
Fermerlərə göstərilən diqqət və qayğı, həmçinin yeni meyvə bağlarının salınması meyvəçilikdə məhsuldarlığın artmasına təkan verib
Məlum olduğu kimi, həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində ölkəmizdə bütün sahələr dinamik inkişaf edib. Eyni zamanda, ölkəmizdə reallaşdırılan müvafiq Dövlət proqramları digər sahələr kimi, qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan kənd təsərrüfatının davamlı inkişafına da real zəmin yaradıb. Məhz bunun nəticəsidir ki, son illərdə sözügedən sahədə nəzərəçarpacaq artım qeydə alınıb. Kənd təsərrüfatı sahəsinə dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğı öz növbəsində fermerlərin bu sahəyə marağının daha da artmasına səbəb olub. Bir sözlə, kənd təsərrüfatı naziri İnam Kərimovun bu yaxınlarda Göyçay rayonunda “Narçılığın inkişafı: qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədəki çıxışında vurğuladığı kimi, məhz həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir: “Prezident İlham Əliyev tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur. Aqrar sahənin inkişafı üçün dövlətimiz tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı üçün subsidiyalar verilir”.
Nazirin sözlərinə görə, dövlətimizin başçısının tapşırıqlarına əsasən son illərdə aqrar sahədə ixracyönümlü məhsulların istehsalının təşviqi istiqamətində həyata keçirilən tədbirlər ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb, bölgələrdə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına etibarlı zəmin yaradıb. İ.Kərimov qeyd edib ki, respublikada müxtəlif meyvə bitkilərinin becərilməsi üçün əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, bu sahənin yüksək iqtisadi səmərəliliyi və ixrac potensialının olması meyvəçiliyin inkişaf etdirilməsini zərurətə çevirir.
Ümumiyyətlə, son illər respublikamızda meyvəçili əhəmiyyətli dərəcədə inkişaf etməkdədir. Hazırda isə bölgələrdə bol məhsullar toplanmaqdadır. Məsələn, Balakən rayonunda meyvə istehsalı 900 tondan çox artıb. Qeyd edək ki, rayonda 12 min 969,6 hektar meyvə bağı var. Bu ilin yanvar-oktyabr aylarında meyvə bağlarından 26 min 299 ton məhsul tədarük olunub. Meyvə istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 902,5 ton artıb. Məhsulun 9 min tonu xurma, 4 min 885 tonu alma, 3 min 582 tonu armud, qalanı isə digər meyvələr olub. Bu barədə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.
Qurumdan bildiriblər ki, bu il rayonun fındıq bağlarından 6 min 249,6 ton məhsul tədarük olunub. Fındıq istehsalı ötən illə müqayisədə 45 tonadək artıb. Fındıqçılığın inkişaf etdirilməsi məqsədilə cari ildə rayon ərazisində 400 hektarda yeni fındıq bağları salınaraq, mövcud bağların sahəsi 10 min 344,1 hektara çatdırılıb.
Meyvəçiliyin inkişafı istiqamətində görülən işlərdən danışarkən müvafiq qurumların fermerlərə diqqətini də xüsusi vurğulamaq lazımdır. Məhz bu fonda bildirmək yerinə düşər ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC aqrar sahənin inkişafı və bu sahədə fəaliyyət göstərən insanların sosial rifahının yüksəldilməsi məqsədilə yerli fermerləri dəstəkləməyə davam edir. Belə ki, qurumdan verilən məlumata görə, həyətyanı sahəsində yetişdirdiyi xurma məhsulunun satışında çətinliklərlə üzləşən Zaqatala rayon sakini Seyidbəy Balaxanov məhsullarının alınması məqsədilə ATT-yə müraciət edib. Fermerin müraciəti dəyərləndirilərək qurumun bir qrup əməkdaşı tərəfindən məhsullara və təsərrüfat sahəsinə baxış keçirilib. Tərəflər arasında razılıq əldə olunduqdan sonra isə fermerin 1,5 ton xurma məhsulu ATT tərəfindən tədarük edilib. Məhsulun ödənişi isə “Fermer kartı” vasitəsilə həyata keçirilib.
Bu dəstəyə görə minnətdarlığını bildirən fermer Seyidbəy Balaxanov deyib: “Mən Zaqatala rayonunun Əliabad qəsəbəsində yaşayıram. Öz həyətyanı sahəmdə 1 hektara yaxın xurma bağım var. Bu il məhsulumuz bol oldu. Məhsulun satışında çətinlik çəkdiyimiz üçün Kənd Təsərrüfatı Nazirliyi nəzdində olan “Aqrar Tədarük və Təchizat” ASC-yə müraciət etdim. Sağ olsunlar, müraciətimi nəzərə alıb məhsulumuza baxmağa gəldilər. Qiymətdə razılaşdıq və məhsulumuzun dəyərində “Fermer kartı” vasitəsilə pul ödənildi. Bunun üçün Prezidentimizə, Kənd Təsərrüfatı Nazirliyinə və “Aqrar Tədarük və Təchizat” ASC-nin əməkdaşlarına öz təşəkkürümü bildirirəm. Sağ olsunlar ki, bizə belə bir şərait yaradıblar”.
Qeyd edək ki, “Aqrar Tədarük və Təchizat” ASC nizamnaməsindən irəli gələrək yerli qida və kənd təsərrüfatı məhsullarının istehsalçıları ilə sıx əməkdaşlıq edir, istehsalçılardan tədarük etdiyi ərzaq məhsulları ilə müxtəlif dövlət qurumlarının və özəl təşkilatların qida təchizatını həyata keçirir. Qurum aqrar sahəni stimullaşdırmağı, yerli kiçik və orta fermer təsərrüfatlarını dəstəkləməyi və regionlarda yaşayan əhalinin sosial rifahının yüksəlməsində pay sahibi olmağı qarşısına məqsəd qoyub.
Bu məqamda qeyd edək ki, Tərtər rayonunun xurma bağlarında da məhsul yığımına başlanılıb. İstehsal edilən məhsul ilk günlərdən yerli bazarlara, habelə Rusiya və Ukrayna bazarlarına göndərilir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Arif Behbudov bildirib ki, bağçılıq və meyvəçilik rayonda əhalinin əsas məşğuliyyət növlərindəndir. Bu sahədə xurma xüsusi yer tutur. Xurma ağacının məhsuldar və xəstəliklərə davamlı olması, ən əsası isə satış bazarının mövcudluğu bu sahəyə marağı artırır. Odur ki, tərtərli torpaq mülkiyyətçiləri hər il xurma bağlarını genişləndirirlər. Hazırda rayon ərazisində 450 hektardan çox xurma bağı var ki, onun da çoxu barverəndir. Kəndli fermerlər əsasən xurmanın “Şişburun” və “Karalyok” növlərinin əkilməsinə üstünlük verirlər. Həm ölkə bazarlarında, həm də şimal qonşularımız olan Rusiya və Ukrayna bazarlarında hər iki növdən olan xurmaya olan tələbat böyükdür.
Rayonun xurma istehsalı ilə məşğul olan yaşayış məntəqələrindən biri də Seydimli kəndidir. Kənd sakini Sərdar Tağıyev KİV-ə açıqlamasında deyib ki, 10 il əvvəl 40 hektar sahədə xurma bağı salıb: “Bağda adi xurma, “Şişburun”, “İspan” növləri üstünlük təşkil edir. Hər ağacdan 100 kiloqrama qədər, hər hektardan isə 20 tona yaxın məhsul götürürük. Bağın suvarılması damcı üsulu ilə həyata keçirilir. Yüksək məhsul əldə etmək üçün ağaclar vaxtında budanmalı, zərərvericilərə qarşı mübarizə tədbirləri aparılmalı, mineral gübrə verilməlidir. Bu il bağlarda bol xurma yetişib. Alıcılıq qabiliyyəti yaxşıdır, meyvənin bir kiloqramını 30-40 qəpiyə satırıq”.
Bildirilib ki, bağda yığılan xurma anbara daşınır. Burada yeşiklərə yığılaraq Rusiya və Ukraynaya göndərilir. Xurmanın daşınmasını həyata keçirən Fərhad Zeynalzadə Rusiya bazarlarında xurma meyvəsinə tələbatın yüksək olduğunu bildirib. Qeyd edək ki, xurma orqanizm üçün faydalılığı ilə seçilən meyvədir. Onun tərkibində şəkər, protein, yağlar, C vitamini və aşı maddəsi var. Xalq təbabətində xurma müxtəlif mədə xəstəliklərinin sağaldılmasında tətbiq edilir.
Regionlarda meyvəçiliyin inkişafına göstərilən dəstək üzümçülüyə də müsbət təsir göstərir. Cari il ərzində bu sahədə əldə edilən məhsuldarlıq da deyilənləri təsdiqləyir. Belə ki, bəzi bölgələrdə bol üzüm toplanıb. Öz növbəsində Qəbələ rayonunun təsərrüfatlarında da üzüm yığımı başa çatıb. Torpaq mülkiyyətçiləri builki mövsümdə üzüm bağlarından 3 min 684 ton məhsul tədarük ediblər. Üzüm istehsalı ötən illə müqayisədə 100 tonadək artıb. Bu barədə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.
Sektor müdiri bildirib ki, son illər rayonda üzümçülüyün inkişaf etdirilməsi istiqamətində fiziki və hüquqi şəxslər tərəfindən davamlı işlər görülür. Son üç ildə fermerlər tərəfindən rayon ərazisində 17 hektar sahədə yeni üzüm bağları salınıb. Hazırda Qəbələ rayonunda 421 hektar barverən üzüm bağı var.
İsmayıllı rayonunda da üzüm yığımı başa çatıb, sahələrdən 4236 ton məhsul götürülüb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, son illər rayonda üzümçülük inkişaf etdirilir. Hazırda bölgədə 1121,1 hektar üzüm bağı var ki, bunun da 1012,9 hektarı bar verən bağlardır. Plantasiyaların 311,1 hektarı süfrə, 810 hektar isə texniki sortlardan ibarətdir. Bağlarda əsasən “Sultanino”, “Kardinal”, “Moldovo” süfrə sortları, “Mədrəsə”, “Rislinq”, “Rkaşteli” və digər texniki sortlar yetişdirilir.
Cari ildə bar verən üzüm bağlarının hər hektarından 41,8 sentner olmaqla 4236 ton məhsul yığılıb. Bu da keçən illə müqayisədə 112 ton çoxdur. Məhsul yığımı kampaniyası daha çox üzüm bağları olan Qalınçaq, Kürdmaşı, İvanovka ərazi dairələrində daha mütəşəkkil keçib.
Şamaxı rayonunda da üzüm yığımı başa çatıb. Plantasiyalardan 10 min 309 ton məhsul yığılıb ki, bu da ötənilki göstəricidən 336,5 ton çoxdur. Bu barədə rayon Statistika İdarəsindən bildirilir ki, vaxtilə üzümçülük üzrə məşhur olan Şamaxıda son illər bu sahə sürətlə inkişaf etdirilir. Artıq plantasiyaların sahəsi 1793,3 hektara çatdırılıb. Bunun da 1612 hektarı məhsuldardır.
Rayonda daha çox üzüm bağları olan “Az-Qranata”, “RMZ” və “Şirvan şərabları” MMC-lər, habelə Sabir, Şəhriyar qəsəbə, Mədrəsə, Meysəri, Mirkənd, Çarhan kənd ərazi dairələri məhsul istehsalında fərqləniblər. Yığılan texniki sort üzüm emal müəssisələrinə göndərilib. Yetişdirilən süfrə üzümü isə birbaşa bazarlara çıxarılıb.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Teymur Musayev, texnika üzrə fəlsəfə doktoru Mövlud Hüseynov və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndələri tərəfindən mövsümlə əlaqədar olaraq Şəmkir rayonunda fermerlərə məxsus üzüm bağlarına baxış keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, Şəmkir rayonunun Qapanlı kəndinin Nazik Su ərazisində yerləşən Maisə İsayevaya məxsus 5 hektar üzüm bağı olan fermer təsərrüfatına baxış zamanı üzümün xəstəlik və zərərvericilərdən qorunmasına düzgün və vaxtında əməl edilmədiyindən sahədə becərilən “Red qlob”, “İtaliya muskatı” və digər sortlarda xeyli dərəcədə çürümələrin olduğu aşkarlanıb. Bu da üzümün əmtəəlik keyfiyyətinə və məhsuldarlığına mənfi təsir edərək, istehsalçının iqtisadi zərərə düşməsinə səbəb olub. Alimlər tərəfindən üzümün çürümə səbəbləri və onun vaxtında qarşısının alınması ilə bağlı məsləhətlər verilib.
(davamı növbəti sayımızda)
Nardar BAYRAMLI
- Oxunub: 1710 |
- Tarix: 16-11-2019 |
-
Çap et |