Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Musa Qasımlı: Bakının azad edilməsi Cümhuriyyətin qurulmasından sonra ikinci böyük tarixi hadisə oldu

Musa Qasımlı: Bakının azad edilməsi Cümhuriyyətin qurulmasından sonra ikinci böyük tarixi hadisə oldu

15.09.2019 [14:04]

Bakının erməni-bolşevik işğaldan azad edilməsinin 101-ci ildönümü tamam olur. Bu münasibətlə AZƏRTAC Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlının qeydlərini təqdim edir.

Sentyabrın 15-nin böyük tarixi-siyasi və mənəvi-psixoloji əhəmiyyəti var. Bunu başa düşmək üçün 100 ildən çox əvvəlki dövrdə baş verən proseslərə nəzər yetirmək lazımdır.

Bolşevik Rusiyası Birinci dünya müharibəsindən çıxdıqdan sonra geri çəkilən rus ordusu ilə birlikdə erməni silahlı dəstələri də Cənubi Qafqaza gəldilər. Bu zaman Cənubi Qafqazda üç hakimiyyət - Müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdi. Regionda anarxiya hökm sürürdü. Rusiya ordu hissələri silahlarını ermənilərə vermişdi. Onlar bundan əvvəl Anadoluda dinc türk, müsəlman əhaliyə qarşı törətdikləri qırğınları bu dəfə Borçalıda, İrəvan quberniyasında, Cənubi Azərbaycan və indiki Azərbaycan Respublikası ərazisində davam etdirdilər.

Azərbaycanlıların onların qarşısını ala biləcək ordusu yox idi. Bu da səbəbsiz deyildi. Çünki çarizm türk və müsəlmanlara etibar etmədiyinə görə azərbaycanlıları hərbi xidmətə çağırmırdı. Onlar bununla həm hərb sənətini öyrənməkdən geri qalır, həm də əsgərliyə çağırılmadıqları üçün vergi ödəyirdilər. Yalnız könüllülərdən ibarət “Vəhşi diviziya” var idi. Belə bir şəraitdə Bakıda qurulan sovet hakimiyyəti dinc türk, müsəlman əhaliyə zülm edirdi. Hadisələrin kulminasiyası 1918-ci ilin martında Bakıda törədilən qırğınlar oldu. Qırğınlar digər yerlərdə də davam etdirildi. Transqafqaz Komissarlığı və Seymi bu qırğınların qarşısını ala bilmədi.

1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan edildi, Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Azərbaycan dövlətinin qurulması üçün lazım olan ilkin şərtlər - ərazi və əhali mövcud idi. Hökumət də quruldu. Azərbaycanın müvəqqəti paytaxtı Gəncə elan edildi. Lakin ölkənin əsas şəhəri olan Bakı düşmən əlində idi. Azərbaycanın şəhəri azad etmək üçün kifayət qədər qüvvəsi olmadığından xarici yardıma ehtiyac duyulurdu. Bu məqamda qardaş Osmanlı dövləti köməyə yetişdi və iyunun 4-də Batumda imzaladığı müqavilə ilə Azərbaycana yardım etməyi üzərinə götürdü. Osmanlının Hərb naziri Ənvər Paşa qardaşı Nuru Paşanı bu məqsədlə təşkil olunan ordunun komandanı təyin etdi. Qafqaz hərəkatı başladı. Azərbaycan və Osmanlı hissələrindən ibarət ordu quruldu. Bakı azad edildikdən sonra problem yaranmaması və yerli əhalidən onun cərgələrini doldurmaq üçün ordu Qafqaz İslam Ordusu adlandırıldı.

Türk ordusunun Qafqaz hərəkatının hüquqi-siyasi təməllərini Batum müqaviləsi təşkil edirdi. Bu yürüşün mənəvi əsasları vardı. Osmanlı dövləti dünya türklüyünün və İslamın mərkəzi idi. Dünya türkləri və müsəlmanları Osmanlı dövlətinə nicat gözü olaraq baxırdılar. Onunla dil, din, mədəniyyət və mənəviyyat baxımından bir olan Cənubi Qafqazın türk və müsəlman əhalisi erməni-daşnak və bolşevik dəstələrinin soyqırımına uğramışdılar. Özü nə qədər ağır vəziyyətdə olsa da, onlara yardım etmək Osmanlının borcu idi. Buna qədər yüzlərlə azərbaycanlı Çanakkala savaşında türk qardaşlarına yardım etmək üçün çarizm orqanlarından xəlvəti oraya getmişdi.

Bu hərəkatın hərbi-strateji, iqtisadi səbəbləri də vardı. Azərbaycan Cənubi Qafqazın açar ölkəsi idi. Bakıya sahib olan ölkə təkcə Azərbaycana və Cənubi Qafqaza deyil, Xəzərə nəzarəti qazanırdı. Xəzər üzərində nəzarət isə Şimali Qafqaza nəzarət, Orta Asiyaya, oradan da Hindistana gedən yola çıxmaq, Orta Asiyaya sahib olmaq isə dünyanın ürəyi olan Avrasiyaya sahib olmaq demək idi. Azərbaycan qızıl körpü idi. Dünyanın ürəyinə gedən yol Bakıdan, Azərbaycandan keçirdi. Bakı zəngin neft mənbəyi idi. Dünya müharibəsinin son mərhələsində Yaxın və Orta Şərqdə, Qafqazda iki neft mənbəyi uğrunda ağır döyüşlər gedirdi. Bunlardan biri Mosul, digəri isə Bakı nefti idi. Neft hansı ölkənin əlində olacaqdısa, qələbə də onda olacaqdı. Osmanlı dövlətinin bu strateji yola və neft mənbəyinə yiyələnməsi üçün sosial, etnik baxımdan problemləri yox idi. Bu zaman Cənubi Qafqazda yaşayan təqribən 6 milyonluq əhalinin 3 milyonu türk və müsəlman idi.

Hücumların qarşısında tab gətirə bilməyən Bakıdakı sovet hakimiyyəti böhrana düşərək iyulun 31-də istefaya getdi. Onun yerində qurulan Sentrokaspi diktaturası general L.Denstervil başda olmaqla ingilis qüvvələrini Bakıya dəvət etdi. Bolşevik Rusiyası da müəyyən addımlar atdı. Qafqaz İslam Ordusunun Bakıya yürüşünün qarşısını almaq üçün Osmanlının müttəfiqi Almaniya bolşevik Rusiyası ilə avqustun 27-də bir müqavilə imzalayaraq Bakı neftindən pay alacağı müqabilində Osmanlı qoşunlarının Kür çayını keçməməsi üçün öhdəlik götürdü. Bakı məsələsində Almaniya Osmanlının müttəfiqi deyildi. Lakin bu da Qafqaz İslam Ordusunu dayandıra bilmədi. Bakı şəhəri mühasirəyə alındı. Ətraf yerlərdən gələn ərzaq təchizatı dayandırıldığından şəhərdə ağır vəziyyət yarandı. Türk topçuları şəhəri elə dəqiqliklə atəşə tuturdular ki, tarixi-memarlıq binaları dağıdılmadı, şəhər zərər görmədi. İngilislər və Sentrokaspi diktaturası türk hücumları qarşısında şəhəri qoyub qaçdılar. Bakı sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti sentyabrın 17-də Gəncədən Bakıya köçdü.

Bakının azad edilməsi, əhəmiyyətinə görə Cümhuriyyətin elan edilməsindən sonra ikinci böyük tarixi hadisə oldu. Şəhərin azad edilməsi ilə Azərbaycan və türk silah qardaşlığı sayəsində Azərbaycan təbii, tarixi paytaxtına, milli, mənəvi, elm və mədəniyyət mərkəzinə qovuşdu. Bu bir qardaşlıq yardımı idi. Şəhərin azad edilməsi ilə “başla bədən birləşdi”. Azərbaycanlıların milli ruhu yüksəldi. Onlar çarizm tərəfindən işğal edildikdən sonrakı bütün dövrdə ilk dəfə olaraq Bakı küçələrində başlarını dik tutaraq, özlərinə güvənərək gəzməyə başladılar.

Sovet dövründə ağır şərtlər altında yaşamasına, SSRİ-də türk düşmənçiliyinin, 30-cu illərin sonlarından 50-ci illərin ortalarınadək sovet-türk münasibətlərində gərginliyin olmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərlərinin məzarlarını qoruyub saxladı, dağılmağa qoymadı, ətraflarına çiçəklər, ağaclar əkdi, onları ziyarətgaha çevirdi. Nəhayət, ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində bu qardaşlıq abidəyə çevrildi. 1918-ci ilin mart soyqırımı qurbanlarının, 1990-ci il 20 Yanvar faciəsində, Ermənistanın təcavüzünə qarşı ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan müharibədə həlak olan qəhrəman Vətən övladlarının dəfn olunduğu və bir azərbaycanlı üçün müqəddəs olan Şəhidlər xiyabanında Qafqaz İslam Ordusuna möhtəşəm abidə ucaldıldı. Bu, insanların təkcə ziyarət edərək əklil qoyduqları bir abidə deyil, qanı bir-birinə qarışmış Azərbaycan və Türkiyə xalqlarının qardaşlığının və əbədi birliyinin rəmzidir.

Paylaş:
Baxılıb: 158 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31