
Bakıda VI Beynəlxalq Tibbi Treninq Günlərinə start verilib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbir Azərbaycan Minimal İnvaziv Cərrahlar İctimai Birliyinin və Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.
Açılış mərasimində çıxış edən Tibb Konqresinin Azərbaycan tərəfindən prezidenti, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru, Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, professor Qurbanxan Müslümov bildirib ki, üç gün davam edəcək treninqlər Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunaraq 22 davamlı tibbi təhsil balı ilə qiymətləndirilib: “Əsası 2014-cü ildə Milli Onkologiya Mərkəzi və Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti tərəfindən qoyulmuş bu treninqlər zamanı Azərbaycan, Rusiya və Mərkəzi Asiya ölkələrindən gəlmiş 100-dən çox həkim, rezident və tələbələr üçün laparoskopik və ümumi cərrahiyyə, endoskopiya, ultrasonoqrafiya, ginekologiya, kardiopulmonar reanimasiya və lazer təbabəti üzrə Avropada tanınmış Davos Tibb Kursları və digər tanınmış proqramlar əsasında beynəlxalq səviyyəli treninqlər və vərdişlər kursu təşkil ediləcək”.
Tədbirdə çıxış edən digər alimlər bu tip tədbirlərin tibbin inkişafında mühüm rol oynadığını, gənc kadrların hazırlanmasında və onların Davamlı Tibb Təhsili proqramı üzrə təkmilləşməsi baxımından çox əhəmiyyətli olduğunu qeyd ediblər.
Tədbir Azərbaycanın tanınmış professor və tibb mütəxəssislərinin moderatorluğu ilə elmi mühazirələr və panel diskussiyalarla davam edib. Dünya səviyyəli alimlər tərəfindən Azərbaycandan və xarici ölkələrdən gəlmiş iştirakçılara tibbin ən aktual problemlərinə həsr olunmuş məruzələr oxunulub, ağır kliniki halların müzakirəsi, azərbaycanlı mütəxəssislərin canlı bilik və təcrübə mübadiləsi aparılıb.
Qeyd edək ki, noyabrın 23-24-də Bakı Beynəlxalq Tibbi Treninq Günlərində Avropada həkim və tələbələrə xüsusi peşə vərdişlərinin öyrədilməsi məqsədilə tədris edilən texnikadan istifadə edilməklə ən müasir avadanlıqlar, simulyatorlar və tibbi modellər üzərində aparılacaq. Əməliyyatların canlı translyasiyası və treninqlər “Holiday İnn” otelində, ustad dərsləri isə müxtəlif klinikalarda keçiriləcəyi planlaşdırılır. Tədbir çərçivəsində müxtəlif ixtisaslar üzrə ustad dərsləri təşkil edilməsi, həmçinin müxtəlif həcmli cərrahi əməliyyatların canlı olaraq zala birbaşa translyasiyası ilə interaktiv müzakirələrin də aparılması nəzərdə tutulub.
- Oxunub: 1770 |
- Tarix: 22-11-2019 |
-
Çap et |