Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ölkəmizdə arıçılığın həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var

Ölkəmizdə arıçılığın həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var

20.08.2019 [09:05]

Tarixi ənənələrə malik olan bu sahənin inkişaf etdirilməsi üçün dövlət tərəfindən arıçılara 4,2 milyon manatdan çox subsidiya verilməsi planlaşdırılır
Məlum olduğu kimi, ölkəmizdə son illər aparılan islahatlar nəticəsində bütün sahələrdə yüksək nailiyyətlər əldə edilib, həmçinin respublikamızın iqtisadi gücü daha da artıb. Eyni zamanda Azərbaycanda əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, o cümlədən yeni iş yerlərinin açılması, məşğulluğun təşviq edilməsi sahəsində genişmiqyaslı işlər görülüb və hazırda da görülməkdədir. Bütün bu uğurlardan, həyata keçirilən genişmiqyaslı işlərdən isə xüsusilə ölkənin regionlarına pay düşüb desək, heç də yanılmarıq. Daha dəqiq desək, dövlətimizin başçısının birbaşa nəzarəti altında bölgələrin inkişafı üçün xüsusi proqramlar hazırlanır və həyata keçirilir. Artıq regionların sosial-iqtisadi inkişafı üzrə 3 Dövlət Proqramı həyata keçirilib, hazırda dördüncü proqramın icrası istiqamətində geniş tədbirlər görülür.
Qeyd edək ki, bu tədbirlər vətəndaş məmnunluğunun əsas amil kimi götürülməsi əsasında reallaşdırılır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı çıxışında dördüncü proqram haqqında bəhs edərkən regionda əksər layihələrin məhz vətəndaşların təklifləri əsasında reallaşdığını söyləyib: “Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının tərkibi, əsasən, yerlərdən gələn xahişlər nəticəsində formalaşıb. Mənim bölgələrə çoxsaylı səfərlərim və vətəndaşlarla söhbətlərim bu sahədə çox gözəl bir ünsiyyət yaradıb. Çünki vətəndaşların təklifləri mütləq nəzərə alınır və bölgələrdə bir çox layihələr məhz vətəndaşların təklifləri əsasında reallaşıb”.
Həmin konfransda sahibkarlara dövlət tərəfindən böyük dəstək göstərildiyini xatırladan dövlət başçısı perspektivli sahələrin inkişafı üçün güzəştli kredit və subsidiyaların verilməsinə də toxunub: “Fermerlərə kreditlər, subsidiyalar verilir. Bu sahədə də təkmilləşmə gedəcək, texnika, gübrələr, yanacaq güzəştli şərtlərlə verilir. Bu sahədə də Azərbaycan nadir ölkələrdəndir ki, öz sahibkarına, öz fermerinə bu qədər diqqət göstərir. Əlbəttə ki, biz sahibkarlardan daha böyük nəticələr gözləyirik. Gözləyirik ki, onlar bundan sonra da ölkə iqtisadiyyatına öz töhfələrini verəcəklər”.
Kənd təsərrüfatında islahatların dərinləşdirilməsindən danışan Prezident İlham Əliyev ərzaq təhlükəsizliyi, məhsuldarlığın artırılması istiqamətində görülən işlərin yaxın gələcəkdə bəzi kənd təsərrüfatı məhsullarının, o cümlədən arıçılıq məhsullarının ixracına təkan verəcəyini də deyib: “Arıçılığın da həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var. Bizim balımız çox keyfiyyətlidir, xarici bazarlarda yüksək qiymətləndirilir. Biz indi həm ailə biznesi çərçivəsində arıçılığa dəstək oluruq, həm də ki, subsidiyalar verilir, bu yaxınlarda artırılıbdır. Arıçılığın böyük perspektivləri var, bu, çox gəlirli sahədir. Fermerlər, vətəndaşlar üçün çox gözəl nəticələr verə bilər”.
Arıçılara verilən subsidiya bu sahənin inkişafını sürətləndirir
Beləliklə, dövlət başçısının diqqət və qayğısı sayəsində regionlarda arıçılığın inkişafı üçün davamlı tədbirlər görülür.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, ölkə başçısının “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” 2018-ci il 5 mart tarixli Sərəncamının icrası olaraq, bu il Zaqatala rayonunda arıçılıqla məşğul olan 1250 arıçıya saxladıqları 28 min 825 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 288 min 250 manat subsidiyanın verilməsi nəzərdə tutulur.
Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun məsləhətçisi Rasul Razaqov bildirib ki, arı ailələri identifikasiya kodu ilə təmin edilib və müvafiq sənədlər baxılmaq üçün Respublika Komissiyasına təqdim olunub. Yaxın vaxtlarda arıçılara subsidiyanın ödənilməsinə başlanılacaq.
Xatırladaq ki, ötən il Zaqatala rayonu üzrə arıçılıqla məşğul olan 1190 nəfərə saxladıqları 29 min 113 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına 291 min 130 manat subsidiya ödənilib.
Arıçılıq Astara rayonunda ənənəvi təsərrüfat sahələrindən biridir. Bölgənin digər rayonlarında olduğu kimi, astaralı arıçılar da bəslədikləri arı ailələrindən mövsümün ilk balının tədarükünü iyunun sonunda yekunlaşdırıblar.
Bu təsərrüfat sahəsi əsasən rayonun dağlıq və dağətəyi ərazidə yerləşən kəndlərində daha çox inkişaf edib. Ötən il rayonda 1296 təsərrüfatda 18 min 279 arı ailəsindən 177 ton bal məhsulu istehsal olunub. Ölkəmizdə arıçılıq təsərrüfatı olan şəxslərə arı ailələrinin sayına görə dövlət tərəfindən subsidiyaların verilməsi rayonda bu sahəyə olan marağı daha da artırıb.
Nazirlər Kabinetinin təsdiqlədiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi qaydası”na əsasən, arıçıya hər arı ailəsinə görə illik 10 manat subsidiya verilir. Subsidiyanın verilməsinin əsas məqsədi arıçılığın inkişafına dövlət dəstəyi göstərmək, arı ailələrinin genofondunu qorumaqdır.
Arıçılığın inkişafı istiqamətində ölkəmizin cənub bölgəsində də davamlı addımlar atılır. Belə ki, Astara rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata əsasən, bu il rayonda 504 arıçıya 17 min 415 arı pətəyinə görə 174 min 150 manat subsidiya veriləcək. Əgər arıçının təsərrüfatında 100 arı ailəsi identifikasiya kodu ilə qeydiyyata götürülübsə, onda ona illik 1000 manat subsidiya veriləcək.
Arıçıların təsərrüfatlarındakı arı ailələrinin sayı dəqiqləşəndən sonra Dövlət Aqrar İnkişaf Mərkəzi nazirliyin komissiyası ilə birlikdə şəxslərə arayış verəcək. Arayış nazirliyin subsidiya komissiyasına təqdim ediləcək və vəsait arıçıların hesabına köçürüləcək.
Onu da qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyində (KTN) arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının 2019-cu ildə veriləcək subsidiya üzrə iclası keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, komissiyanın iclasında ictimai nəzarəti və şəffaflığı təmin etmək məqsədilə Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak ediblər. İclasda 60 rayon (şəhər) komissiyasından daxil olmuş müraciətlərə baxılıb. Respublika Komissiyası tərəfindən 1927 inzibati ərazi vahidi üzrə cari ildə arıçılıqla məşğul olan 19 min 807 fiziki və hüquqi şəxsə sahib olduqları 426 min 533 arı ailəsinə (pətəyə) görə 4 milyon 265 min 330 manat subsidiya ödənilməsi qərara alınıb.
Arıçılara dövlətin qayğısı fermerləri təsərrüfatı genişləndirməyə təşviq edir
Onu qeyd edək ki, məhsulları ölkənin hər yerində tanınan Astaranın müxtəlif yaşayış məntəqələrində arçılığın inkişafı geniş vüsət alır. Məsələn, rayonun Miki kəndində bu sahəyə maraq getdikə artır. Kənd sakini Kərimağa İbrahimov ona atasından qalan təsərrüfatı illər sonra daha da genişləndirib. İki oğlunu və yaxın qohumlarını ətrafına toplayan peşəkar arıçının təsərrüfatında 300-dən çox arı ailəsi var.
K.İbrahimov illərdir təmiz və xalis bal hasilatında təcrübəyə malik olduğu üçün müştəriləri də çoxdur. May balı iyunun əvvəlində süzülsə də, K.İbrahimov KİV-ə açıqlamasında deyib ki, balı hər il iyunun sonuncu həftəsi süzür: “Hazırda biz süzümə başlamışıq, süzdüyümüz bal may balı hesab olunur. Bu il də orta məhsuldarlıq yaxşıdır. Biz arıları gəzdirmişik. Gəzdirməsəydik, məhsul götürə bilməzdik. Bu il hər arı yeşiyindın orta hesabla 10-15 kiloqram, güclü arı yeşiklərindən isə 20 kiloqram məhsul götürə biləcəyik”.
K.İbrahimov bildirib ki, respublikamızın təbii-coğrafi və iqlim şəraiti, eyni zamanda, bitki örtüyünün müxtəlifliyini nəzərə alaraq arı ailələrinin normal inkişafını təmin etmək üçün onların mövsüm ərzində azı 5 dəfə köçürülməsini təmin etmək lazımdır: “Aprel və may aylarında arılarımızı Masallı ərazisindəki yoncalıqlara aparırıq. Astara rayonunda da belə yoncalıqlar çoxdur. Lakin bu, bizə kifayət etmir. Çünki arıçılıq bizim rayonda yüksək inkişaf etdiyi üçün arıçıların sayı çoxdur. May ayının balını biz təbii yoncadan götürürük. Sonra arıları cökə meşəsinə gətiririk. Arıları daha sonra Həndəmura meşəsinə, ayın sonunda isə Biləsuvar rayonu ərazisinə aparacağıq. Avqustun əvvəlində isə yeşiklərimizi dağlara aparacağıq”.
Arıçılar məhsulun satışını əsasən evdə və yarmarkada həyata keçirirlər. Arıçı deyir ki, əvvəllər yarmarkada keyfiyyətsiz bal satılırdı. Biz arıçılar belə işbazları tanıyırıq, vətəndaşlar isə yox. Hazırda isə belə deyil. Hər il laboratoriyadan keçən ballar yarmarkaya buraxılır. Xalis bal istəyənlər bu yarmarkada bizim məhsulları ala bilərlər.
K.İbrahimov arıçıların da izafi xərclərinin olduğunu deyir. Arıçılar hər il çərçivələr və arı yeşikləri sifariş verir, müxtəlif dərmanlar alırlar. Bundan əlavə, nəqliyyat xərcləri də var. O, subsidiyanı xərclərin bir hissəsini ödəmək üçün mühüm dəstək hesab edir: “Ölkə başçısına təşəkkürümüzü bildiririk. Çox sağ olsun ki, arıçılara qayğı və diqqət göstərir, bizi ruhlandırır. Mən bundan sonra da çalışacağam ki, öz arıçılıq təsərrüfatımı genişləndirim və təmiz bal istehsal edim. Kənd Təsərrüfatı Nazirliyi də bizə daim dəstək olur. Bal yarmarkaları təşkil edilir və biz məhsulumuzu orda sata bilirik”.
Onu da xatırladaq ki, Astara rayonunda 1200-dən çox arıçı var. Onların təsərrüfatlarında isə ümumilikdə 27 minədək arı ailəsi var. Ölkəmizdə isə arı ailələrinin sayı əvvəlki illərlə müqayisədə artırılaraq 238 minə çatdırılıb. 2020-ci ildə respublika üzrə arı ailələrinin sayının 310 minə çatdırılması proqnozlaşdırılır.

(davamı növbəti sayımızda)
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 193 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31