
Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüşləri davam etdirir. Agentlik sədrinin müavini Balarəhim Quliyev və aparat rəhbəri Zəkiyyə Mustafayevanın iştirakı ilə növbəti görüş paytaxtda fəaliyyət göstərən iri ticarət obyektlərinin sahibləri ilə olub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Ticarət şəbəkələrində aparılan dövlət nəzarəti və monitorinqlər nəticəsində aşkarlanmış uyğunsuzluqlar və onların həlli yolları” mövzusunda təşkil olunan görüşdə monitorinqlər zamanı aşkarlanan faktların aradan qaldırılması ilə əlaqədar sahibkarlıq subyektlərinə bir sıra tövsiyələr verilib.
Diqqətə çatdırılıb ki, qanunvericiliyə uyğun olaraq yerli məhsullar qida təhlükəsizliyinə dair çıxarış, idxal olunan məhsullar isə qida təhlükəsizliyi sertifikatı ilə təmin edildikdən sonra ticarət şəbəkələrinə daxil olmalıdır. Lakin monitorinqlər zamanı həmin təlimatların, eləcə də məhsulların markalanmasında tələblərin pozulması ilə əlaqədar faktlar aşkarlanıb. Bildirilib ki, hər bir ticarət obyektinin sahibi təlimata əməl etməlidir. Eyni zamanda qeyd olunub ki, bəzi ticarət obyektlərində tərkibində böyük miqdarda bitki, az miqdarda isə kərə yağı spredi olan yağlar kərə yağı adı altında satılır. İstehlakçı hüquqlarının pozulduğu bu kimi halların aradan qaldırılması ilə bağlı sahibkarlara təlimatlar verilib.
Görüşdə “Yeyinti məhsulları haqqında” Qanunun tələbləri barədə məlumatlar verilib və sahibkarların sualları cavablandırılıb.
- Oxunub: 1620 |
- Tarix: 13-11-2019 |
-
Çap et |