
Ekspertlərin də qeyd etdikləri kimi, xalqımız dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir
Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq olunması və hədəflənən nəticələrin əldə olunması, siyasi, hüquqi və sosial-iqtisadi islahatların davamlı olaraq həyata keçirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Bütövlükdə, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib.
Bütün bunların nəticəsidir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir. Təsadüfi deyil ki, ictimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib ki, Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, ölkəmizdə etibarlı sabitlik və təhlükəsizlik mühiti hökm sürür: “Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs Azərbaycanın iqtisadi qüdrətinin artmasını, beynəlxalq mövqeyinin möhkəmlənməsini təmin edib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb”.
Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının ölkənin davamlı tərəqqisinə xidmət etdiyini deyən millət vəkili əlavə edib ki, ölkəmizdə dövlət siyasətinin çox mühüm tərkib hissəsini sosial siyasət təşkil edir: “Azərbaycanda səmərəli sosial siyasət həyata keçirilir, vətəndaşlar yüksək dövlət qayğısı ilə əhatə olunublar. Bu istiqamətdə mütəmadi olaraq Fərman və sərəncamlar imzalanır, müvafiq qərarlar qəbul olunur. Prezident İlham Əliyevin sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın və bütövlükdə cəmiyyətin rifahını təmin edir”.
“Bununla yanaşı, Azərbaycan dünya siyasi arenasında çox mühüm nailiyyətlərə imza atıb, ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirib, mühüm transmilli enerji və nəqliyyat layihələrinin gerçəkləşdirilməsinə nail olub. Bütövlükdə, beynəlxalq aləmdə böyük nüfuz qazanan Azərbaycan regionun aparıcı dövlətinə çevrilib”, - deyə S.Qafarova vurğulayıb.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyev daim dövlətin mənafeyini - milli maraqları rəhbər tutur, Öz fəaliyyətində xalqın dəstəyinə arxalanır: “Prezident İlham Əliyevin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Bütün bunların məntiqi nəticəsi kimi, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir, bu siyasətin inkişafa, firavan gələcəyə xidmət etdiyini əminliklə bildirir”.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov isə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanın möhtəşəm nailiyyətlər qazanmasını təmin edib: “Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə sosial-iqtisadi infrastruktur müasir tələblərə uyğun yenidən qurulub, iqtisadiyyat şaxələndirilib və qeyri-neft sektorunda güclü potensial formalaşdırılıb. Eyni zamanda, dinamik tərəqqi Azərbaycanın bölgələrini də əhatə edib, regionların sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Respublikamızda regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət Proqramı kimi, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü proqramın da icrası yüksək səviyyədə təmin olunub və qəbul edilmiş dördüncü Dövlət Proqramı çərçivəsində müəyyən olunmuş işlər müvəffəqiyyətlə davam etdirilir”.
“Bütün bunlar isə, şübhəsiz ki, ölkəmizdə sosial-iqtisadi inkişafın davamlı xarakter daşıdığını göstərir. Bunlara paralel olaraq əhalinin sosial təminatı sahəsində inqilabi nəticələr əldə olunub, insanların həyat şəraitinin yaxşılaşdırılması - rifah halının yüksəldilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilib. Sabitliyin və təhlükəsizliyin təmin edildiyi Azərbaycanda insan kapitalının inkişafı, xalqın mədəni və milli-mənəvi irsinin qorunub saxlanması istiqamətində görülən tədbirlər də səmərəli nəticələr verib. Qazanılan nailiyyətlər Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticələridir”, - deyə millət vəkili əlavə edib.
Nurlan QƏLƏNDƏRLİ
- Oxunub: 2460 |
- Tarix: 21-09-2019 |
-
Çap et |