Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ölkəmizdə aqrar sahənin inkişafında mühüm nəticələr əldə olunub

Ölkəmizdə aqrar sahənin inkişafında mühüm nəticələr əldə olunub

07.12.2019 [10:07]

Bu sahədə tətbiq olunan yeniliklər kənd təsərrüfatında inkişafa əhəmiyyətli təsir göstərir
Azərbaycan bu gün inkişafının yeni mərhələsini yaşayır. Məlum olduğu kimi, ölkəmizdə uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları Azərbaycanın bütün şəhər və rayonlarının simasının əsaslı şəkildə yenilənməsini təmin edib, regionların hərtərəfli inkişafını gücləndirib. Bu baxımdan, regionlarda aqrar sahənin inkişafı da xüsusi vurğulanmalıdır. Ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən kənd təsərrüfatında müşahidə olunan inkişafın əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən davamlı siyasi kurs dayanır. Bu siyasi kurs müstəqilliyimizin, təhlükəsizliyimizin, sosial-iqtisadi tərəqqinin, müasirləşmənin, sosial rifahın və iqtisadi inkişafın təminatçısına çevrilib.
Bu məqamda qeyd edək ki, aqrar sektorun müxtəlif sahələrinə dair proqramların icrası davam edir. Ölkədə məqsədyönlü islahatlar həyata keçirilir, nəticədə digər sahələr kimi, aqrar sektor da öz dinamik inkişafı ilə mövcud çağırışlara cavab verir. Ərzaq təhlükəsizliyinin təminatı istiqamətində görülən işlər 2019-cu ildə də davamlı xarakter daşıyıb. Kənd təsərrüfatının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması özünü iqtisadi göstəricilərin yüksəlməsində, fermerlərin gəlirlərinin artmasında, aqrar fəaliyyətin insanlar üçün əməktutumlu və gəlirli sahəyə çevrilməsində göstərir.
Onu da qeyd edək ki, aqrar sahənin inkişafında fermerlər üçün yeni subsidiya mexanizminin təkmilləşdirilməsi də vacib rol oynayacaq. Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanına və bu Fərmanla təsdiqlənmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən, 2020-ci il yanvarın 1-dən fermerlərə subsidiyalar yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən veriləcək. EKTİS-də qeydiyyatdan keçmək və aqrar fəaliyyətə dair məlumatları sistemə daxil etmək üçün fermerlərə mütəmadi təlimlər keçirilir.
Mütəxəssislər hesab edir ki, yeni elektron sistemin tətbiq olunması şəffaflığı təmin edəcək və bu da fermerlərin kənd təsərrüfatı işlərinə marağını daha da artıracaq. Nəticə etibarilə, bütün bunlar regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək.
Yeri gəlmişkən, qeyd edək ki, bu məsələ ilə bağlı bölgələrdə fermerlər üçün maarifləndirmə tədbirləri davam edir. Dekabrın 2-də Xaçmaz, Quba, Şabran və Siyəzəndən olan fermerlər yeni subsidiya mexanizminə keçidlə bağlı maarifləndirilib. Kənd Təsərrüfatı Nazirliyinin yerli icra hakimiyyəti orqanları ilə birlikdə təşkil etdiyi görüşlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi mərhələsinin başlanmasına həsr olunub.
Xaçmazda keçirilən görüşdə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, rayon rəhbərliyi, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, Dövlət Aqrar İnkişaf mərkəzlərinin rəhbərləri, rayon icra hakimiyyəti strukturlarının məsul şəxsləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. İcra hakimiyyətinin başçısı Xaçmazın kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində böyük potensiala və ənənəyə malik olduğunu qeyd edib, aqrar sahədə mövcud vəziyyət, əldə edilmiş nailiyyətlər barədə məlumat verib.
Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi, aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu il aqrar xidmətlərin elektronlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Kənd Təsərrüfatı Nazirliyi 2019-cu ildə əsas fəaliyyət prinsiplərini - fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə və innovasiyaların tətbiqini özündə ehtiva edən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi layihəsini həyata keçirməyə başlayıb. EKTİS daxili və xarici sistemlərlə inteqrasiya imkanlarını geniş əhatə edən və kənd təsərrüfatı zəncirinin qurulmasına zəmin yaradan vahid bir sistemdir, şəffaflıq və operativlik baxımından fermerlərin işini asanlaşdıran və kənd təsərrüfatı məhsullarının ilkin mərhələsindən son mərhələsinə qədər bütün biznes proseslərini əhatə edən modulların formalaşdırılmasını özündə ehtiva edir.
“Bu sistemin fəaliyyətə başlaması kənd təsərrüfatı ilə bağlı bütün proseslərin məntiqi əlaqəliliyini qurmağa, analizlər aparmağa, müasir texniki həlləri tətbiq etməyə, dəqiq məlumatlara əsaslanan proqnozlar verməyə imkan verəcək. Bəyan prosesi EKTİS-in tətbiqinin ən mühüm mərhələlərindən biridir. 2020-ci ildən aqrar subsidiyalar məhz elektron sistem üzərindən, fermerlərin bəyanları əsasında veriləcək”, - deyə nazir müavini söyləyib.
İlham Quliyev bildirib ki, EKTİS sisteminin tətbiqi Azərbaycanda subsidiyaların verilməsində şəffaflığı tam təmin edəcək, aqrodataların toplanmasına, geniş təhlilinə imkan verəcək. Nazir müavini fermerləri payızlıq əkinləri bəyan etmə prosesində fəal olmağa və müvafiq qurumları bu prosesə hərtərəfli dəstək göstərməyə çağırıb.
Görüşdə aqrar sektora dövlət dəstəyinin yeni mexanizmi, EKTİS-in tətbiqi zərurəti və bu istiqamətdə görülən işlər müzakirə edilib, yerli icra orqanları və bələdiyyə nümayəndələrinin sualları cavablandırılıb.
Diqqətə çatdırılıb ki, fermerlər payızlıq əkinləri bəyan etmək üçün Dövlət Aqrar İnkişaf mərkəzlərinə, bölgələrə ezam olunmuş səyyar qruplara, Quba, Qəbələ, Şəki, Gəncə, Sabirabad, İmişli, Masallı və Bərdə “ASAN xidmət” mərkəzlərinə müraciət edə və informasiya-məsləhət xidməti ala bilərlər.
Dekabrın 4-də isə Saatlı rayonunda fermerlərlə keçirilən görüşdə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, subsidiyaların elektron hökumət üzərindən verilməsinə hazırlıq işləri başa çatmaq üzrədir: “Artıq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermerlər payızlıq əkinləri bəyan etməyə başlayıblar. Bu, aqrar xidmətlərin elektronlaşdırılması prosesində son dərəcə mühüm bir mərhələdir. Fermerlərin gələn il alacağı subsidiyanın miqdarı bəyan edilən əkin növündən asılı olacaq”.
Nazir müavini deyib ki, Aqrar Subsidiya Şurası əkin, məhsul və toxum subsidiyası üzrə əmsalları artıq açıqlayıb: “Əmsallar bitki növlərinə görə fərqlənir, buna görə də fermerin nə əkdiyini EKTİS-də bəyan etməsi vacib sayılır. Fermerlər artıq subsidiya almaq üçün sənəd toplamalı olmayacaqlar, subsidiya almaq üçün EKTİS üzərindən elektron müraciət edəcəklər. Bu, subsidiyaların verilməsində vaxt itkisini aradan qaldırmış olur. Yeni sistemin üstünlüyü ondadır ki, fermerlər EKTİS-də bir dəfə qeydiyyatdan keçir, hər il qeydiyyatdan keçməyə ehtiyac qalmır. Onlar hər il yalnız birillik, yaxud çoxillik əkmələri bəyan etməklə subsidiya almaq hüququndan yararlanacaqlar”.
İlham Quliyev payızlıq əkinlərin bəyan edilməsi prosesinin davam etdiyini deyib: “Artıq 115 mindən çox fermer payızlıq əkinlərini bəyan edib. Bu rəqəm hər gün artır. Biz rayonlarda silsilə görüşlər keçiririk, fermerlər EKTİS-lə bağlı təlimlərə cəlb olunur, səyyar qruplarımız kəndlərə ezam olunaraq, fermerlərə yeni subsidiya mexanizminin tətbiqi ilə bağlı informasiya-məsləhət xidməti göstərirlər. Hesab edirik ki, payızlıq əkinlərin bəyan edilməsi prosesi optimal müddətdə başa çatacaq”.
Bütün bunlarla yanaşı aqrar sahənin inkişafında innovativ tədbirlər də xüsusi vurğulanmalıdır. Bu yöndə də ardıcıl olaraq müvafiq işlər həyata keçirilməkdədir. Bunların sırasında Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Kürdəmir Təcrübə Sınaq Stansiyasında keçirdiyi “Aqrar sahənin inkişafında innovativ texnologiyaların rolu” mövzusunda təlimi qeyd etmək olar. Təlimdə institutun alim və mütəxəssisləri ilə yanaşı, Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, fermerlər, kənd təsərrüfatı məhsulu istehsalçıları iştirak ediblər.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai təlimdə kənd təsərrüfatının ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasındakı əhəmiyyəti, aqrar sektorda innovativ texnologiyaların iqtisadi cəhətdən səmərəli rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında rolu, institutun bu sahədə apardığı tədqiqat işlərinin nəticələri haqqında məlumat verib.
Kürdəmir DAİM-in baş mütəxəssisi Xanbala Əsədov yeni subsidiya mexanizmi, Kürdəmir rayonunun ölkənin ümumi kənd təsərrüfatı məhsulunun istehsalındakı payı, rayonun kənd təsərrüfatının inkişafında rol oynayan prioritet istiqamətləri, cari təsərrüfat ilində payızlıq taxıl əkinlərinin mövcud vəziyyəti, qarşıda duran vəzifələr barədə danışıb.
Sonra Əkinçilik Elmi-Tədqiqat İnstitutunun istehsalat üzrə direktor müavini Atif Zamanov “Payızlıq buğdanın tirəli səpin texnologiyasında əkilməsinin üstünlükləri” mövzusunda çıxış edərək tirəli əkinlərin resurslara qənaət edən texnologiya olaraq üstünlüklərini, o cümlədən işçi qüvvəsinə, suya və toxuma qənaət edildiyini qeyd etməklə, kondisiyalı toxum çıxımının daha yüksək olmasını, bu üsulun torpağın deqradasiyasının qarşısının alınmasında və münbitliyinin qorunmasında böyük rol oynadığını diqqətə çatdırıb.
Təlimdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Kürdəmir Təcrübə Sınaq Stansiyasının direktoru Saday Məmmədov “Cərgəarası becərilən bitkilərdən sonra payızlıq buğda səpini üçün torpağın becərilməsi”, institutun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin müdiri Məzahir Rzayev “Növbəli əkin tarlalarında becərilən bitkilərdən asılı olaraq torpağın becərilməsi xüsusiyyətləri” mövzularında çıxış edərək, müxtəlif bitkilərdən sonra payızlıq buğdanın səpini üçün aparılacaq torpaq becərmələri, növbəli əkin sistemində bitkilərin yerləşdirilməsi və əhəmiyyəti, eyni zamanda, becərilən bitkilərdən asılı olaraq torpağın becərilmə xüsusiyyətləri haqqında kənd təsərrüfatı məhsulu istehsalçılarına geniş məlumat veriblər. Bir sözlə görünən odur ki, aqrar sahənin inkişafı diqqət mərkəzindədir və regionlarda bu məqsədlə davamlı tədbirlər görülür.
N.BAYRAMLI

Paylaş:
Baxılıb: 145 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31