
Gələn ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat, xərcləri isə 26 milyard 913 milyon manat nəzərdə tutulur
Noyabrın 12-də Milli Məclisin növbəti iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələri müzakirəyə çıxarılıb. Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov və hökumətin üzvləri iclasda iştirak ediblər.
İclası Milli Məclisin Sədri Oqtay Əsədov açaraq gündəliyi təqdim edib. İclasın gündəliyinə 11 məsələ daxildir. O.Əsədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində inkişaf müşahidə olunur. Onun sözlərinə görə, bu gün ölkəmizdə mühüm struktur islahatları həyata keçirilir. Dünya Bankının son hesabatında Azərbaycan dünyanın 20 ən islahatçı ölkəsi sırasında yer alıb. Azərbaycanda ardıcıl həyata keçirilən islahatlar iqtisadi potensialı daha da möhkəmləndirib.
“2020-ci ilin büdcə zərfi ölkə iqtisadiyyatındakı müsbət dəyişiklikləri dolğun əks etdirir. Ötən 9 ayda ÜDM 2,5 faiz artıb, qeyri-neft sənayesi sürətlə artıb. Oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə də qeyd edildiyi kimi, qeyri-neft sektoru üzrə həyata keçirilən işlər bu sahədə artıma səbəb olub. Azərbaycanın strateji valyuta ehtiyatları 48 milyard dolları ötüb. Cari ilin 9 ayında əhalinin gəlirləri 8,9 faiz artıb, inflyasiya 2,6 faiz təşkil edib ki, bu da əhalinin rifah halını daha da yaxşılaşdırıb”, - deyə Milli Məclisin Sədri vurğulayıb.
Çıxış edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, illər keçdikcə Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə öz büdcə parametrlərinin daha da yaxşılaşdırılması üçün tədbirlər görür. Büdcə layihəsi “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq vaxtında Milli Məclisə təqdim edilib. 2020-ci ilin büdcəsi Azərbaycanın müstəqillik tarixində ən irihəcmli büdcədir. “Son illərdə ölkədə aparılan islahatlar, xüsusilə də “kölgə” iqtisadiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir. Bu nəticələri vergi və gömrük daxilolmalarında aydın görürük”, - deyən Z.Səmədzadə söyləyib ki, 2019-cu ilin 9 ayı ərzində ÜDM-in nominal artımı 1,2 faiz, qeyri-neft sektoru üzrə 7,6 faiz olduğu halda, vergi daxilolmalarının artım tempi 5,7 faiz təşkil edib: “O cümlədən qeyri-neft sektoru üzrə 12,6 faiz təşkil edib”.
Komitə sədri deyib ki, 2019-cu ilin müvafiq dövründə proqnozun icrası ümumilikdə 104,9 faiz, neft sektoru üzrə 95,9 faiz, qeyri-neft sektoru üzrə isə 109,5 faiz yerinə yetirilib: “Cəmi aktiv ƏDV ödəyicilərinin sayı 1 yanvar 2019-cu illə müqayisədə 1 noyabr 2019-cu il tarixinə 32,9 faiz artıb”.
Daha sonra Maliyyə naziri Samir Şərifov çıxış edib. S.Şərifov bildirib ki, 2020-ci ilin icmal və dövlət büdcələrinin layihələri Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi və sosial inkişaf prioritetləri, büdcə sistemi haqqında qanunvericiliyin tələbləri, qlobal iqtisadiyyatda gedən proseslər, onların ölkə iqtisadiyyatına mümkün təsirləri, o cümlədən İqtisadiyyat Nazirliyinin ortamüddətli dövrdə iqtisadi və sosial inkişafa dair proqnozları, habelə dövlət maliyyə sisteminin orta və uzunmüddətli dövrdə qarşısında duran çağırışlar nəzərə alınmaqla hazırlanıb. Gələn ilin büdcəsinin əsas parametrləri barədə məlumat verən S.Şərifov bildirib ki, 2020-ci ilin icmal büdcəsinin gəlirləri 27 milyard 533 milyon manat təşkil edəcək. İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaq ki, bu da 2019-cu illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. İcmal büdcənin kəsiri 1 milyard 955 milyon manat və ya proqnozla nəzərdə tutulan ümumi daxili məhsulun 2,3 faizinə bərabər olacaq. 2020-ci il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 29 faizi həcmində olmaqla nominal ifadədə 24 milyard 135 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 967 milyon manat və ya 4,2 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur. Cari illə müqayisədə xüsusi çəki nisbətində neft gəlirləri 3 faiz bənd azalıb, müvafiq olaraq qeyri-neft gəlirlərinin xüsusi çəkisi isə 3 faiz bənd artıb. Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 milyard 875 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 milyon manat və ya 7,6 faiz çoxdur. Gömrük orqanlarının xətti ilə büdcəyə 4 milyard manat, yəni 2019-cu ilə nisbətən 298 milyon manat və ya 8 faiz çox vəsait daxil olması proqnozlaşdırılır. Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14,3 milyon manat az transfer nəzərdə tutulur. 2020-ci il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 32,3 faizi səviyyəsində və ya 26 milyard 914 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 1 milyard 724 milyon manat və ya 6,8 faiz çoxdur.
Nazir qeyd edib ki, 2020-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri üçün 8402,3 milyon manat vəsait nəzərdə tutulub. Əhalinin sosial təminatının yaxşılaşdırılması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən bir sıra mühüm addımlar atılıb. Bu işlər 2020-ci ildə də davam etdiriləcək. 2020-ci ilin dövlət büdcəsini səciyyələndirən əsas amillərdən biri də sosialyönümlü xərclərin əhəmiyyətli dərəcədə artırılmasıdır. Növbəti ildə büdcədə sosial təminatla bağlı əhəmiyyətli artım olacaq. 2020-ci ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlar da daxil olmaqla, əməkhaqlarının artımı gözlənilir.
Nazir bildirib ki, bu illə müqayisədə növbəti ildə elm xərclərinə 42,1 faiz, təhsil xərclərinə 38,3 faiz, səhiyyə xərclərinə 31,3 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 31,1 faiz, mədəniyyət, informasiya, bədən tərbiyəsi və gənclər siyasətinə 29,3 faiz, müdafiə və hüquq- mühafizə orqanlarının saxlanması xərclərinə 22,5 faiz çox vəsait nəzərdə tutulub. Dövlət büdcəsinin 10 milyard 210 milyon manatı konkret proqram və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək. Müdafiə və təhlükəsizliyin təmin edilməsi, məhkəmə hakimiyyəti, o cümlədən hüquq-mühafizə orqanları, prokurorluğun saxlanması xərcləri üçün 5 milyard 827 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Hərbi qulluqçuların mənzillə təmin olunması, əhalinin güzəştli şəkildə mənzil əldə etməsi, ipoteka kreditləri ilə dəstəklənən məsələlərə də maliyyənin ayrılması nəzərdə tutulub. Bu tədbirlərin maliyyələşdirilməsi üçün 245 milyon manat vəsait ayrılacaq.
Sonra çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, gələn il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2020-ci ildə qeyri-neft sahəsində 8,8 faiz artım proqnozlaşdırılır. Nazir qeyd edib ki, növbəti ildə qeyd olunan proqnozların reallaşdırılması üçün biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və digər addımların davam etdirilməsi önəmlidir. Görülən işlər nəticəsində qeyri-neft sahəsində ildən-ilə artım qeydə alınır. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir. “İxrac potensialının həyata keçirilməsində qeyri-neft sənayesi xüsusi əhəmiyyətə malikdir. Gələn il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. Belə ki, Ümumi Daxili Məhsulun gələn il 3 faiz, növbəti illərdə isə 3,3 faiz artacağı proqnozlaşdırılır. Gələn il üçün inflyasiya 4,6 faiz, sonrakı il üçün isə 4 faiz ətrafında olacağı ehtimal edilir. Gələn il neft-qaz sektorunda 1,6 faiz, növbəti illərdə isə 3 faiz artım gözlənilir. Bu ilin 9 ayında qeyri-neft sənayesində əlavə dəyər 16,6 faiz artıb. Növbəti ildə aqrar sektorda 4,8 faiz, sonrakı 3 ildə orta hesabla 4,3 faiz artım gözlənilir”, - deyən nazirin sözlərinə görə, Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb. “Növbəti ildə proqnozların reallaşdırılması üçün biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və digər addımların davam etdirilməsi önəmlidir. Görülən işlər nəticəsində qeyri-neft sahəsində ildən-ilə artım qeydə alınır. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir”, - deyə nazir vurğulayıb.
Nazir qeyd edib ki, növbəti ildə qeyd olunan proqnozların reallaşdırılması üçün biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və digər addımların davam etdirilməsi önəmlidir: “Görülən işlər nəticəsində qeyri-neft sahəsində ildən-ilə artım qeydə alınır. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir”.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyini diqqətə çatdırıb. O deyib ki, büdcənin proqnozlaşdırılması çox çətin və mürəkkəb prosesdir. İlin əvvəlində nəzərdə tutulmayan və gözlənilməyən xərclərin icra prosesində meydana çıxması dövlət büdcəsində ehtiyat vəsaitlərin nəzərdə tutulmasını zərurətə çevirir. 2020-ci ilin dövlət büdcəsində dövlət borcunun yuxarı hədlərinin azaldılması nəzərdə tutulur, eyni zamanda, gələn ilin dövlət büdcəsində xərclərin həcmi cari ildəkinə nisbətən artacaq. Bu isə dövlətin sosialyönümlü xərclərinin artması ilə bağlıdır. Növbəti ilin dövlət büdcəsində sosialyönümlü xərclər ən böyük həcmə malikdir.
Daha sonra büdcə layihəsinin müzakirələrinə başlanıb. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, respublikamızda son illər innovasiyalı və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşması, davamlı olaraq aparılan iqtisadi və kadr islahatları, yeni iri aqrar və sənaye müəssisələrinin fəaliyyətə başlaması və digər tədbirlərin həyata keçirilməsi iqtisadiyyatın dinamik artımına öz müsbət təsirini göstərməkdə davam edir. E.İbrahimov deyib ki, 2020-ci ilin dövlət büdcəsi layihəsi ilə tanışlıq onu deməyə əsas verir ki, həqiqətən də, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində dövlət başçısının dediyi kimi, Azərbaycan vətəndaşı, onun maddi rifah halının daim yaxşılaşması dayanır. Bunu təsdiq edən əsas göstəricilər isə əsas kapitala yönələn investisiya və sosial yönümlü xərclərdir. Gələn ilin büdcəsində əsas kapitala investisiyalar 18,3 milyard manata çatdırılacaq ki, bu da əvvəlki illərdən xeyli çoxdur. 2020-ci ilin dövlət büdcəsində sosialyönlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi ilk dəfə olaraq 38,5 faizə çatacaq ki, bu da inkişaf etmiş bir çox dünya ölkələrinin arzu etdiyi səviyyədir. Bu da onu sübut edir ki, 2020-ci ilin büdcəsi investisiya və sosial tutumlu büdcədir. Komitə sədrinin sözlərinə görə, 2020-ci ildə 2018-ci ilə nisbətən dövlət büdcəsinin gəlirlərinin artımı Vergilər Nazirliyi üzrə 7 faiz, Gömrük Komitəsi üzrə isə 17 faiz təşkil edəcəkdir. Gömrük Komitəsində 2017-ci ilə nisbətən 2020-ci ildə 1,6 milyard manat və ya 54 faiz artım gözlənilir. Əvvəlki dövrlərdə isə illik artım cəmi 0,5-1,0 faiz təşkil edirdi.
“Son illər aqrar sahədə məhsuldarlığın yüksəlməsi, yeni texnika və texnologiyaların tətbiqi, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, müasir tələblərə cavab verən aqroparkların və digər iri kənd təsərrüfatı obyektlərinin yaradılması istiqamətində büdcə vəsaiti və güzəştli kreditlər hesabına əhəmiyyətli işlər görülmüşdür. Məhz həyata keçirilən bu tədbirlər nəticəsində son illər kənd təsərrüfatı məhsullarının istehsalında sürətli artım əldə edilmişdir. 2020-ci ilin büdcə layihəsində kənd təsərrüfatı bölməsi üzrə 921 milyon manat, o cümlədən 447,4 milyon manat kənd təsərrüfatı və 426 milyon manat meliorasiya tədbirlərinə vəsait ayrılması nəzərdə tutulur ki, bu da cari ildəkindən 97 milyon manat və ya 11,8 faiz çoxdur. Naxçıvandan seçilən deputat kimi Naxçıvan Muxtar Respublikasının ehtiyac və qayğılarına diqqətlə yanaşdıqları üçün başda hörmətli Prezidentimiz olmaqla büdcə layihəsinin tərtibində iştirak edən hər kəsə öz təşəkkürümü bildirirəm”, - deyə komitə sədri vurğulayıb.
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxışında bildirib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişaf etməsinin, dövlət büdcəsinin daha geniş şəkildə artmasının şahidiyik. Onun sözlərinə görə, 2020-ci ilin dövlət büdcəsi müstəqilliyimiz tarixində ən böyük büdcədir. Sosial sahəyə ayrılan vəsait büdcənin çox böyük hissəsini təşkil edir. Bu baxımdan büdcəni sosial büdcə adlandıra bilərik.
Bəzi qüvvələrin ölkəmizin inkişafını gözü götürmədiyini deyən S. Novruzov söyləyib ki, onlar Azərbaycanın digər ölkələr kimi ağır vəziyyətdə olmasını, başqa dövlətlərin əlinə baxmasını istəyirlər: “Burada oturan deputatların hər biri büdcəni müzakirə edir, öz dairələri, təmsil olunduqları ərazidə problemlərin həllini təklif edirlər. Bir qrup isə Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket edir. Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti qarşısında qanunsuz aksiya keçirməyə cəhd etməsinin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir. İndiki vaxtda mitinq nəyə lazımdır? Milli Məclisdə dövlət büdcəsi müzakirə olunur. Nə təklifin varsa, yaz göndər. Qarşıdan bələdiyyə seçkiləri gəlir. Belə bir vaxtda gərəksiz yerə qanunsuz aksiya keçirmək, Bakı Şəhər İcra Hakimiyyəti qarşısında ictimai asayişi pozmağın nəyə xidmət etdiyi bəllidir. Orada cəmi 30 nəfər yığışıb. Xalq da onları dəstəkləmir, bunların kimlərə xidmət etdiyini yaxşı bilir”.
S.Novruzov bildirib ki, radikal müxalifət bir-birini təkrar edir: “Çalışırlar göstərsinlər ki, guya bunlar böyük müxalifətdir. Qanuna, qanunun aliliyinə hörmət etmək əvəzinə bunların göstəriciləri qanunu pozmaq, polisə müqavimət göstərmək, ictimai-siyasi sabitliyi pozmağa cəhd etmək, digər vətəndaşların hüquqlarını pozmaq və s. bu kimi əməllər törətməkdir. Yəni hər hansı bir təklif vermək, alternativ layihələrlə çıxış etmək əvəzinə bu cür əməllər törədirlər, öz fəaliyyətlərini qeyri-qanuni əməllər ilə ölçürlər. İndi onlardan soruşmaq lazımdır ki, onlar xalqın problemləri ilə maraqlanır, yoxsa burada oturanlar?”
Millət vəkili söyləyib ki, ictimai asayişi pozmaq, seçkilərə mane olmağın nəyə xidmət etdiyi bəllidir: “Əgər onlar BMT-nin ofisi qarşısında belə piket keçirsəydilər, onu başa düşərdim. Çünki işğal altında olan torpaqların sakinləri bələdiyyə seçmək hüququndan məhrum olublar. Bir dəfə də olsun Qarabağın adını çəkməyən insanlar gedib piket keçirirlər. Onların piketi nəticəsində nəqliyyat dayanıb, təhsil sistemi zərər görüb”.
YAP İcra katibinin müavini çıxışı zamanı bələdiyyə seçkilərinin keçiriləcəyini xatırladaraq, siyasi partiyalara ayrılan vəsaitin artırılmasını təklif edib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova çıxışında bildirib ki, gələn ilin dövlət büdcəsi layihəsi hazırlanarkən həm ölkəmizin inkişaf paradiqmaları, həm də son illərdə həyata keçirilən islahatların uğurlu nəticələri, qlobal məkanda iqtisadi sistemdə gözlənilən risk və meyillər nəzərə alınıb. Biz büdcə layihəsi ilə tanış olarkən gələn ilin dövlət büdcəsinin Azərbaycanın müstəqillik tarixində ən böyük büdcə olduğunu gördük. Bu isə həm də o deməkdir ki, bu gün Azərbaycan özünün inkişafında ən yüksək zirvəni yaşamaqdadır.
Millət vəkilinin sözlərinə görə, büdcənin gəlirləri və xərcləri ölkəmizin prioritetlərinin, inkişaf məqsədlərinin həyata keçirilməsinə, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə islahatların uğurla reallaşdırılmasına imkan verəcək. Sosial sferada nəzərdə tutulan xərclərin artırılması Azərbaycanın sosial dövlət fəlsəfəsinə tam uyğundur və bu, vətəndaşların sosial müdafiəsinin daha uğurlu və etibarlı təşkilinə töhfə verəcək.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev də deyib ki, gələn ilin dövlət büdcəsi həm investisiyayönümlü, həm də sosial büdcədir. Onun fikrincə, bu büdcə iqtisadiyyatımızın daha da yüksəlməsi ilə yanaşı, sosial rifahının daha da yüksəlməsinə xidmət edəcək.
Bununla yanaşı, millət vəkili bəzi təkliflərlə çıxış edib. Təxminən əməkqabiliyyətli 3 milyon insanın sosial sığorta və vergidən kənarda qaldığını deyən M.Quliyev bu məsələnin həll olunması üçün müəyyən vergi güzəştlərinin tətbiq olunmasını təklif edib. O həmçinin bildirib ki, ölkəmizdə daxili bazar və yerli istehsal qorunmalıdır.
İclasda həmçinin Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, millət vəkilləri Qənirə Paşayeva, Musa Qasımlı, Gövhər Baxşəliyeva, Fəzail Ağamalı, Tahir Rzayev, Rəşad Mahmudov, Novruz Aslanov, Elman Nəsirov, Kamilə Əliyeva, Bəxtiyar Əliyev, Aydın Mirzəzadə, Aytən Mustafazadə, Nəsib Məhəməliyev, Tahir Mirkişili, Cavid Osmanov, Aydın Hüseynov və başqaları çıxış edərək gələn ilin dövlət büdcəsinin layihəsi ilə bağlı fikir və təkliflərini bildiriblər.
Nardar BAYRAMLI
- Oxunub: 1470 |
- Tarix: 13-11-2019 |
-
Çap et |