Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycan dövlətçiliyinin xilaskarı
A+   Yenilə  A-
Azərbaycan dövlətçiliyinin xilaskarı

Müstəqilliyimizin daimiliyi, əbədiliyi təmin edildi
“İki Sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadənin ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə yazdığı növbəti məqalə “Azərbaycan dövlətçiliyinin xilaskarı” adlanır. AZƏRTAC məqaləni təqdim edir.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisi müstəqilliyimizin ilk illərində yaşanan gərginliklərdən, faciələrdən daha aydın görünür.

28 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın 1991-ci ildən 1993-cü ilin iyununadək yaşadıqları yaddaşlarda, tariximizdə, nəşr olunan kitablarda, araşdırmalarda öz əksini tapıb. Azərbaycan tarixinin 1991-1993-cü illəri xalqın yaddaşında ən ağır fəlakət illəri, “olum, ya ölüm” dövrü kimi qaldı. Moskvadan idarə olunan xəyanətkar rəhbərlər və onları əvəz edən səriştəsiz, heç bir idarəçilik bacarığı olmayan AXC-Müsavat hakimiyyəti ölkəmizi parçalanmaq və dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdular. Cəbhədə məğlubiyyətlər, xəyanətlər adi hala çevrilmişdi. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik, anarxiya, özbaşınalıqlar baş alıb gedirdi. Silahlı Qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət edirdi. Faktiki olaraq dövlət yox idi. Ölkə vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi. Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı. Ən acınacaqlısı bu idi ki, Azərbaycanın xaricdəki düşmənləri daxildəki satqınlarla birləşmişdilər.

Belə fəlakət anında Azərbaycan xalqının, Vətənin yeganə ümid yeri Heydər Əliyev idi. Məhz o zaman - 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi zəngin təcrübəsinə və idarəçiliyinə arxalanaraq vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı.

Dahi şəxsiyyətin hakimiyyətə dəvət edilməsinin bir çox səbəbləri var idi. Bu, ilk növbədə, yazımızın birinci hissəsində bəhs etdiyimiz ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gördüyü işlərlə, Azərbaycanın müstəqil gələcəyi üçün atdığı addımlarla bağlı idi. Qeyd etdiyimiz kimi, Azərbaycan o illərdə Ulu Öndərin səyləri nəticəsində keçmiş İttifaqın ən qabaqcıl ölkələrindən birinə çevrilmiş, ölkəmizin bu günü üçün möhkəm baza yaradılmışdı. Digər mühüm səbəb isə təbii ki, ulu öndər Heydər Əliyevin Vətən, xalq sevgisi, ən çətin anlarda belə xalqının yanında olması idi. Dahi şəxsiyyət Qanlı Yanvar faciəsindən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet hakimiyyətini, Kommunist Partiyasını törətdiyi cinayətə görə pislədi, sərt tənqid etdi. Haqq səsini ucaldaraq xalqla həmrəylik göstərdi, faciənin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırdı.

Keçilən yola nəzər salıb, tariximizin səhifələrini vərəqlədikcə bu reallığı bir daha böyük qətiyyətlə qeyd edirik ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı bu gün müstəqil Azərbaycan adlı dövlətdən danışmaq yalnız və yalnız utopiya olardı. Vətənini, xalqını, torpağını canından artıq sevən bir liderə xalqın ümidləri daim böyük olur. Ulu öndər Heydər Əliyev bu ümidləri doğrultdu, milyonların sevgisini, məhəbbətini, etimadını qazandı. Ümummilli Lider bildirirdi: “Mən çox böyük sınaqlardan keçmiş bir adamam və həyatımı da özümə yox, xalqıma həsr etmişəm”. Onun üçün Vətən, xalq, torpaq hər şeydən əziz idi.

1993-cü il tariximizdə dönüş nöqtəsi oldu

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Bu əsəri zənginləşdirən Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bütün sahələrdə davamlı uğurlara imzanın atılması, Azərbaycanın dünya dövlətlərinin imzaları arasında imzasının olmasıdır. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dövlətçiliyin əsasları yaradıldı, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək, Azərbaycanın beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm addımlar atmağa başladılar.

1993-cü il 15 iyun gününün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil edilməsi səbəbsiz deyil. Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi tənəzzüldən xilas oldu. Azərbaycanın qarşısında yeni imkanlar, üfüqlər açıldı. Xalqın sabaha inamı artdı. Bir sözlə, ulu öndər Heydər Əliyev uğurlu daxili və xarici siyasəti, gələcəyə hesablanmış inkişaf konsepsiyası ilə Azərbaycanı yenidən qurdu. “Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir”, - söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır.

Azərbaycançılıq bu gün ideoloji əsaslarımızı təşkil edir. Diasporun bir dövlətin xaricdəki varlığı olduğunu nəzərə alıb öncə dünyanın müxtəlif ölkələrində Azərbaycan mərkəzlərinin, cəmiyyətlərinin yaradılmasına xüsusi diqqət yönəldildi. 2001-ci ildə onların vahid mərkəzdən idarə olunmasının təşkili məqsədilə Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Ulu öndər Heydər Əliyev bildirirdi ki, suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur.

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir

1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra sabitliyin təmin olunması ölkədə iqtisadi tərəqqiyə geniş yol açdı. Azərbaycan xalqı illərdən bəri ürəyində gəzdirdiyi istəyinə - öz təbii sərvətlərinin əsl sahibinə çevrilməsinə nail oldu. Dahi şəxsiyyətin iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verməsi onun uzaqgörən siyasətinin nəticəsi idi. Ümummilli Lider dünya təcrübəsinə istinadən bu fikri bildirirdi ki, heç bir dövlət təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü il mayın 12-də ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində cəbhə xəttində atəşkəsə nail olunması ölkəmizin bütün sahələrdə davamlı inkişafını təmin etdi. Həmin il sentyabrın 20-də dünyanın nüfuzlu trans-milli şirkətləri ilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsi imzalandı. Bu saziş Azərbaycanın sabahına inamı artıraraq, beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi, ölkəmizə yeni-yeni dostlar, tərəfdaşlar qazandırdı. Dövlətimizin başçısı İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa təbrikində bildirmişdir: “Əgər 1994-cü ildə “Əsrin müqaviləsi” bağlanmasaydı, nə olardı, əgər çətin, ağır şəraitdə Heydər Əliyevin səyləri nəticəsində biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlamasaydıq nə olardı? Azərbaycan hansı problemlərlə üzləşərdi? İndi Azərbaycanın dünyadakı mövqeləri necə ola bilərdi? Əlbəttə, bunu təsəvvür etmək çətin deyildir. Bu gün Azərbaycanın inamlı inkişafının əsas səbəbi məhz 1990-cı illərin ortalarında ulu öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyasıdır. Bu neft strategiyası bizə böyük imkanlar yaratdı, böyük imkanlar da yaradacaqdır və biz bundan səmərəli istifadə edəcəyik”. “Əsrin müqaviləsi” sonrakı sazişlərə, Anlaşma Memorandumlarına yol açdı, Azərbaycan dünya iqtisadiyyatının bir parçasına çevrildi.

İqtisadi və siyasi islahatların paralel şəkildə aparılması uğurların davamlılığında əhəmiyyətli rol oynadı

Siyasi islahatlar həyata keçirildi, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul olundu. İnsan hüquqlarının qorunmasını, azad mətbuatın inkişafını, çoxpartiyalı sistemin yaradılmasını, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsini demokratik cəmiyyətin əsas atributları kimi dəyərləndirən ulu öndər Heydər Əliyev onların bərqərar olması istiqamətində davamlı addımlar atdı. 1995-ci ildə qəbul olunan Milli Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. 1995-ci ildən imzalanan əfv fərmanları və Amnistiya Aktları da dövlətin insan hüquq və azadlıqlarının qorunmasına xüsusi diqqət göstərdiyini təsdiqləyir. Şəxsiyyət azadlığına humanist münasibətlərin formalaşdığı ölkəmizdə ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından 2003-cü ilə qədərki dövrədək 32 əfv Fərmanı imzalanıb, 7 Amnistiya Aktı qəbul olunub. Son 15 ildən artıq dövrdə isə 30-dan çox əfv Fərmanı imzalanıb, 4 Amnistiya Aktı qəbul olunub. Bu sənədlər əsasında ümumilikdə on minlərlə məhbus azadlığa qovuşub.

Təkmilləşmə, yeniləşmə dövlət siyasətinin əsasını təşkil edir. Bu yeniləşmə Ali Qanunumuza edilən əlavə və dəyişikliklərdə, həmçinin bu və ya digər sahələr üzrə qəbul olunan qanunların təkmilləşməsində də özünü göstərir. 2002-ci ildə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi insan hüquq və azadlıqlarının qorunmasının və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinin dövlət siyasətinin əsasında dayandığını bir daha təsdiqlədi.

Azərbaycanın demokratiyaya gedən yolu heç də hamar olmayıb. Belə ki, daxili və xarici bədxahlarımız hər vəchlə ölkəmizin demokratik inkişafına mane olmağa çalışırdılar. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması ərəfəsində ölkəmizə nə qədər təzyiqlər göstərildiyini xatırlamaq kifayətdir. Lakin ulu öndər Heydər Əliyevin iradəsi və qətiyyəti sayəsində bu maneələr dəf olundu. 2001-ci il yanvarın 17-də Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması barədə qərar qəbul edildi, yanvarın 25-də üçrəngli bayrağımız qurumun qarşısında dalğalanmağa başladı. Azərbaycan bu mühüm hadisə ilə dünyaya nümayiş etdirdi ki, demokratik dəyərlərə sadiqliyimiz sözdə deyil, əməldə öz təsdiqini tapır.

Azad mətbuat demokratik inkişafın əsas tərkib hissələrindən biri kimi

Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatın inkişafında da yeni mərhələnin başlanğıcı oldu. KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, onlara dövlət qayğısının artırılması, söz, məlumat azadlığının qorunması, siyasi plüralizm prinsiplərinə dönmədən əməl edilməsi həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri idi. Mətbuata dövlət nəzarəti olan senzuranın götürülməsi, “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” mütərəqqi qanunların qəbulu, Mətbuat və İnformasiya Nazirliyinin ləğvi və s. kimi biri-birindən əhəmiyyətli addımlar bu sahəyə diqqət və qayğıdan qaynaqlanırdı. Mütəmadi olaraq jurnalist kollektivləri ilə görüşlər keçirən Ümummilli Lider onların problemləri, qayğıları ilə yaxından tanış olur, həlli istiqamətində zəruri addımlar atırdı. Dahi şəxsiyyət bildirirdi: “Jurnalistin əməyi qeyri-adi əməkdir, olduqca böyük zəhmət tələb edən əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən əməkdir”.

Məhz bu sahədə görülən işlərin, atılan uğurlu addımların nəticəsidir ki, bu gün ölkəmizdə söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Ölkəmizdə 5 mindən artıq kütləvi informasiya vasitəsi dövlət qeydiyyatından keçib. Xeyli sayda jurnalist təşkilatları və ictimai birliklər fəaliyyət göstərir. Ölkəmizdə internet istifadəçiləri 85 faizdən çoxdur.

Mətbuata dövlət nəzarətini həyata keçirən Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilməsi mətbuatın özünütənzimləməsi mexanizminin tətbiqinə şərait yaratmışdı. 2003-cü ilin martında Azərbaycan jurnalistlərinin I qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı.

Azad mətbuatın inkişafı sahəsində beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası və ATƏT-lə sıx əməkdaşlıq quruldu.

Bu əməkdaşlıq Azərbaycanın dünya informasiya məkanına inteqrasiyasını daha da sürətləndirdi.

Məhz bu diqqət və qayğının nəticəsi idi ki, 2002-ci ildə ulu öndər Heydər Əliyev “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.

Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müstəqillik tarixinin mühüm səhifəsidir

Ulu öndər Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısındakı xidmətlərindən biri də bu gün milyonların partiyasına çevrilən, 750 minə yaxın üzvü sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının yaradıcısı olmasıdır. Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciətində həmin illərin reallıqları öz əksini tapmışdır. Həmin müraciətdə də qeyd olunduğu kimi, o çətin günlərdə məsuliyyətli işi öz üzərinə götürməyə qadir yeganə şəxs ulu öndər Heydər Əliyev idi. Bildirilirdi ki, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Dahi şəxsiyyət Heydər Əliyevin müraciətə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabında Onun Azərbaycanın müstəqilliyi üçün yaranan təhlükələrdən narahatlığı daha aydın görünürdü: “Azərbaycanın dövlət müstəqilliyi bütün Azərbaycan xalqının milli sərvətidir və heç cür yol vermək olmaz ki, bu, ayrı-ayrı siyasi partiyaların, qurumların, şəxslərin müstəsna səlahiyyətinə, monopoliyasına çevrilsin”. Həmin cavabda ulu öndər Heydər Əliyev bu inamı da ifadə etmişdir ki, Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə bir partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram”.

Bu, ulu öndər Heydər Əliyevin xalq, Vətən sevgisinin göstəricisi idi. Yeni Azərbaycan Partiyası 21 noyabr 1992-ci ildə müxtəlif bölgələrdən 550 nümayəndənin iştirakı ilə təsis konfransını o dövrdə siyasi hakimiyyətdəkilərin ədalətsizliyi ucbatından Bakıda deyil, Naxçıvanda keçirdi və ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi.

Yeni Azərbaycan Partiyası yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul edib. Azərbaycan dövlətçiliyinin qorunması, möhkəmləndirilməsi partiyanın əsas prinsipləri sırasındadır. Bu fikir də böyük inamla qeyd olunur ki, tarixi müstəqil Azərbaycanın tarixi ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyası ölkəmizin keçdiyi inkişaf yolunun bələdçisi, uğurların təminatçısıdır. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Yeni Azərbaycan Partiyası bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, yeni-yeni hədəflərə doğru inamla addımlayır. Vaxtilə “Yeni Azərbaycan uğrunda” devizi ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyası bu gün “Güclü dövlət, yüksək rifah”, “Yeni hədəflərə doğru İlhamla irəli” deyib Azərbaycanın daha da qüdrətlənməsi, beynəlxalq mövqeyinin möhkəmlənməsi istiqamətində töhfələrini daha da artırır. Xalqına, dövlətinə xidmət edən partiyaya inamın, etimadın böyüklüyü inkaredilməzdir. Ölkəmizdə bu günə qədər keçirilən prezident, parlament, bələdiyyə seçkiləri bunu bir daha təsdiqləyir. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinə qələbələr, uğurlar partiyası kimi daxil olub.

Beynəlxalq təcridə son

Xarici siyasətin daxili siyasətin davamı olduğunu nəzərə alsaq 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə yaradılan sabitlik Azərbaycanla əməkdaşlıqda maraqlı olan dövlətlərin və şirkətlərin tərəddüdlərinə son qoydu. Bu faktı daim qeyd edirik ki, Azərbaycan yerləşdiyi coğrafi məkana və malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Lakin bu etirafı da edək ki, diqqət və maraq müxtəlif dövrlərdə fərqlidir. Belə ki, müstəqilliyimizin ilk illərində ölkədə xaosun, anarxiyanın, özbaşınalığın, iqtisadi tənəzzülün mövcudluğu Azərbaycanla əməkdaşlıqda maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Xarici iş adamları qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. 1993-cü ildə ulu öndər Heydər Əliyevin qayıdışından sonra ölkəmizdə yaradılan sabitlik, normal iqtisadi mühit bu tərəddüdləri aradan qaldırdı, Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Məhz bu inama söykənərək bu gün bu rəqəmi açıqlayırıq ki, ölkə iqtisadiyyatına 250 milyard dollara yaxın investisiya yatırılıb.

Azərbaycan ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə beynəlxalq təcriddən xilas oldu. Müstəqilliyimizin ilk illərində yaşananlar ölkəmizin beynəlxalq nüfuzuna da təsirsiz ötüşmədi. Belə ki, ermənilərin və erməni diasporunun apardığı təbliğata uyğun olaraq bədxah qonşularımız beynəlxalq aləmdə “yazıq, məzlum, əzilən, döyülən” xalq imicində tanınırdı. Məhz bu təqdimata görə ABŞ Konqresi ölkəmizə qarşı ədalətsiz “907-ci düzəliş”i qəbul etmişdir. Həmin qərara əsasən guya Azərbaycan işğalçı, Ermənistan isə işğala məruz qalan tərəfdir. Ermənilərin belə bir qərarın qəbul olunmasına nail olmaqda məqsədləri Azərbaycanı iqtisadi cəhətdən zəiflətmək, ən əsası digər ölkələrdən asılı vəziyyətə salmaq idi. Lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasını yarmaq, həqiqətlərimizi dünya ictimaiyyətinə əsaslı şəkildə çatdırmaq idi. Ümummilli Liderin xarici ölkələrə elə bir səfəri yox idi ki, orada diqqət Dağlıq Qarabağ probleminə yönəldilməsin, erməni yalanları ifşa edilməsin.

Ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan ermənilərin “907-ci düzəliş”in tətbiqindən gözlədiklərini puç etdi. Azərbaycan iqtisadi cəhətdən nəinki zəiflədi, əksinə daha da güclü, qüdrətli dövlətə çevrildi. 2001-ci ildə ABŞ-da baş verən terror aktı, həmçinin dövlətimizin uğurlu xarici siyasəti nəticəsində ABŞ hökuməti öz siyasətində dəyişiklik etdi, “907-ci düzəliş”in ədalətsizliyini təsdiqləyərək fəaliyyətinin bir illik dondurulması ilə bağlı qərar qəbul olundu. 2001-ci ildən başlayaraq bu qərar hər il yenidən təsdiqlənir.

Azərbaycanın xarici siyasət uğurlarından biri də diaspor quruculuğu prosesinin geniş vüsət alması oldu. Əvvəldə də qeyd etdiyimiz kimi, ulu öndər Heydər Əliyev bütün dünya azərbaycanlılarına bu çağırışı etdi: “Vətən birdir və hamı bu Vətən uğrunda çalışmalıdır!”

Azərbaycanın qonşu və dünya dövlətləri, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlığı quruldu, zaman-zaman yüksələn xətlə inkişaf etməyə başladı. 1993-cü ilə qədər Azərbaycan bütün qonşu dövlətlərlə çox gərgin münasibətlər şəraitində yaşayırdı. Qonşu, həmçinin dünya dövlətləri ilə münasibətlərin qurulması ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən biridir. İqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət gedə bilməz. Azərbaycanın iqtisadi imkanlarının artması siyasi mövqeyinin möhkəmlənməsi ilə müşayiət olundu. “Əsrin müqaviləsi”nin bu uğurlara töhfələri davamlı xarakter aldı. Bir sözlə, daxili sabitlik, həyata keçirilən uğurlu siyasət xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərdi. Xarici siyasətini bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında quran Azərbaycan dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevrildi. “Açıq qapı” siyasətinə üstünlük verən ümummilli lider Heydər Əliyev bu çağırışı da etmişdir ki, Azərbaycanın qapıları bura xoş niyyətlə ayaq basan bütün iş adamlarına açıqdır. Onlar ölkə iqtisadiyyatına yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin ola bilərlər.

Ulu öndər Heydər Əliyevin xarici siyasət sahəsində ən mühüm uğurlarından biri də türk dünyasının birliyinə, həmrəyliyinə nail olmasıdır. Əbəs yerə Ümummilli Lider türk dünyasına işıq saçan bir çıraq kimi dəyərləndirilmir.

Müstəqil Azərbaycan dövlətinin İslam dünyasındakı nüfuzu da böyükdür. Məhz ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin nəticəsi olaraq Azərbaycan bu gün dünyaya dostluq, həmrəylik, birlik, ən əsası sülh mesajını ünvanlayır. Azərbaycanın beynəlxalq aləmdə tolerant multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkə kimi tanınmasında və nüfuz qazanmasında möhkəm təmələ əsaslanan siyasət dayanır.

Milli Ordumuz: müstəqilliyimizin, dövlətçiliyimizin qarantı

Müstəqilliyimizin ilk illərinin xarakterik cəhətlərindən biri də orduda pərakəndiliyin mövcudluğu, Silahlı Qüvvələrimizin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarına xidmət etməsi idi. Məhz həmin dövrdə ordudakı vəziyyət, həmçinin ölkəyə rəhbərlik edənlərin başının hakimiyyət uğrunda mübarizəyə qarışması torpaqlarımızın işğalına səbəb oldu. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə ordu quruculuğu sahəsində uğurlu addımlar atdı, ordunun maddi-texniki bazası möhkəmləndi, Azərbaycan gəncləri böyük ruh yüksəkliyi ilə ordu sıralarına yollanmağa başladılar. Ümummilli lider Heydər Əliyev bildirirdi: “Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir”. 1994-cü il mayın 12-də ümummilli lider Heydər Əliyevin böyük səyləri və qətiyyəti nəticəsində Ermənistanla atəşkəs sazişinin imzalanması ölkənin inkişafının təmin edilməsində əsas amil olmaqla yanaşı, ordu quruculuğu sahəsində də mühüm addımların atılmasına yol açdı. Nizami Silahlı Qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini verdi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun - Silahlı Qüvvələr Gününün Azərbaycanda ümumxalq bayramı kimi qeyd olunması orduya diqqət və qayğının bariz nümunəsidir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hücum əmrinə hər zaman hazır olduğunu bildirən Azərbaycan əsgəri torpaqlarımızı işğaldan azad etmək qüdrətindədir. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında bildirdiyi kimi, müasir, mütəşəkkil ordu yaradılması ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olmuşdur. Bu gün Azərbaycanın güclü ordusu var. Mükəmməl nizami ordu kimi tanınan Azərbaycan Silahlı Qüvvələri hərbi hazırlıq və müasir texnikanı idarə etmək bacarığı baxımından bölgədə fərqlənir. Azərbaycan Ordusu bu gün dünyanın 50 ən güclü ordusu sırasındadır.

Ulu öndər Heydər Əliyev Dağlıq Qarabağ probleminin həlli yollarından bəhs edərkən dövlətin qətiyyətini, xalqımızın iradəsini və beynəlxalq dəstəyi əsas amil kimi önə çəkirdi. Ən yüksək tribunalardan Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyimizin dəyişməz olduğunu bəyan edilir. Dəyişməz mövqeyimiz budur: Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Bir qarış torpağımız belə düşmənə verilməyəcək. Xalqımız torpaqlarımızın işğal altında qalması ilə barışmadığını bildirərək, ölkə Prezidentinin ətrafında sıx birləşir, hücum əmrinə hazır olduğunu bildirir. Üçüncü amil olan beynəlxalq dəstək də illər keçdikcə ədalətli yanaşmaya əsaslanmaqdadır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapıb. Dünyanın ikili yanaşması bu qərar və qətnamələrin icrasına kölgə salır. Ulu öndər Heydər Əliyev daim bu faktı da qeyd edirdi ki, Dağlıq Qarabağ münaqişəsi tərəflərin özünə qalsaydı artıq öz həllini tapmış olardı. Amma münaqişənin beynəlxalq problemə çevrilməsi, hər dövlətin məsələnin həllinə öz maraqlarından yanaşması və maraqların üs-üstə düşməməsi münaqişənin nizamlanması prosesinə öz mənfi təsirini göstərir. Ümummilli Lider ən yüksək tribunalardan bəyan edirdi ki, hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı Birləşmiş Millətlər Təşkilatının sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipidir.

Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsidir

2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən İlham Əliyev Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bildirdi.

Artıq o zamandan bizləri 15 ildən artıq vaxt ayırır. Heydər Əliyev siyasi kursuna sadiqliyini atdığı hər addımında təsdiqləyən dövlətimizin başçısı İlham Əliyev ilk gündən “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürdü. Bildirdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün regionların malik olduğu imkanlardan istifadə etmək məqsədilə Dövlət proqramları təsdiqləndi və uğurla icra olunur. Artıq 3 dövlət proqramı icra olunub, cari ilin yanvarında regionların 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı təsdiq edildi. Sənədlərin icra olunduğu 2004–2018-ci illər ərzində statistik rəqəmlərə diqqət yetirək. Ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.

Dövlətimizin başçısı İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda bildirmişdir: “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsi mənim 2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyim vədlərimdən biri idi. O vaxt demişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, regionların inkişafı ilə məşğul olacağam, bölgələrdə olan problemlərin həlli işində öz səylərimi əsirgəməyəcəyəm”.

Hədəf inkişafa aparan yoldur. Qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaqla Azərbaycanın hərtərəfli inkişafı təmin edilir, beynəlxalq aləmdə mövqeyi möhkəmlənir, qarşıdakı illər üçün yeni-yeni hədəflər müəyyənləşdirilir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əsas hədəf Azərbaycanı yüksək gəlirli ölkəyə çevrilməsi, inkişaf etmiş ölkələr sırasında addımlaması, bu günə qədər üç dəfə artan ümumi daxil məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Bu günümüzün reallıqları hədəflərin artıq gerçək olduğunu təsdiqləyir.

Təbii ki, uğurlara yol açan əsas amil idarəçilik sistemində təkmilləşmə, yeniliklərin cəmiyyətin idarə olunmasında əsas rol oynayan qanunlarımızda öz əksini tapmasıdır. Təkcə cari ilin ötən dövründə idarəçilik sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlara diqqət yetirmək kifayətdir. Bircə faktı qeyd etmək kifayətdir ki, Azərbaycan bu gün müxtəlif sahələrdə beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə malik olduğu təcrübənin təqdimatına yüksək səviyyədə nail olur. Bu günlərdə Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu ölkəmizdə idarəçilik sistemində təkmilləşmənin yol açdığı uğurlara bir daha işıq saldı. Daim ilklərə imza atan Azərbaycanın dünyaya səs salan “ASAN xidmət”, ABAD, DOST kimi layihələri ölkəmizin yeniliyə, təkmilləşməyə nə qədər meyilli olduğunu göstərən layihələr kimi təqdir olundu.

Modernləşməni, yeniləşməni dövlət siyasətinin əsasında saxlayan dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, dünya təcrübəsinə istinad etsək ölkələrin inkişafında biliyin, təhsilin, yeni texnologiyaların nə kimi rol oynadığını aydın görərik. İqtisadiyyatın elmi əsaslara söykənməsi davamlı inkişafa geniş yol açır.

Son 15 ildən artıq dövr ərzində atılan addımlara diqqət yetirdikdə insan amilinə verilən dəyər də özünü qabarıq şəkildə büruzə verir. Dövlətimizin başçısı İlham Əliyev daim bildirir ki, vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir. 2003-cü ildə keçirilən andiçmə mərasimində verilən vədlər sırasında əmək haqlarının, pensiyaların ildə ən azı iki dəfə artırılması əsas yer tutmuşdu. Prezident İlham Əliyev bildirmişdir ki, iqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında da öz əksini tapmalıdır. Yenə də təkcə cari ilin arxada qalan aylarında bu istiqamətdə atılan addımlara diqqət yetirək. Dövlətimizin başçısı İlham Əliyev iyun ayında əhalinin rifahının yüksəldilməsi məqsədilə növbəti sosial paketi təsdiq etdi. İmzalanan 17 sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin həyata keçirilən siyasətin prioritet istiqaməti olduğunu bir daha təsdiqlədi. Sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədilə minimum əməkhaqqının məbləği 40 faiz artırılaraq 250 manata çatdırıldı. Minimum əməkhaqqının artımı 950 minədək vətəndaşı əhatə edəcək. O da məlumdur ki, 2019-cu ilin əvvəlində Prezident İlham Əliyevin müvafiq sosial paket çərçivəsində imzaladığı qanunvericilik aktları 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu.

Hər addımda özünə diqqət və qayğının şahidi olan ölkə ictimaiyyəti dövlətimizin başçısı İlham Əliyevin irəli sürdüyü hər bir təşəbbüsü dəstəkləməklə müstəqil Azərbaycanın daha da möhkəmlənməsinə, qüdrətlənməsinə öz töhfələrini vermiş olurlar.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, xalq-iqtidar birliyi sabitliyin təminatçısıdır. Azərbaycan beynəlxalq aləmdə ən sabit, təhlükəsiz ölkə kimi tanınır və nüfuz qazanır. Ölkəmizin tolerantlıq təcrübəsi, multikultural dəyərlərin inkişafına töhfələri təqdir edilir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə müxtəlif mədəniyyətlərin, dinlərin qovşağında yerləşən ölkə olaraq dövlətlər, xalqlar arasında körpü rolu yüksək dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi dünyaya sülh, əmin-amanlıq, dostluq, birlik, həmrəylik mesajı kimi dəyərləndirilir. Bu gün Azərbaycan ictimai, siyasi, humanitar mərkəzə çevrilib.

Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin, dilinin inkişafı istiqamətində atdığı addımların nəticəsidir ki, Bakı bu günlərdə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etdi. Bu mühüm tədbir Azərbaycanın dövlətçilik ənənələrinin, tarixinin, mədəniyyətinin təqdimatına daha bir töhfəni vermiş oldu. Belə ki, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESKO-nun Dünya İrs Siyahısına daxil edildi. Bu kimi uğurlarımızı xeyli sayda sadalamaq olar. Bunlara əsas verən Azərbaycan dövlətinin uğurlu, düşünülmüş və məqsədyönlü siyasətidir ki, bu siyasətin də əsasını ulu öndər Heydər Əliyev qoyub.

Azərbaycanın bu gün beynəlxalq nüfuzu göz qabağındadır. 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Azərbaycanın ədalətli mövqeyinə, uğurlu siyasətinə verilən dəstəkdir. Bu gün dünyanın bir çox təşkilatlarının qərar və qətnamələrində Azərbaycanın mövqeyi dəstəklənir, ermənilərin işğalçılıq siyasəti pislənir. Azərbaycan yeni-yeni dostlar, tərəfdaşlar qazanır. Bu uğurlarımız, eyni zamanda ölkəmizin iqtisadi imkanlarının artması fonunda ordumuzun gücünün, qüdrətinin artması yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini yaxınlaşdırır. Dövlətimizin başçısı İlham Əliyevin böyük əminliklə qeyd etdiyi kimi, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil.

Azərbaycanın siyasi mövqeyinin möhkəmlənməsində iqtisadi tərəqqinin rolu inkaredilməzdir. Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələri təkcə iştirakçı deyil, dünya dövlətlərinin davamlı iqtisadi inkişafını təmin edir. Artıq əməkdaşlıq regional çərçivədən çıxaraq beynəlxalq miqyas alıb. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallaşması ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycan bu gün etibarlı tərəfdaş kimi təqdir olunur. “Yeni əsrin müqaviləsi”nin imzalanması, Cənub Qaz Dəhlizinin rəsmi açılışı, TANAP-ın, «Star» neft emalı zavodunun istifadəyə verilməsi və sair ölkəmizin iqtisadi mövqeyini daha da möhkəmləndirir, dünya birliyinin fəal üzvünə çevirir. Ölkə iqtisadiyyatının inkişafına, neft strategiyasının uğurla həyata keçirilməsinə davamlı töhfələr verən SOCAR-ın bu və ya digər ölkələrdə reallaşdırdığı investisiya layihələri Azərbaycanın etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirir.

Əvvəldə də qeyd etdiyimiz kimi, iqtisadi tərəqqini sürətləndirən demokratikləşmə prosesinin sadəcə bir şüar, niyyət deyil, ölkənin hərtərəfli inkişafı üçün əsas olmasıdır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin insan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın inkişafı, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atdığı addımlar göz önündədir.

Reallıqlarımızın təbliğ olunmasında mətbuatın rolunu nəzərə alsaq, son 15 ildə azad mətbuatın inkişafı istiqamətində atılan addımlara diqqət yönəltməyin vacibliyi göz önünə gələr. KİV-lərin inkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiqlənməsi, bu sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərə Dövlət Dəstəyi Fondunun yaradılması və sair kimi biri-birindən önəmli hadisələr müstəqil mətbuatın inkişafına geniş imkanlar açıb. Dövlətimizin başçısı İlham Əliyevin jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamları dünyada analoqu olmayan hadisələr kimi dəyərləndirildi. Artıq iki bina jurnalistlərin ixtiyarına verilib, üçüncü binanın tikintisi davam edir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, ölkə Prezidenti 3 dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.

Qeyd etdiklərimiz son 15 ildən artıq dövrdə əldə olunan uğurların az bir hissəsidir. Azərbaycan ulu öndər Heydər Əliyevin yolu ilə uğurla addımlayır. Bu yol ölkəmizə hələ daha çox möhtəşəm uğurlar qazandıracaq.

Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə ötən ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi müstəqillik tariximizin hər bir səhifəsinə aydın işığın salınmasına geniş imkanlar açdı. Cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda söylədiyi “Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər” fikri Azərbaycanın dünyaya səs salan uğurlarının aydın mənzərəsini yaradır.

Heydər Əliyev irsinin təbliğatçısı

2004-cü ildə yaradılan Heydər Əliyev Fondu müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin irsinin təbliğatçısıdır. Fond bu missiyasını yerinə yetirməklə yanaşı, Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanın daha da qüdrətlənməsi, möhkəmlənməsi üçün biri-birindən əhəmiyyətli layihələr həyata keçirir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və ISESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri göz önündədir. Sosial problemlərin həllini daha çox öndə saxlayan Mehriban Əliyevanın öz doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımları təqdir olunur. Mehriban xanım Əliyeva daim bu inamı ifadə edir ki, tezliklə Dağlıq Qarabağ problemi öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.

Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri də tariximizin, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin təbliğidir. Məhz bu günlərdə Azərbaycanın UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu istiqamətdə gördüyü işlərin, UNESKO ilə əməkdaşlığının yüksələn xətlə inkişafının öz rolu, payı olmuşdur.

Mehriban xanım Əliyevanın gördüyü bütün işlərin təməlində hər zaman bildirdiyi kimi, Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət dayanır. Dövlətimizin başçısı İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ulu öndər Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrini əsas tutaraq, ölkəmizin daim zirvələri fəth etməsinə səy göstərirlər. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşkilatçılığı ilə Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili Azərbaycanın təqdimatında əhəmiyyətli rol oynadı. Həmin təqdimatlarda da Azərbaycanın tarixinin, milli-mənəvi dəyərlərinin, mədəniyyətinin təbliği əsas yer tutdu. Bu kimi məqamlar bir daha təsdiqlədi ki, bir dövləti dünyada tanıdan onun milli- mənəvi dəyərləri, zəngin tarixi, dövlətçilik ənənələridir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə dövlətimizin başçısı İlham Əliyevin “On beş il bundan əvvəl Fond yaradıldı və bu illər ərzində bir çox sahələrdə - mədəniyyət, incəsənət, təhsil və digər sahələrdə çox böyük işlər gördü. Təhsil sahəsində deyə bilərəm ki, Fondun təşəbbüsü ilə başlanan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ölkə miqyasında geniş vüsət aldı və ondan sonra dövlət xətti ilə 3 min 200-dən çox məktəb tikildi, təmir edildi. Fond səhiyyə sahəsində çox böyük işlər görür və bir çox hallarda bu işlər haqqında heç məlumat da verilmir. Yəni, ictimaiyyət bəlkə də məlumatlı deyil ki, nə qədər böyük işlər görülür, nə qədər insana kömək göstərilir, nə qədər insanı - uşağı, xəstəni Fondun xətti ilə aparılan müalicə normal həyata qaytarıb. Fondun çoxşaxəli fəaliyyəti Azərbaycanı dünyada tanıdır. Fondun dünya miqyasında çox böyük hörməti var. Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində - bizim musiqimizi, xalçaçılıq sənətini, muğam sənətini, digər mədəniyyət incilərimizi dünyaya çatdırmaq, təqdim etmək üçün Fond çox böyük işlər görür. Kitablar çap olunur, disklər hazırlanır, sərgilər, elmi-praktik konfranslar, simpoziumlar keçirilir. Mən Fondun əməkdaşlarını əldə edilmiş uğurlar münasibətilə təbrik edirəm və eyni zamanda, bildirmək istəyirəm ki, Fond Ulu Öndərin siyasi irsini təbliğ etmək üçün də böyük işlər görür” fikirləri Heydər Əliyev Fondunun keçdiyi yolun ümumiləşdirilmiş ifadəsidir. Cənab İlham Əliyev bu əminliyi də ifadə etmişdir ki, bütün planlar reallaşacaq: “Necə ki, bu günə qədər reallaşıb, bundan sonra da reallaşacaq. Çünki buna bizim iradəmiz də çatır, gücümüz də var, xalq da bizim siyasətimizi dəstəkləyir. Biz bundan sonra yalnız və yalnız uğurlar və qələbələr yolu ilə gedəcəyik”.

Ümumiyyətlə, Heydər Əliyev siyasətinin uğurlarını bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Onun Vətəni, xalqı, dövləti qarşısındakı xidmətlərini belə ümumiləşdirə bilərik: Ulu Öndər Heydər Əliyev Böyük Azərbaycanlı idi. İllər keçdikcə dahi şəxsiyyətin ölkəmizin bu gününə hesablanmış siyasətinin uğurlarının nə qədər böyük olduğu daha aydın görünür, yüksək dəyərləndirilir. Nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!

 
  • Oxunub:  1650  |  
  • Tarix:  12-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb

17 İyul 09:20
Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə sahibdir
17 İyul 09:18
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb
17 İyul 09:13
Regionlarda çəltikçiliyin inkişafı üçün mühüm tədbirlər görülür
16 İyul 23:18
Mehman Əliyevə xatırlatma
16 İyul 21:14
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib
16 İyul 21:09
DSX Akademiyası məzunlarının buraxılış mərasimi olub
16 İyul 20:43
Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş VI müşavirə çərçivəsində seminar müzakirələr keçirilib
16 İyul 20:36
Çingiz Hüseynzadə: Əminik ki, Azərbaycan idmançıları Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edəcəklər
16 İyul 20:33
DTX-nin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunan tədbir keçirilib
16 İyul 20:26
Nazir: İndiyədək neft-qaz sektoruna 100,6 milyard dollar investisiya yatırılıb
16 İyul 20:23
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Keşikçidağ kompleksi ərazisində törədilmiş insidentlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb
16 İyul 20:21
Baş Prokurorluqda Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri ilə görüş keçirilib
16 İyul 20:15
"Azərenerji" ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
16 İyul 20:13
Piter Teys: Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri mədəniyyətlərarası dialoqu möhkəmləndirən mühüm təşəbbüsdür
16 İyul 20:10
Fövqəladə missiya, yaxud tarixin ən böyük Azərbaycanlısı
16 İyul 20:08
Gədəbəydə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib
16 İyul 20:06
Mərkəzi Gömrük Hospitalı İtaliyanın tibb müəssisələri ilə əməkdaşlıq edəcək
16 İyul 20:03
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmədə olub
16 İyul 19:51
Dini radikalizmin, ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmənin alternativi yoxdur
16 İyul 19:48
İsrailin Vergi Orqanının baş direktoru yeni Bakı Limanının fəaliyyəti ilə maraqlanıb
16 İyul 19:44
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16 İyul 17:49
Azərbaycan dövlətinin uzun illərə söykənən qadın siyasəti var
16 İyul 17:47
Donald Tuskun Cənubi Qafqaz turnesi: "Şərq tərəfdaşlığı"nda yeni mərhələ kontekstində
16 İyul 17:45
Azərbaycanla Əfqanıstanın nəqliyyat və İKT sahəsində əməkdaşlığına dair müzakirələr aparılıb
16 İyul 17:39
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
16 İyul 17:31
Azərbaycanın Xarici İşlər naziri Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri ilə görüşüb
16 İyul 17:20
Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Ermənistanın işğalçılıq siyasətinin nəticələri barədə məlumatlandırılıb
16 İyul 17:13
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində proqram təminatından istifadə qaydaları üzrə təlim keçirir
16 İyul 17:09
Bakıda Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16 İyul 17:06
Biləsuvarda məcburi köçkünlər üçün salınmış qəsəbələrin içməli su təchizatı yaxşılaşdırılır
16 İyul 16:57
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində regional dinləmələr davam edir
16 İyul 16:54
Nazirlik: Respublikada bu günədək 3 milyon tondan çox taxıl yığılıb
16 İyul 16:48
Lerikdə “Dövlət gənclər siyasətində partiya gənclərinin rolu” mövzusunda müzakirələr aparılıb
16 İyul 16:25
Goranboyun tam qazlaşdırılması yekunlaşır
16 İyul 16:01
Səyyar “ASAN xidmət” davam edir
16 İyul 15:57
YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Argentina Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
16 İyul 15:53
Muxtar respublikada yerli istehsal və idxal məhsullarının standartlara uyğunluğuna ciddi nəzarət olunur
16 İyul 15:41
Ötən il Azərbaycanla Əfqanıstanın ticarət dövriyyəsi 37 faiz artıb
16 İyul 15:35
Ali Baş Komandanın tapşırığına əsasən hərbi hissələr yoxlanılır
16 İyul 15:17
İsrailin Vergi Orqanının rəhbəri Azərbaycanın vergi sistemindəki islahatlar barədə məlumatlandırılıb
16 İyul 15:11
“İş Qadınlarına Dəstək” İB-nin daha 9 ölkədə nümayəndəliyi fəaliyyət göstərəcək
16 İyul 15:04
Frank Şıkli: Kannda təşkil olunmuş sərgi Azərbaycan mədəniyyətinin təbliği baxımından çox əhəmiyyətlidir
16 İyul 14:47
Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək idmançılarla Milli Olimpiya Komitəsində görüş keçirilib
16 İyul 14:13
Maqali Tabui: Kanndakı sərgi bizə Azərbaycanın xalçaçılıq sənəti ilə yaxından tanışlığa imkan yaradır
16 İyul 13:58
“İş Qadınlarına Dəstək” İctimai Birliyi yaradılıb
16 İyul 13:53
Azərbaycanın Baş Naziri Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri ilə görüşüb
16 İyul 13:42
İşdən qeyri-qanuni şəkildə azad edildiyi müəyyən olunan 77 işçi əvvəlki yerlərinə bərpa edilib
16 İyul 13:36
Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracının dəyəri 1,1 milyard dollar artıb
16 İyul 13:34
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndələri Milli Məclisdə olublar
16 İyul 12:52
ANAMA-nın kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 İyul 12:39
Əfqanıstan nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 İyul 12:35
İndiyədək Əfqanıstan Azərbaycan iqtisadiyyatına 1,5 milyon dollar investisiyalar yatırıb
16 İyul 12:31
XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək
16 İyul 12:16
Lerikdə “Sosial şəbəkələr: təhlükəsizlik qaydaları” mövzusunda təlim
16 İyul 12:15
Azərbaycandan MDB ölkələrinə məhsul ixracı artıb
16 İyul 11:40
Naxçıvanda icbari tibbi sığortadan yararlanan daha bir nəfər üzərində pulsuz cərrahi əməliyyat aparılıb
16 İyul 11:38
Çində Azərbaycan Dillər Universitetinin tələbələri üçün yay düşərgəsi fəaliyyət göstərir
16 İyul 11:30
Azərbaycan təbii qaz ixracını artırıb
16 İyul 11:26
Bakıda “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək
16 İyul 11:23
Gürcüstanın Xarici İşlər Nazirliyi ölkə ictimaiyyətini təxribatlardan çəkinməyə çağırıb
16 İyul 11:20
Amina Mohammed: Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində Azərbaycanın atdığı addımlar təqdirəlayiqdir
16 İyul 11:17
Altı ayda dəmir yolu nəqliyyatı ilə 1,5 milyard dollarlıq yük daşınıb
16 İyul 11:16
BMT qadınları daha çox rəhbər vəzifələrə təyin etməyə çağırıb
16 İyul 11:14
Bakıda yeni layihə uğurla həyata keçirilir
16 İyul 11:10
Özü bu dünyadan getsə də, səsi daim yaşayan sənətkar
16 İyul 11:07
DİM dövlət qulluğuna qəbul üzrə namizədlərin nəticələri haqqında növbəti statistik məlumatları açıqlayıb
16 İyul 11:03
Azərbaycan regionda və MDB məkanında ilk ölkə kimi ikinci dəfə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna Könüllü Milli Hesabat təqdim edib
16 İyul 09:58
MN: Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub
16 İyul 09:53
Türkiyə parlamentində 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar xüsusi iclas keçirilib
16 İyul 09:51
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başlayıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA