
Bütövlükdə son 16 ildə ölkə üzrə 15 min kilometr yol çəkilib, 443 körpü istifadəyə verilib
Son 16 ildə Azərbaycanın həyatı ölkənin bütün regionlarında müxtəlif təyinatlı infrastruktur obyektlərinin yaradılması ilə əlamətdar olub. Dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan belə infrastruktur obyektləri bir tərəfdən respublikamızda iqtisadi aktivliyin artmasına müsbət təsir göstərir, digər tərəfdən isə insanların həyatına rahatlıq gətirir.
Ölkə üzrə yaradılan müasir infrastruktur obyektləri sırasında həmçinin əsaslı şəkildə yenidən qurulan yolların da böyük sosial-iqtisadi əhəmiyyəti var. Bütövlükdə, son 16 ildə respublikamızda yol infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Belə ki, bəhs olunan dövrdə ölkə üzrə 15 min kilometr yol çəkilib, 443 körpü istifadəyə verilib. Son vaxtlarda isə respublika üzrə daha bir neçə yol layihəsinin icrası tamamlanıb.
Ağdaş rayonunda yenidən qurulan Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolu istifadəyə verilib
Əlamətdar haldır ki, Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan bir sıra yolların istifadəyə verilməsi mərasimlərində şəxsən iştirak edir və Özünün dəyərli tövsiyələrini verir. Dövlət başçısı bu yaxınlarda regionlara səfəri çərçivəsində Ağdaş rayonunda yenidən qurulan Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun istifadəyə verilməsi mərasiminə qatılıb. Tədbirdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verib ki, Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı yolunun uzunluğu 33 kilometr, hərəkət hissəsinin eni 6 metrdir. Dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış 12,7 milyon manat vəsait hesabına salınmış yol əhatə etdiyi 10 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında, eləcə də insanların həyat tərzinin və rifah halının yüksəlməsində mühüm əhəmiyyət kəsb edəcək.
Sonra dövlətimizin başçısına rayonun Orta Qəsil-Şordəhnə-Qarağan Şıxlar-Kükəl-Ərəb-İkinci Aral avtomobil yolunun tikintisi layihəsi barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli Sərəncamı ilə kəndlərarası avtomobil yollarının tikintisi üçün ayrılmış vəsait hesabına 17 min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini əhatə edən bu yolun tikintisi məqsədilə 18,7 milyon manat vəsait ayrılıb. Dördüncü texniki dərəcəli yolun ümumi uzunluğu 40,5 kilometrdir.
Prezident İlham Əliyevə həmçinin Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolunun tikintisi barədə də məlumat verilib. Qeyd olunub ki, tamamilə yenidən qurulmuş bu yol 12,8 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirir. Yolun ümumi uzunluğu 27 kilometrdir.
Qəbələ rayonunda istifadəyə verilən Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu 11 yaşayış məntəqəsini birləşdirir
Bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə həmçinin Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra olunur. İndi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib.
Diqqətə çatdırılıb ki, Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu 10 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir. Uzunluğu 19 kilometr olan yol dördüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı yol üzərində xeyli yol nişanı və göstərici lövhələr, siqnal dirəkləri və 8 avtodayanacaq quraşdırılıb. Avtomobil yolunun 10-cu kilometrliyində Qaraçay çayı üzərində dördaşırımlı yeni körpü tikilib, Zalamçay çayı üzərində isə ikiaşırımlı körpü təmir edilib. Bu yolun inşası əhalinin mənzil başına tez və rahat çatmasına, həmçinin kənd təsərrüfatı məhsullarının vaxtında bazarlara və digər satış məntəqələrinə çatdırılmasına şərait yaradacaq.
Tədbirdə Prezident İlham Əliyevə rayonun Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolunun tikintisi barədə də məlumat verilib. Qeyd olunub ki, 11 min əhalinin yaşadığı və 8 yaşayış məntəqəsini birləşdirən yolun uzunluğu 18 kilometrdir.
Tədbirdə Prezident İlham Əliyev Şamaxı-İsmayıllı yolunun yenidən qurulması barədə göstəriş verərək deyib: “Mən indi Bakı-Şamaxı yolu ilə gəlmişəm. Bu yol yaxşıdır. Vaxtilə göstəriş vermişdim ki, yol dörd zolağa genişləndirilsin, demək olar başa çatıb. Amma Şamaxı-İsmayıllı yolu bərbad vəziyyətdədir. Belə bir yolla biz barışa bilmərik. Niyə məlumat vermirsiniz bu haqda? Biz indi kənd yollarını magistral yollar səviyyəsində inşa edirik. Amma şəhərlərarası, xüsusilə turizm zonasına gedən yol belə bərbad vəziyyətdə qala bilməz. Təkliflər verin ki, biz Şamaxı-İsmayıllı yolunu investisiya proqramına salaq. Gələn il gərək Şamaxı-İsmayıllı yolu istifadəyə verilsin, özü də yüksək səviyyədə”.
Yenidən qurulan Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolu yeni turizm marşrutlarının yaranmasına şərait yaradacaq
Şabran rayonunda uzunluğu 25 kilometr olan IV texniki dərəcəyə uyğun Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolu yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən KİV-ə bildirilib ki, hazırda yolun müəyyən hissəsinin genişləndirilməsi işləri ilə yanaşı, yol əsasının üst layının tikintisi işlərinə başlanılıb. Marşrut boyu 16 ədəd yararsız hala düşmüş müxtəlif diametrli dairəvi suötürücü dəmir-beton boruların yeniləri ilə əvəz edilməsi və izolyasiyası işləri aparılıb. Bundan başqa, 2 yerdə düzbucaqlı su keçidi, 2 nöqtədə 1 aşırımlı dəmir-beton konstruksiyalı körpünün tikintisi də layihə üzrə yerinə yetirilib. Daha sonra yolboyu iri və xırda dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi işlərinin görülməsinə də başlanılıb. Asfaltlanma işləri yolun 150 min kvadratmetrdən çox sahəsini əhatə edir.
Surra-Düz-Bilici-Qorğan-Çinarlar avtomobil yolu 9 yaşayış məntəqəsini əhatə etməklə 4 minədək vətəndaşın rayon mərkəzinə, oradan da respublikanın istənilən nöqtəsinə rahat gediş-gəlişini təmin edəcək, yeni turizm marşrutlarının yaranmasına şərait yaradacaq.
Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunda yenidənqurma işlərinin 2020-ci ildə yekunlaşdırılması nəzərdə tutulur
Qusarda 14 yaşayış məntəqəsini əhatə edən Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu yenidən qurulur. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri aparılan yolun uzunluğu 46 kilometrdir.
Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu torpaq əsaslı və çınqıl örtüklü olmaqla, 4-cü texniki dərəcəyə uyğun inşa edilir. Layihəyə uyğun olaraq, yolun 36 kilometri asfalt-beton, 10 kilometri isə çınqıl örtüklü olmaqla, yenidən qurulur. Yolboyu deformasiyaya uğrayan hissələr qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Yolun torpaq yatağının təmiri və bərpası işləri aparılır, torpaq yatağı genişləndirilir.
Hazırda yola iki laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Yolun hərəkət hissəsinin eni 6 metrdir.
Yolboyu mövcud suötürücü borular yararsız vəziyyətə düşdüyündən, yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac yaranıb. Bu səbəbdən layihə üzrə 46 dairəvi dəmir-beton suötürücü boru, iki ədəd düzbucaqlı su keçidi və iki yerdə isə bir aşırımlı dəmir-beton konstruksiyalı körpülərin tikintisi aparılır.
Qusar rayonunun Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi 8 min əhalinin yaşadığı 14 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsini yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq. Yolda yenidənqurma işlərinin 2020-ci ildə yekunlaşdırılması nəzərdə tutulur.
Tərtərin təmas xəttinə yaxın Hüsənli kəndində yolların yenidən qurulması sakinlərin sevincinə səbəb olub
Tərtər rayonunun təmas xəttinə yaxın Hüsənli kəndində yol infrastrukturunun yenidən qurulması işləri yekunlaşıb. Yol tikintisində mühəndis Telman Hüseynov KİV-ə açıqlamasında bildirib ki, Yevlax-Xocalı avtomobil yolunun 45-ci kilometrliyindən ayrılan Hüsənli yerli əhəmiyyətli avtomobil yolu asfaltlanıb. Tikinti işləri çərçivəsində çınqıl materialından istifadə etməklə 10 metr enində yol yatağı inşa olunub. Yola müxtəlif yerlərdə 23 ədəd suötürücü boru qoyulub. Kəndin küçələri də daxil olmaqla, yola eni 6 metr, uzunluğu isə 3 kilometr olmaqla asfalt-beton örtük döşənib. Hazırda zəruri yerlərdə yol nişanları quraşdırılır. 2020-ci ildə isə rayonun uzunluğu 30,5 kilometr olan Səhlabad, Əksipara, Qarağacı, Yuxarı Qaradağlı, Qapanlı, Qaynaq, Yuxarı Qapanlı, Qazyan avtomobil yollarının da yenidən qurulması nəzərdə tutulur.
Hüsənli kəndində yolların təmir edilməsi sakinlərin sevincinə səbəb olub. Hüsənli kənd tam orta məktəbin müəllimi Leyla Məmmədova deyib: “Kəndimizdə bütün infrastruktur yaradılıb. Təkcə yollarımız narahat idi. Uşaqlar da, müəllimlər də yağıntılı hava şəraitində məktəbə çətinliklə gedirdi. İndi dövlətimizin qayğısı sayəsində bu çətinliyimiz aradan qaldırılıb. Bu biz sakinləri sevindirir”.
(davamı növbəti sayımızda)
Mübariz ABDULLAYEV
- Oxunub: 1260 |
- Tarix: 13-11-2019 |
-
Çap et |