Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Siyasi diletant Əli Kərimlinin London-Bakı paradoksu

Siyasi diletant Əli Kərimlinin London-Bakı paradoksu

25.05.2019 [10:17]

Yaxud antiazərbaycançı mərkəzlər və erməni lobbisi ilə sinxron fəaliyyət göstərən bu şəxsin Avropa Liqasının final matçı ilə bağlı fikirləri onun antimilli mahiyyətini ifşa edir
Bir neçə gündən sonra paytaxtımız növbəti mühüm idman bayramına - Avropa Liqasının final görüşünə ev sahibliyi edəcək. Dünyanın hər yerindən finala çıxan bu məşhur idman klublarının milyonlarla azarkeşinin nəzər-diqqəti Bakı şəhərinə yönələcək. Əlbəttə, UEFA-nın belə mühüm bir görüşə ev sahibliyi etmək hüququnu məhz ölkəmizə həvalə etməsi çox ciddi əsaslara malikdir. Burada Azərbaycanın “Eurovision” mahnı yarışması, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi, Formula 1, müxtəlif idman yarışları üzrə dünya və Avropa çempionatlarını ən yüksək səviyyədə təşkil etməsi və dünyada yeni standartlar müəyyənləşdirməsi, bu sahədə zəngin təcrübəyə malik olması mühüm rol oynayıb.
Eyni zamanda, Azərbaycanda mövcud olan əmin-amanlıq, etibarlı sabitlik və təhlükəsizlik mühiti, ölkəmizin son illərdə əldə etdiyi sürətli iqtisadi inkişaf Bakının ev sahibliyinə səs verənlərin kifayət qədər düzgün qərar qəbul etdiklərini təsdiqləyir. Bununla belə, Azərbaycanın əldə etdiyi möhtəşəm nailiyyətlərdən narahatlıq keçirən, ölkəmizə qarşı qısqanc münasibətini hər fürsətdə dilə gətirən azsaylı qruplar da var ki, onlar bu dəfə də ənənələrinə sadiq qalırlar. Azərbaycanda uğurla baş tutan digər mühüm tədbirlər ərəfəsində olduğu kimi, hazırda da dünyadakı antiazərbaycançı mərkəzlərin və onların Bakıdakı uzantılarının ölkəmizə qarşı “qara piar” kampaniyasını müşahidə etməkdəyik. Şübhə yoxdur ki, Azərbaycan cəmiyyəti, o cümlədən dünyadakı ədalətli, reallıqları düzgün dəyərləndirməyi bacaran çoxluq tərəfindən bu “çat səslər” ciddi qəbul olunmur və buradakı məqsəd də hər kəsə gün kimi aydındır.
İdmanın siyasiləşdirilməsi yolverilməzdir!
Qeyd etmək lazımdır ki, idmanın siyasiləşdirilməsinin yolverilməzliyi beynəlxalq futbol qurumlarının ən mühüm tələblərindən biridir. Bu, FİFA, o cümlədən də UEFA üçün qətiyyən güzəşt yeri olmayan məsələlər sırasında dayanır. Amma görünür, bu dairələr yenə də “məqsəd naminə hər şeyi qurban vermək olar” təfəkkürü ilə hərəkət edib öz maraqlarını təmin etmək üçün beynəlxalq hüququn prinsiplərini belə heçə saymaqdan çəkinmirlər. Əslində, bu, həmişə belə olub - Azərbaycanda mühüm beynəlxalq tədbirlər keçirilən ərəfədə xaricdəki bədnam şəbəkə işə düşür, dərhal ölkəmizdəki “beşinci kolon” təmsilçiləri isə onların səsinə səs verirlər. İndi də proseslər eyni ssenari üzrə davam edir. Xaricdən bir səs gəldi, sonra bu səs Azərbaycana qarşı “qara piar” kampaniyasının həlqələri tərəfindən daha geniş tezliklərə ötürüldü, nəhayət, onların ölkəmizdəki buyruq qulları da tutuquşu kimi eyni fikirləri təkrarlamağa başladılar. Faktiki olaraq bu şəbəkə dünya erməniliyinə xidmət edir. Prosesdə diqqətimizi çəkən nüanslardan biri də antiazərbaycançı şəbəkənin tapşırıqlarını icra edən AXCP sədri Əli Kərimlinin absurd iddiaları ilə xaricdəki ermənipərəst dairələrin tezislərinin üst-üstə düşməsidir.
Əli Kərimli reneqat və diletantların kölgəsinə sığınan autsayderdir
Ümumiyyətlə, biz Azərbaycan siyasi palitrasının qarınaltı yükünə çevrilmiş marginal, radikal siyasi qrupların ölkəmiz üçün mühüm əhəmiyyətli məqamlarda qarşı səngərdə sipər aldıqlarını ilk dəfə deyil ki, müşahidə edirik. Həmişə antixalq və antidövlət xarakterli çağırışlar səsləndirən bu marginal, antimilli dəstənin müxalifətçilik anlayışı milli məqsədlərə xidmət edən missiya deyil, tam əksinə, milli maraqlarımıza zərbə vuran alət kimi çıxış edir. Radikalizm ideyasını mənimsəmiş, radikal-ekstremist dünyagörüşünə malik olan Ə.Kərimli və ətrafındakı dağıdıcılar hər fürsətdə öz ölkəsini aşağılayır, xalqının milli mənafeyini şəxsi korporativ maraqlarına qurban verirlər. Bu dağıdıcı azlıq yalnız bir amal uğrunda mübarizə aparır ki, nə olursa olsun, təki Azərbaycan üçün yaxşı olmasın. Çünki bunlar hesab edirlər ki, Azərbaycan dövləti və Azərbaycan xalqı qazandıqca ölkəmizin düşmənləri ilə birgə hərəkət edən bu xəyanətkar dəstə itirir.
Vaxtilə müxtəlif oyunlarla, şarlatanlıqla AXCP-ni mənimsəyən Əli Kərimli bu gün heç öz qohum-əqrəbası tərəfindən belə qəbul olunmayan, yalnız reneqat və diletantların kölgəsinə sığınan autsayderdir. AXCP sədri həmçinin Azərbaycan cəmiyyətində ziddiyyətlərin və qütbləşmənin olmasını arzu edən, bunun üçün çalışan təxribatçıdır. O, bütün siyasi fəaliyyətini cəmiyyətdəki qarşıdurmalar üzərindən qurmağa çalışır. Çünki Azərbaycandakı vətəndaş həmrəyliyi, sabitlik Kərimlinin ilham və təlimat aldığı mərkəzlərin maraqlarına uyğun deyil.
Canasyanlar Mixitaryan və Kərimliyə qarşı...
Bütün siyasi fəaliyyəti boyu ətrafındakı hər kəsə xəyanət edən Əli Kərimli üçün heç bir milli dəyər, ictimai maraq anlayışı yoxdur. Bunu onun sosial şəbəkələrdə öz səhifəsində etdiyi paylaşımlarda yer alan fikirləri də aydın şəkildə göstərir. Məsələn, Əli Kərimli ermənilərin iddialarına dəstək verərək Bakıda “təhlükəsizliyinizə zəmanət yoxdur” deyə qeyd edir. Bununla o,üstüörtülü şəkildə həm də “Arsenal” komandasının erməni əsilli futbolçusu Henrix Mixitaryan üçün hansısa təhlükə olması yönündə bədnam iddianı müdafiə etmiş olmurmu?
Bu gün bütün dünya Azərbaycandakı sabitlik və təhlükəsizlik mühitini örnək göstərir, dünya mediasında final görüşü ilə bağlı yayımlanan xəbər və reportajlarda bu məqam xüsusi vurğulanır. Eləcə də Azərbaycan dövləti Mixitaryan və heyətin digər bütün üzvlərinin təhlükəsizliyinə zəmanət verib. Üstəlik, nəzərə alsaq ki, Londonda baş verən cinayətlər hər min nəfərə düşən rəqəmlərə görə Bakıdakından ən azı on dəfə çoxdur, onda kiminsə Bakını ittiham etməyə nə mənəvi, nə də hüquqi haqqı çatır. Bu iddialara elə ermənilərin özlərinin dilindən səslənən etiraflar da tutarlı cavabdır. Belə ki, bu günlərdə Bakıda keçirilən aerobika üzə Avropa çempionatında erməni əsilli idmançılar Qarsevan Canasyan və Duxik Canasyan da iştirak edirlər və onlar mətbuata açıqlamalarında Azərbaycanda hər şeyin yüksək səviyyədə təşkil olduğunu, insanların çox ünsiyyətcil və həyatsevər olduqlarını və təhlükəsizliklə bağlı hər hansı bir narahatlığa əsas olmadığını bildiriblər. Bu isə bir daha Əli Kərimli və ona xaricdən təlimat verənlərin Mixitaryanın hansısa təhlükə ilə üzləşə biləcəyi ilə bağlı mənasız arqumentinin sabun köpüyündən başqa bir şey olmadığını göstərir.
Londonda qiymətlərin Bakıdan daha ucuz olduğunu iddia etmək həqiqəti təhrif yox, təhqir etməkdir!
Qətiyyətlə qeyd edə bilərik ki, anti-azərbaycançı şəbəkə xoru və “beşinci kolon”un digər bəhanələri də ölkəmizin reallıqlarından uzaq, gülünc fikirlərdən ibarətdir. Necə olur ki, cəmi bir neçə ay əvvəl Bakıya gəlmiş və UEFA bayrağı altında keçirilən qrup mərhələsində iştirak etmiş “Arsenal” futbol komandası üçün bu gün yenidən Qrinviçi bəri adlamaq birdən-birə müşkül məsələyə çevrilir? Axı şəhərlər arasında məsafə uzanmayıb...
Riyakarlığın da, yalan və böhtanın da bir həddi olmalıdır. Amma söhbət Əli Kərimlidən gedirsə, tam məsuliyyətimizlə deyə bilərik ki, bu adam siyasi etikanın bütün hədlərini, riyakarlığın bütün sədlərini aşmağa vərdiş edib. İndi də utanmadan iddia edir ki, Bakıda qiymətlər Londondan daha bahadır və bu da hansısa monopoliya ilə bağlıdır.
Bir insan reallıq hissini nə qədər itirmiş olmalıdır ki, Londonda qiymətlərin Bakıdan daha ucuz olduğunu iddia etsin? Əlbəttə, ailə üzvlərinin Londonda ən lüks şəraitdə həyatını təmin edən Əli Kərimli Britaniya paytaxtında qiymətlərin hansı həddə olduğunu gözəl bilir. Hamı bilir ki, London Bakı ilə müqayisədə iki dəfə baha olan hotel qiymətləri, astronomik həddə çatan taksi, metro, avtobus, kafe, restoran və digər xidmətlər üzrə ödənən məbləğlərlə dünyanın ən bahalı şəhərləri sırasında yer alır. “British Airways” şirkətinin təqdim etdiyi qiymətlər AZAL-ın qiymətlərindən qat-qat bahadır. Paris, Brüssel, Berlin, Madrid və başqa Avropa paytaxtlarında da qiymətlər bu səviyyədədir. Görəsən, bəs bu ölkələrdə hotellər, aviaşirkətlər kimin əlindədir, hansı “korrupsionerin monopoliyası”na xidmət edirlər?
Paytaxtımız növbəti dəfə Avropanın idman tarixinə öz adını parlaq hərflərlə yazdıracaq
Ə.Kərimlinin ölkəmizdəki hava limanları ilə bağlı iddiaları da onun və sinxron fəaliyyət göstərdiyi şəbəkənin fantaziyasının məhsuludur. Azərbaycan son illərdə özünün nəqliyyat şəbəkəsini xeyli dərəcədə inkişaf etdirərək bu sahədə də dünyanın qabaqcıl ölkələri ilə rəqabət aparmaq əzmindədir. Azərbaycanda mövcud olan hava limanları qabaqcıl texnologiyalara cavab verir və beynəlxalq status daşıyır. Eləcə də Heydər Əliyev Beynəlxalq Aeroportu hər gün minlərlə sərnişin qəbul edir və bu zaman heç bir problem yaşanmır.
Əcnəbi vətəndaşlar üçün tətbiq olunan ASAN viza rejimi dünyanın bütün ölkələrindən ölkəmizə üz tutmuş turistlər üçün prosesləri asanlaşdırdığı və hər kəsin təqdirini qazandığı halda, Əli Kərimlini qane etməyən nədir? Deməli, yenə də Azərbaycanın uğurlar qazanması, inkişaf etməsi, dünyada nüfuzunun artması AXCP sədrinin dərisinə birə salır. Çünki Əli Kərimli başa düşür ki, Azərbaycanın bütün uğurlarının kökündə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasi kurs dayanır və Azərbaycan iqtidarının hər bir uğuru Kərimlinin və tərəfdarlarının sonunu yaxınlaşdırır. Onlar faktiki olaraq siyasi səhnədən birdəfəlik silinmək perspektivi ilə üz-üzə dayanıblar ki, bu da kifayət qədər ədalətli bir nəticə olardı. Çünki Əli Kərimli kimi xalqına, dövlətinə düşmən münasibət göstərən antimilli təfəkkürlü insanlar siyasətdə olmalı deyillər.
Beləliklə, ermənipərəst şəbəkənin, dağıdıcı antimilli ünsürlərin və Kərimli kimi natamamların məqsədli şəkildə irəli sürdükləri iddialara, apardıqları “qara piar” kampaniyalarına baxmayaraq, Azərbaycanın bu möhtəşəm tədbirə yüksək səviyyəli hazırlığı, ölkəmizin iqtisadi qüdrəti və təşkilatçılıq bacarığı bir daha o əminliyi yaradır ki, paytaxtımız növbəti dəfə Avropanın idman tarixinə öz adını parlaq hərflərlə yazacaq.

Hikmət BABAOĞLU

Paylaş:
Baxılıb: 208 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31