Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edəcək

Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edəcək

05.08.2019 [14:11]

Bu, uğurlu xarici siyasətimizin və Hərəkatın üzvlərinin ölkəmizə yüksək etimadının təzahürüdür
Oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçiriləcək və Azərbaycan Respublikası 2019-2022-ci illər üzrə bu quruma sədrlik edəcək. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva AZƏRTAC-a Hərəkatın mahiyyəti, ölkəmizin təşkilata sədrliyinin prioritetləri barədə danışıb.
- Cari ilin oktyabrından etibarən ölkəmiz Qoşulmama Hərəkatına sədrlik edəcək. Bu qərar Qoşulmama Hərəkatının 2016-cı il sentyabrın 13-18-də Venesuelanın Marqarita adasında keçirilən Zirvə Görüşündə üzv ölkələr tərəfindən yekdilliklə qəbul edilib. 2011-ci ildə QH-yə tam hüquqlu üzv olan Azərbaycanın qısa müddət ərzində bu quruma rəhbərliyi həyata keçirmək imkanını əldə etməsi ölkəmiz üçün nə deməkdir? Azərbaycanın QH-yə sədrliyi quruma nələri vəd edir və bu sədrliyin prioritetləri nədən ibarətdir? Bu sualları cavablandırmazdan əvvəl, Hərəkatın mahiyyətinə qısa şəkildə nəzər salmaq istərdim.
Soyuq müharibə dövründə hər hansı siyasi-hərbi bloklara qoşulmayan dövlətləri bir araya gətirən Qoşulmama Hərəkatı, Sovet İttifaqının dağılması ilə dəyişən tarixi reallıqda və müasir dövrün çoxtərəfli diplomatiyasında aktuallığını və beynəlxalq münasibətlərə təsir imkanlarını qoruyub saxlaya bilən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilib. Bu gün Qoşulmama Hərəkatı BMT-dən sonra ən çox dövləti öz sıralarında birləşdirən siyasi platformadır. Belə ki, tam hüquqlu 120 üzvü olan Hərəkat özündə 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirir. Qoşulmama Hərəkatının əsas prinsipləri hələ 1955-ci ildə, yəni QH yaranmazdan əvvəl İndoneziyanın Bandunq şəhərində keçirilmiş beynəlxalq konfrans zamanı elan edilmiş “Bandunq prinsipləri”dir. Beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq məsələlərinə dair beynəlxalq hüququn əsas prinsipləri ilə uyğunluq təşkil edən “Bandunq prinsipləri”nə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət, xalqların bərabərliyi, dövlətlərin daxili işlərinə qarışmamaq, dövlətlərin ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı fəaliyyətdən və güc tətbiqindən imtina etmək, qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək, habelə ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək və digər bu kimi mühüm məsələlər daxildir. Hərəkatın üzvü olan hər bir dövlət məhz bu prinsiplərə bağlı olduğunu bildirməlidir.
Hər hansı hərbi-siyasi bloka qoşulmayan və müstəqil təhlükəsizlik siyasəti yürüdən ölkəmiz QH-nin yuxarıda qeyd olunan əməkdaşlıq prinsiplərinə bağlı olduğunu elan edərək 2011-ci il mayın 26-dan etibarən qurumun tam hüquqlu üzvünə çevrildi. Hərəkatın işində fəal şəkildə iştirak edən Azərbaycan bu platformadan, eyni zamanda, ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişaf etdirilməsi üçün səmərəli şəkildə faydalandı. Təqdirəlayiq haldır ki, ölkəmizin Qoşulmama Hərəkatında iştirakı ilə bu qurumun üzvlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatı daha da dolğunlaşdı və 2012-ci ildən etibarən Hərəkatın nazirlər görüşləri və zirvə görüşləri nəticəsində qəbul edilən bütün yekun sənədlərinə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bənd daxil edilir. Burada, Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dəstək ifadə edilir.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə gedən yolu üzvü olduğu təşkilatda cəmi 8 il çəksə də, əslində böyük əmək və diplomatik səyləri tələb edən bir proses olub. Üzv olduğu ilk gündən etibarən Hərəkatın işində fəal iştirak edərək, aparılan müzakirələrə və hazırlanan sənədlərə töhfə verən Azərbaycan 2014-cü ildə QH-nin Əlcəzairdə keçirilən nazirlər toplantısında bir sessiyaya, eləcə də 2016-cı ildə Marqarita adasında keçirilən Zirvə Görüşü çərçivəsində iclasın bir sessiyasına sədrlik edib. Azərbaycan Respublikasının 2019-2022-ci illərdə QH-yə sədrlik etmək niyyəti ilə bağlı təklifi öncə qurumun Nyu-Yorkda fəaliyyət göstərən daimi orqanı olan Əlaqələndirici Büroya təqdim edilib. Bu təklif üzv ölkələr ilə razılaşdırıldıqdan sonra Hərəkatın 2016-cı ilin sentyabrında keçirilmiş 17-ci Zirvə Görüşündə Azərbaycanın quruma sədrliyi ilə bağlı qərar qəbul olunub. Vacib məqamlardan biri də ondan ibarətdir ki, ölkəmizin daxil olduğu Avropa qrupu uzun müddətdən sonra (sonuncu dəfə 1989-1992-ci illərdə Hərəkata Avropa qrupundan Yuqoslaviya sədrlik edib) ilk dəfə məhz Azərbaycanın timsalında QH-yə sədrliyi həyata keçirəcək. Bu baxımdan, əlbəttə ki, bütün dünya dövlətləri ilə, təcavüzkar Ermənistan istisna olmaqla, xüsusilə qonşu ölkələrlə əməkdaşlıq münasibətlərini inkişaf etdirən, İslam dünyasının mühüm tərkib hissəsi olan və Avropa ölkələri ilə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini bölüşən, Qərblə Şərqin kəsişdiyi önəmli coğrafi məntəqədə yerləşən Azərbaycanın üzərinə böyük məsuliyyət düşür.
Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 fevral tarixli Sərəncamı ilə Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün 2019-cu ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması və Azərbaycan Respublikasının 2019-2022-ci illərdə Hərəkata sədrliyi ilə bağlı tədbirlərin həyata keçirilməsi qərara alınmışdır. Bu sədrlik əlbəttə ki, Hərəkatın tam etimadını qazanan ölkəmizin üzərinə böyük məsuliyyət qoyur. Qarşıdan gələn növbəti üç il ərzində Azərbaycan müəyyən etdiyi prioritet sahələrə uyğun olaraq QH üzv ölkələrinin vahid mövqeyinin formalaşdırılmasını, eləcə də qurumun əhəmiyyət kəsb edən orqanlarından biri olan Hərəkata üzv ölkələrin BMT Təhlükəsizlik Şurasında (TŞ) qruplaşmasının işinin əlaqələndirilməsini həyata keçirəcək. Belə ki, sözügedən qruplaşma vasitəsilə QH üzv dövlətləri BMT TŞ-də öz mövqelərinin təmin olunmasına və təşkilatın Zirvə görüşlərində qəbul olunmuş qərarlarının TŞ qətnamələrində əks olunmasına çalışırlar. Bu mühüm vəzifələrin yerinə yetirilməsi üçün sədrliyimiz dövründə QH-nin Nyu-Yorkda, BMT-nin Mənzil Qərargahında yerləşən Əlaqələndirmə Bürosuna rəhbərlik ölkəmizin BMT yanında daimi nümayəndəsi tərəfindən həyata keçiriləcək.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi fikrimizcə Hərəkatın istər üzv ölkələri arasında əlaqələndirmə işlərinin təkmilləşdirilməsi və canlandırılması, istərsə də qurumun özünün fəaliyyət göstərdiyi digər BMT qərargahlarında (məsələn, Vyana, Cenevrə, Nayrobi kimi) əlaqələndirmənin gücləndirilməsi, habelə aparıcı beynəlxalq təşkilatlarla dialoqun qurulması baxımından faydalı olaca. Təsadüfi deyil ki, ölkəmizin QH-yə sədrliyi prioritetləri də məhz bu istiqamətlərə uyğun olaraq müəyyənləşdirilib: 1. Hərəkatın üzv ölkələri arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi; 2. Hərəkatın beynəlxalq müstəvidə nüfuzunun daha da gücləndirilməsi və 3. “Bandunq prinsipləri”nin təşviq edilməsi.
“Bandunq prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda bu il oktyabrın 25-26-da paytaxtımız Bakı şəhərində keçiriləcək QH üzv ölkələrinin XVIII Zirvə Görüşü çox önəmli bir tarixin, Azərbaycanın bu beynəlxalq quruma qarşıdan gələn üç il ərzində sədrliyinin əsasını qoyacaq. Sədrliyimiz dövründə ölkəmizin qarşısına qoyduğu vəzifələrin öhdəsindən layiqincə və ən yüksək səviyyədə gələcəyi heç bir şübhə doğurmur, çünki gənc ölkə olmasına rəğmən Azərbaycan artıq beynəlxalq aləmdə böyük uğurlara imza atıb. Qoşulmama Hərəkatına sədrlik Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun möhkəmləndirilməsi, ölkəmizin ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsinin genişləndirilməsi, BMT və digər beynəlxalq təşkilatlarla təmasların daha da gücləndrilməsi ilə yanaşı, əlbəttə, ölkəmizə QH kimi böyük siyasi quruma rəhbərlik etmək təcrübəsi qazandıracaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının ötən il aprelin 3-6-da Bakıda keçirilən nazirlər konfransının açılış mərasimində çıxışı zamanı səsləndirdiyi kimi "Hamımız müstəqil həyat sürməyi arzulayırıq. Biz hamımız istəmirik ki, kimsə bizdən nə etməyi tələb etsin, işlərimizə müdaxilə etsin, bizə diktə etsin. Bunun üçün biz güclü olmalıyıq. Biz yalnız birlikdə olduqda güclü ola bilərik”. Qoşulmama Hərəkatının gələcəyi və gücü, məhz birlikdə olmaqda və vahid mövqe nümayiş etdirməkdədir. Azərbaycan, öz növbəsində, qarşıdan gələn QH sədrliyi müddətində bu məqsədlərə nail olmaq üçün bütün səylərini səfərbər edəcək.

Paylaş:
Baxılıb: 199 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30