə fəaliyyət göstərəcəyinə əminlik yaradır. Bu qaz kəmərinin işə düşməsi Azərbaycanın bir çox Avropa ölkələri ilə iqtisadi əlaqələrini möhkəmləndirməklə yanaşı, həm də respublikamıza xeyli valyuta axınını təmin edəcəkdir. Bu isə onu deməyə əsas verir ki, Heydər Əliyevin formalaşdırdığı və cənab İlham Əliyevin daim təkmilləşdirdiyi neft-qaz strategiyasının reallaşması ölkəmizin iqtisadi qüdrətinin möhkəmləndirilməsi və vətəndaşlarımızın sosial rifah halının daim və uzun müddət yaxşılaşdırılması üçün geniş imkanlar yaradır.
Hörmətli Prezidentimiz giriş nitqində hazırda ölkə ictimaiyyətinin gündəlik müzakirə mövzusuna çevrilmiş mülkiyyətin sığortalanması məsələsinə də öz münasibətini bildirdi. Qeyd olundu ki, respublikamızda bu sahədə böyük boşluqlar mövcuddur. Ona görə də vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışının dövlətimiz üçün əsas məsələ olması nəzərə alınaraq baş verən yanğın, təbii fəlakət və digər səbəblərdən əhaliyə dəyən ziyanın ödənilməsi yükünü dövlət öz üzərinə götürərək böyük məbləğdə büdcə vəsaiti sərf edir. Bununla yanaşı, İlham Əliyev cənabları bildirdi ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə işləri ilə bağlı çox ciddi addımlar atılmalıdır ki, vətəndaşlar evlərin, əmlakın sığortalanmasının vacibliyini bilsinlər. Eyni zamanda, hökumətə tapşırdı ki, bu məsələyə diqqət yetirsin.
Müşavirənin xarakterik cəhətlərindən biri də müvafiq dövlət orqanlarına verilən konkret tapşırıqların icrası barədə hesabatların təqdim edilməsi və müzakirələrin cənab Prezidentin suallarına cavab verilməsi əsasında aparılması idi. Bununla əlaqədar müvafiq icra orqanlarının rəhbərləri hörmətli Prezidentimizin onlara ünvanlandığı konkret məsələlərin icrası vəziyyəti haqqında məlumat verdilər. Hər bir məlumatın gedişində cənab Prezident ölkəmizin müasir tələblərə uyğun inkişafı və ictimaiyyət üçün maraq kəsb edən məsələlərə dair aydınlıq gətirən dəqiqləşdirici suallar verərək onlara konkret cavablar verilməsini tələb etdi.
Həmişə olduğu kimi, bu müşavirədə də ölkəmizin siyasi, sosial və iqtisadi təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edən kənd təsərrüfatı məsələləri də müzakirə olundu. Uzun müddət aqrar qanunvericilik bazasının yaradılması sahəsində çalışdığım üçün müşavirədə bu məsələyə dair səslənən bəzi problemlər barədə fikrimi bildirmək istəyirəm. Hörmətli Prezidentimiz bildirdi ki: “İqtisadiyyatın real sektorunun inkişafında kənd təsərrüfatının xüsusi rolu var. Artıq mən burada qeyd etdim ki, növbəti dövrdə kənd təsərrüfatı emalına biz böyük diqqət göstərməliyik. Çünki bizim kənd təsərrüfatı istehsalımız artır. Bizim ənənəvi sahələrimiz inkişaf edir və bərpa olunur və yeni kənd təsərrüfatı sahələri fəaliyyətə başlayır. Burada kənd təsərrüfatının birbaşa sənaye ilə uzlaşması var. Misal üçün, keçən il meyvə-tərəvəz istehsalı böyük dərəcədə artıbdır. Bizim kifayət qədər emal müəssisələrimiz olmalıdır. Onlar hazırda kifayət qədər deyil. O emal müəssisələri imkan vermir ki, biz öz meyvə-tərəvəzimizi daha da böyük həcmdə emal edək və hazır məhsul kimi ixrac edək. Ona görə şirələr, kompotlar, konservlər, qurudulmuş meyvələr - bütün bu sahə gərək çox ciddi dəstək alsın, həm dövlət tərəfindən, həm özəl sektor da bu işlərə qoşulmalıdır”.
Doğrudan da emal müəssisələri kifayət qədər olmadan kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil. Emal müəssisələrinin mövcudluğu istehsal olunan məhsulun satışının təmin olunması, aqrar sahədə daha çox əlavə dəyərin yaranması, yeni iş yerlərinin açılması, büdcəyə daha çox vəsaitin daxil olması, ərazinin abadlaşması, əhalinin maddi vəziyyətinin yaxşılaşması və mədəni səviyyəsinin yüksəlməsi, yüksək intellektə malik mütəxəssislərin regionlarda işə cəlb edilməsi, məhsul itkisinin qarşısının alınması deməkdir. Emal müəssisələrinin azlıq təşkil etməsi isə məhsul istehsalçılarını stimullaşdırmır, əksinə onlar çox məhsul istehsal edəndə onu sata bilmədiklərinə görə itkilər çoxalır və daha çox ziyan çəkirlər. Bu da onları həmin məhsulun istehsalından yayındırır. Ölkəmizdə hər il 500 min tona yaxın kənd təsərrüfatı məhsulları itkiyə gedir ki, bu da istehsal olunan və ümumi ehtiyatların 4-5 faizini təşkil edir. Bu itkilər başqa ölkələrə nisbətən (20-25 faiz və daha çox) az olsa da şübhəsiz ki, onun müəyyən hissəsi emal müəssisələrinin kifayət qədər olmaması səbəbindən baş verir.
İlham Əliyev cənabları müşavirədə qeyd etdi ki: “Biz iplik fabriklərindən o tərəfə getmirik. Amma parça istehsal olunmalıdır - hazır paltar”. Bu o deməkdir ki, biz istehsal etdiyimiz xammalı son istehlak malına kimi emal etməliyik ki, daha yüksək qazanc əldə edilsin və yuxarıda qeyd etdiyimiz məsələlərin həllinə nail olaq. Bununla əlaqədar bir misal çəkmək istəyirəm. Keçən ilin yanvar-oktyabr aylarında ixrac etdiyimiz 1 kiloqram pambıq lifinin qiyməti təxminən 1,4 dollar, pambıq ipliyinin qiyməti isə 2,4 dollar təşkil etməklə artım 70 faiz olmuşdur. Göründüyü kimi, çox da böyük olmayan xərc çəkərək bir emal mərhələsi artıq aparmaqla nə qədər çox gəlir əldə olunur. Hesab edirəm ki, bu məsələdə Çin Xalq Respublikasının təcrübəsindən yararlanmaq yaxşı olardı. Belə ki, Çin hazırda ən çox pambıq istehsal və idxal edən ölkədir. Bizim də son məhsula kimi bütün prosesləri əhatə edən emal müəssisələrimiz çox olsa, onda həm öz istehsalımızı artırmaq və həm də yaxın ölkələrdən xam pambıq və ya lif idxal etməklə hazır paltar istehsalını genişləndirə bilərik. Müşavirədə məlumat verildi ki, möhtərəm Prezidentimizin tapşırığına əsasən Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə aqrar emal sənayesinin inkişafı ilə bağlı iş aparır və tezliklə təkliflər paketi hazır olacaqdır. Bununla əlaqədar təkliflər paketində respublikamızın bütün rayonlarında müvafiq emal müəssisələrinin yerləşdirilməsinin və emal olunacaq meyvə məhsullarının ehtiyatları hesablanarkən dağ və dağətəyi bölgələrdə dövlət meşələrində olan meyvə ehtiyatlarının da nəzərə alınmasını məqsədəuyğun hesab edirik. Bu məsələnin həllində əvvəllər mövcud olmuş təcrübədən istifadə etmək müsbət nəticə verərdi. Eyni zamanda müəyyən məhsulların, xüsusilə pambığın və üzümün emalından alınan əlavə məhsulların istifadəsi də nəzərə alınmalıdır. Məsələn, pambığın emalından əsas məhsul kimi lif və çiyid istehsal olunur. Toxum üçün nəzərdə tutulmayan texniki çiyidin emalından yağ, çiyid qabığı və cecəsi alınır. Sonuncu iki məhsulun heyvandarlıqda yem kimi istifadəsi üçün tədbirlər də təkliflər paketində əks olunmalıdır.
Müşavirədə diqqət çəkən məqamlardan biri də ölkəmizdə iqtisadi sistemin inkişafında texniki-texnoloji potensialın genişlənməsinin qarşıda duran ən öncül vəzifə olmasının və bu məqsədlə müasir texnologiyaya sahib investorların ölkəmizə cəlb edilməsinin qeyd edilməsidir. Müzakirələrdə cənab Prezident xarici ölkələrə nisbətən az həcmdə olan xarici dövlət borcumuzun azaldılması barədə verdiyi tapşırığın icrası ilə bağlı məlumatı dinləyərkən qeyd etdi ki, biz əvvəllər dollartutumlu işlər olmayan yol və digər tikintilərə kreditlər götürürdük. Hazırda isə ancaq texnoloji layihələrin həyata keçirilməsi üçün kreditlər alına bilər. Ona görə də hökumətə kreditlərlə bağlı ehtiyatlı olmaq barədə bir daha tapşırıq verdi.
Məlumdur ki, iqtisadiyyatın digər sahələrinə nisbətən kənd təsərrüfatı texniki-texnoloji inkişafın səviyyəsinə görə ənənəvi olaraq həmişə geri qalır. Bunu nəzərə alaraq İlham Əliyev cənabları Prezidentliyinin ilk ilində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaratdı və dövlətin maliyyə dəstəyi ilə güzəştli şərtlərlə fermerlərə kənd təsərrüfatı texnikası, texnologiyaları və damazlıq heyvanların satışı başlandı. Bunun nəticəsidir ki, son illər kənd təsərrüfatının texniki bazası ən müasir texnika ilə təzələnmiş, kənd təsərrüfatı müəssisələri yüksək tələblərə cavab verən texnologiya ilə təmin edilmişlər. Müşavirədə qeyd olundu ki, bu sahədə son vaxtlar aparılan islahatlar nəticəsində texnika və damazlıq heyvanlara nəzərdə tutulan güzəştlər bu işlə məşğul olan bütün özəl şirkətlərə də tətbiq edildiyindən bazarda azad və rəqabətli şərait formalaşıbdır. Belə ki, keçən il fermerlərə satılan 4117 texnikanın təxminən 3 mini özəl şirkətlər tərəfindən fermerlərimizə satılmışdır. Bu da həm fermerlər və həm də özəl şirkətlərin səmərəli fəaliyyəti üçün böyük önəm daşıyır və ölkəmizdə kənd təsərrüfatında məhsuldarlığın yüksəlməsinə və ümumi məhsul istehsalının artımına öz təsirini göstərir. Biz bunu hazırda ölkəmizdə fəaliyyət göstərən 17 aqroparkın və iri təsərrüfatların timsalında görürük. Həmin təsərrüfatlarda buğdanın məhsuldarlığı hər hektardan 55-60 sentner olduğu və hər inəkdən 5500-6500 kiloqram süd sağıldığı halda digər təsərrüfatlarda bu göstəricilər müvafiq olaraq 25-30 sentner və 1500-2000 kq təşkil edir.
Müşavirədə xüsusi diqqət yetirilən məsələlərdən biri də ölkəmizdə istər yeniliklərin tətbiqində, istər məhsul istehsalında və istərsə də istehsal olunan məhsulların ixracının təşkilində əhalinin və sahibkarların maarifləndirilməsinə böyük ehtiyacın olmasıdır. Bunu cənab Prezidentin evlərin və əmlakın sığortalanması ilə bağlı görüləcək işlər sırasında əhalinin maarifləndirilməsi üçün müvafiq işlərin həyata keçirilməsini önə çəkməsi də təsdiq edir. Müşavirədə o da vurğulandı ki, bir çox hallarda keyfiyyətli mal və məhsullara malik olduğumuz halda da xarici bazarlara çıxışda bəzən özəl sektorda bilik və bacarıq çatışmır.
Ölkə rəhbəri keçirdiyi bütün görüşlərdə və müşavirələrdə gələcək inkişafımızın müasir texnologiyaların və innovasiyaların tətbiqi və səmərəli istifadəsi ilə bağlı olduğunu dəfələrlə vurğulamışdır. Belə olan halda maarifləndirmə işinə diqqət daha böyük önəm daşıyır və bunun davamlı olması zərurətini yaradır. Ona görə də müşavirədə hörmətli Prezidentimiz əhalinin və sahibkarların müxtəlif məsələlərə dair maarifləndirilməsini çox önəmli məsələ kimi qeyd etmişdir. Bu məsələ, xüsusilə kənd təsərrüfatında özünü qabarıq şəkildə büruzə verir. Belə ki, aqrar və torpaq islahatları aparıldıqdan sonra hazırda 1,7 milyondan çox insan kənd təsərrüfatı sahəsində çalışır. İstehsal prosesi yeni texnika və texnologiyalar əsasında təşkil edilir, bazara yeni məhsullar çıxarılır. İstehsal olunan məhsulların daxili və xarici bazarlarda satılması zərurəti yaranır. Rəqabətə davamlı məhsullar istehsalı üçün məhsuldarlığın daim yüksəldilməsi, keyfiyyətinin yaxşılaşdırılması tələb olunur. Bir çox ölkələrdə Azərbaycanın ticarət evləri yaradılıb və orada digər məhsullarla yanaşı, kənd təsərrüfatı məhsullarının da satışı həyata keçirilir. Belə bir şəraitdə müasir çağırışlara uyğun bilik və bacarığa malik olmadan mövcud imkanlardan istifadə etmək qeyri-mümkündür. Aparılan tədqiqatlar göstərir ki, MDB məkanında kənd təsərrüfatında məhsuldarlığın aşağı olmasının əsas səbəblərindən biri fermerlərin lazımi biliklərə cəmi 25 faiz malik olmasıdır. Avropa ölkələrində isə bu göstərici 70 faizdir. Ona görə də ölkəmizdə fermerlərin və aqrar sahədə çalışan bütün işçilərin maarifləndirilməsi və onların müvafiq informasiya ilə müntəzəm olaraq təmin edilməsinə ehtiyac yaranmışdır. Kənd təsərrüfatına dair qəbul edilən bütün sənədlərdə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi öz əksini tapır. Məsələnin həlli isə başqa ölkələrdə olduğu kimi, onun hüquqi bazasının yaradılması ilə həyata keçirilməlidir. Bu məqsədlə hesab edirik ki, “Kənd təsərrüfatı informasiya və məsləhət xidməti haqqında” qanunun qəbul edilməsi zəruridir.
Müşavirədə bir məsələyə də tam aydınlıq gətirildi. Bir neçə gün öncə Ermənistanın baş naziri ölkəsinin dırnaqarası uğurları haqqında danışarkən Ermənistanı Azərbaycanla müqayisə edərək belə qənaətə gəlir ki, guya keçən il Ermənistan bir neçə parametrlərə görə Azərbaycanı üstələyir. Bununla bağlı İlham Əliyev cənabları bildirdi ki, belə bir fərziyyənin heç bir əsası yoxdur və bunu sübut etməyə də ehtiyac yoxdur. Bununla yanaşı, hörmətli Prezidentimiz beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan və Ermənistan haqqında əks olunmuş məlumatlardan istifadə edərək Azərbaycanın Ermənistanı ayrı-ayrı bütün parametrlər üzrə çox böyük fərqlə üstələdiyini bildirdi və Ermənistanın baş nazirinin yalanlarını darmadağın etdi. Bununla da Ermənistanın heç vaxt Azərbaycanı keçə biləcək imkanının olmaması hamı üçün aydın oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları müşavirədə yekun nitqində qeyd etdi ki: “Bir sözlə, artıq bu gün aparılan müzakirələr həm keçən il görülmüş işlərə yekun vurur, eyni zamanda, bu il görüləcək işlərlə bağlı açıq-aydın mənzərə formalaşır. Əminəm ki, bu il də uğurlu olacaqdır”. Doğrudan da müşavirə konkret məsələlər üzrə konkret suallar ətrafında hamının başa düşəcəyi formada müzakirə edilərək mövcud vəziyyətə və gələcək işlərin istiqamətlərinin açıqlanmasına həsr olunmuşdur.
Bu müşavirə göstərdi ki, Azərbaycan Respublikası həqiqətən də bütün parametrlərə görə bölgənin qüdrətli dövlətidir və daha güclü dövlətə çevrilmək iddiasını reallaşdırmağa başlayıb. Bu onunla təsdiqlənir ki, müşavirədə qeyd olunduğu kimi Azərbaycan artıq kredit alan dövlətdən donor dövlətə çevrilib, bundan sonra kreditlər yalnız Azərbaycanda olmayan texnologiyaların gətirilməsinə sərf olunacaqdır. Ölkəmizdə əsas infrastruktur və kommunikasiya layihələri icra edilib, bu istiqamətdə olan xərclər bundan sonra əsasən əhalinin artımı ilə əlaqədar yeni layihələrə sərf ediləcək. Bu da imkan verir ki, ölkəmizin büdcəsi daha çox sosialyönümlü olsun və onun ümumi xərclərdə bu il 40 faiz təşkil edən xüsusi çəkisi bundan sonra getdikcə daha da yüksəlsin. Əgər əvvəlki müşavirələrdə kənd təsərrüfatının qarşısında əsasən ölkənin ərzaq təhlükəsizliyini yerli istehsal hesabına təmin etmək vəzifəsi qoyulurdusa, hazırda 10 milyon nəfərdən çox əhalisi olan və hər il 3-4 milyon turistin səfər etdiyi Azərbaycanda bu problem həll olunduğundan indi əsas vəzifə rəqabətədavamlı kənd təsərrüfatı xammalının emalını tam təşkil etməklə son istehlak malları ilə yeni xarici bazarlara çıxmaq vəzifəsi qoyulub. Hazırda ölkəmizdə pensiyaların təyinatı avtomatlaşdırılıb, kənd təsərrüfatında elektron tənzimləmə vasitəsindən istifadə yekunlaşmaq üzrədir, iqtisadi və sosial məsələlərin həllində “Bir pəncərə” prinsipinə uyğun xidmətlər göstərilir və onun əhatə dairəsinin getdikcə genişlənməsi təmin ediləcəkdir. Bütün bu vəzifələri isə yalnız ən güclü dövlətlər özlərinə rəva görürlər.
Eldar İbrahimov
Milli Məclisin Aqrar siyasət
komitəsinin sədri,
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, professor

Paylaş:
Baxılıb: 176 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30