Ana səhifə »  Qəzetin pdf formatı »  Xanlıqlar dövrünün metafizikası: Akademik Ramiz Mehdiyevin yeni kitabı haqqında ilk təəssüratlar
A+   Yenilə  A-
Xanlıqlar dövrünün metafizikası: Akademik Ramiz Mehdiyevin yeni kitabı haqqında ilk təəssüratlar

Akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı işıq üzü gördüyü ilk andan etibarən elmi ictimaiyyətin böyük marağına səbəb olub. Çünki kitabda Azərbaycan tarixinin mühüm mərhələlərindən birini təşkil edən xanlıqlar dövrü ilk dəfədir siyasi və tarixi nöqteyi-nəzərdən mahiyyətcə yeni kontekstdə işıqlandırılır.

AZƏRTAC tarixçi alimlər üçün yol xəritəsi hesab olunan bu dəyərli tədqiqat işi haqqında görkəmli alim, Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun qeydlərini təqdim edir.

Hər bir xalqın tarixinin müxtəlif dövrlərində, mərhələlərində baş vermiş hadisələrin xronologiyasının bütün təfsilatı, təfərrüatı ilə (müxtəlif mənbələrin müqayisəsi əsasında) ortaya çıxarılıb tarix kitablarında maksimum dəqiqliyi ilə təsbit olunması həmin xalqın tərcümeyi-halının yeni nəslə çatdırılması baxımından nə qədər mühümdürsə, sözü gedən hadisələrin (və xronologiyanın) metafizikasına və ya fəlsəfi mahiyyətinə varmaq, baş verənləri, ümumən, xalqın tarixi (və taleyi!) kontekstində təhlil edib dəyərləndirərək gələcəyin bu və ya digər dərəcədə əsaslı “yol xəritəsi”ni müəyyənləşdirmək ondan qat-qat böyük strateji əhəmiyyət kəsb edir. Lakin bunun üçün mənbəşünas-tarixçi səriştəsi ilə yanaşı, filosof və ideoloq təfəkkürü də tələb olunur ki, biz bunun təzahürünü akademik Ramiz Mehdiyevin müstəqillik illərində qələmə alınmış, demək olar, bütün əsərlərində görürük.

Bu günlərdə nəşr edilmiş “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı bu baxımdan istisna təşkil etməsə də, o mənada fərqlənir ki, burada yalnız “yol xəritəsi” müəyyənləşdirilmir, həm də Azərbaycan xalqının tarixinin bir dövrü – xanlıqlar dövrü əsasında tarixə münasibətin elmi metodu (metodologiyası) təqdim olunur. Bu da, əslində, nəzəri (fəlsəfi-ideoloji) miqyasına görə bütün dövrlərə münasibətdə keçərlidir.

Əlbəttə, hər hansı xalqın tarixi istər zəfərli, istərsə də məhrumiyyətli dövrləri ilə birgə bütövdür. Bununla bərabər, tarixdə elə məqamlar var ki, həmin məqamda buraxılmış səhvləri, yaxud məsuliyyətsizliyi tarix heç vaxt bağışlamır. Akademik Ramiz Mehdiyev Azərbaycan tarixinin təxminən yarım əsrlik bir zamanını əhatə edən xanlıqlar dövrünü məhz belə bir məqam hesab edərək göstərir ki, “Azərbaycanda mərkəzləşdirilmiş idarəçilik sisteminin əsaslarının məhv edilməsi, həmçinin milli mədəniyyətimizin, təsərrüfat həyatının tənəzzülünə səbəb olmuş feodal hərc-mərcliyi və bitib-tükənməyən ara müharibələri ilə müşayiət edilən, ən nəhayət, tarixi torpaqlarımızın ikiyə bölünməsinə gətirib çıxaran bu keşməkeşli dövr tarixşünaslığımızda hələ də öz layiqli siyasi qiymətini almamışdır”.

Doğrudan da, xalqın öz tarixinin bu və ya digər dövrü haqqında səhih məlumatı yoxdursa, bu, sadəcə, məlumatsızlıq və ya biliksizlik səviyyəsində qalmır, ciddi “sosial yaddaş problemi”nə çevrilməklə onun ümumən taleyini təhdid edir və son dərəcə ağır nəticələrə gətirib çıxarır.

Akademik Ramiz Mehdiyev yazır: “Bütövlükdə ictimaiyyətimiz, xüsusilə də alimlərimiz özləri üçün birdəfəlik yəqin etməlidirlər ki, milli şüurun təşəkkülü prosesi, milli məfkurənin, düşüncənin yaranması kortəbii şəkildə baş vermir. Milli şüurun təşəkkülü dövlət quruculuğu qədər mürəkkəb və çoxmərhələli bir prosesdir. Onun düzgün istiqamətdə inkişaf etməsi, dayanıqlı və praktik cəhətdən faydalı olması üçün dərindən düşünülmüş, bütün zəruri detalların nəzərə alındığı çevik, mütəhərrik strategiya işlənib hazırlanmalıdır».

“Tariximizin xanlıqlar dövrü”nün müəllifi tamamilə haqlı olaraq qeyd edir ki, bizim nəinki ictimai, hətta elmi tarixşünaslıq şüurumuzda da həmin dövr barəsindəki təsəvvür çox hallarda dumanlı və ya yanlışdır. Bir sıra elə stereotiplər formalaşıb ki, onların aradan qaldırılması üçün istər elmi-intellektual, istərsə də mənəvi-ideoloji cəbhələrdə hələ çox mübarizə aparmaq lazım gələcək.

Akademik Ramiz Mehdiyev bir neçə strateji məqam üzərində ayrıca dayanır. Birinci məqam ondan ibarətdir ki, “xanlıqlar dönəmində Azərbaycan dövlətçiliyi Səfəvilər dövründən etibarən yaradılan, Nadir şahın hakimiyyəti illərində isə bir qədər möhkəmləndirilən mərkəzləşmə prinsipindən məhrum olur. Vaxtilə Səfəvi şahlarının, xüsusən Şah İsmayıl Xətainin və Nadir şahın hərbi dühası və siyasi məharəti hesabına yaradılan, Azərbaycan türklərinin titul xalq statusunda idarə etdikləri böyük bir coğrafiyada irili-xırdalı onlarla feodal dövlətinin meydana gəlməsi siyasi böhranla yanaşı, böyük iqtisadi və mədəni tənəzzülə aparıb çıxarır”. İkincisi, “xalqımızın məhz həmin siyasi dövrün səhvləri ucbatından ikiyə bölünməsi və bu günə qədər də parçalanmış vəziyyətdə yaşamağa davam etməsi ilə bağlıdır”… “Buraya tərəddüd etmədən türklərə qarşı tarixən bütün varlığı ilə kin bəsləyən və onu ilk fürsətdə ortaya qoyan erməni millətçiliyi amilini də əlavə etmək lazımdır”.

Heç şübhəsiz, XVIII əsrin ortalarından XIX əsrin əvvəllərinə qədər istər Şimali, istərsə də Cənubi Azərbaycanda baş verən hadisələr Rusiya-Türkiyə–İran münasibətlərindəki hərbi-siyasi münaqişələr fonunda cərəyan edir. Lakin bu, “Azərbaycan xanlarının xalqın gələcək taleyinə etinasız münasibətinə, sərhəd tanımayan yersiz siyasi iddialarına, mənəm-mənəmliyinə bəraət qazandırmadığı kimi, onların üzərindəki tarixi məsuliyyəti də təmizləyə bilməz”.

Kitabda göstərilir ki, Şimaldan gələn təhlükənin Azərbaycan xanlarını qəflətən yaxaladığı barədəki iddialar tamamilə yanlışdır. Hər şeydən əvvəl ona görə ki, “Azərbaycan xanları üçün I Pyotrun yürüşü zamanı baş verənlər o qədər də uzaq tarix deyildi və onlar cərəyan edən proseslərdən zəruri nəticələr çıxarmağa, sadəcə, borclu idilər. Siyasi lider, dövlət başçısı, ölkənin və xalqın taleyinə cavabdehlik məsuliyyətini öz çiyinlərinə götürən hər kəs baş verən prosesləri soyuqqanlı şəkildə təhlil edib, düzgün həll yolları tapmağa borcludur. Çünki o, yalnız özü üçün deyil, məsuliyyətini üzərinə götürdüyü xalqı, Vətəni üçün cavabdehlik daşıyır. Azərbaycan xanlarının heç birində belə bir müdrikliyə, təmkinə və ümumi mənafe naminə öz cılız iddialarını cilovlamaq böyüklüyünə rast gəlmək mümkün deyil.

…Üstəlik, bir məqamı da nəzərdən qaçırmamalıyıq ki, Azərbaycanın birləşdirilməsi üçün edilən cəhdlərin boşa çıxmasında ardıcıllıq amilinin olmaması ilə yanaşı, ayrı-ayrı xanların güclü müqavimət cəhdləri də az rol oynamamışdır. Öz müstəqilliyini, hakimiyyətini qorumaq məsələsində güzəştsiz mövqe tutan Azərbaycan xanları birləşmə istiqamətində atılan istənilən addıma inadla qarşı çıxır, kiçik ittifaqlar yaradaraq vahid dövlətin təşkilinə yönəlmiş bütün təşəbbüslərə silahla cavab verirdilər”.

Məsələ burasındadır ki, Azərbaycanın xanlıqlara parçalanması, dünyanın tarixi gedişinin əksinə olaraq, orta əsrlərdə deyil, mərkəzləşmə hərəkatı üçün səciyyəvi sayılan yeni dövrdə baş verirdi. Digər bir paradoks da o idi ki, akademik Ramiz Mehdiyevin dəfələrlə xatırlatdığı kimi, əvvəl Şah İsmayıl Xətainin, sonra isə Nadir şahın mövcud siyasi, iqtisadi, inzibati və mənəvi- ideoloji şərtlər zəminində qurmuş olduqları kifayət qədər zəngin mərkəzləşmiş dövlət təcrübəsindən məsuliyyətsizcəsinə imtina etməklə baş verir, hətta həmin təcrübəyə (və varisliyə) hər cəhətdən sədaqətlə yanaşan Qacarlar hakimiyyətinə belə, lazımi etimad göstərilmirdi.

“Tariximizin xanlıqlar dövrü” müəllifinin aşağıdakı qənaətləri sözügedən dövrə ona görə tarixçi-mütəfəkkir interpretasiyasının məhsulu hesab olunur ki, burada tarix öz içinə qapılaraq qalmır, əksinə, müdrik bir məntiqin təkidi ilə özü-özünü izah etməsinə məcbur edilir:

“Əfsus ki, Azərbaycan xanlarının məsuliyyətsiz davranışları səbəbindən həm dövlətçilik tariximizdə, həm də siyasi ənənəmizdə dərin kök salmış separatçılıq təmayüllərinin ömrü xanlıqlar dövrü ilə bitməyib. Sözügedən təmayül bir xoşagəlməz ənənə kimi özünü tariximizin növbəti mərhələlərində, o cümlədən XX əsrin sonlarında dövlət müstəqilliyimizi yenicə bərpa etdiyimiz illərdə də büruzə vermiş və bu meylin müxtəlif xarici və daxili qüvvələr tərəfindən körüklənməsi Azərbaycanın bütövlüyünü, suverenliyini ciddi şəkildə təhlükə altına salmışdı. Tam əminliklə bildirirəm ki, əgər o dövrdə tarix səhnəsində Azərbaycan xalqının ümummilli lideri, zəngin idarəçilik təcrübəsinə malik, böyük siyasi iradə və səriştə sahibi Heydər Əliyev olmasa idi, bəzən ayrı- ayrı şəxslərin hakimiyyət hərisliyi ucbatından, bəzən isə xarici qüvvələrin əmri ilə alovlanan separatçılıq atəşində gənc dövlətçiliyimiz yanıb külə dönəcəkdi”. Görkəmli tarix filosofu tamamilə haqlıdır ki, “xanlıqlar dövrü ilə müstəqilliyimizin ilk illəri arasında mövcud olan kədərli oxşarlıqlardan daha biri isə torpaqlarımızın itirilməsi ilə bağlıdır. Əgər xanların özbaşınalığı və separatçı davranışları Şimali Azərbaycanın çarizm tərəfindən işğalı və 1828-ci il Türkmənçay sazişinin müddəalarına əsasən İran ermənilərinin Qarabağa, Naxçıvana və İrəvana köçürülməsi ilə yekunlaşmışdısa, ötən əsrin 90-cı illərinin əvvəlində üzləşdiyimiz vəziyyət Ermənistanın öz havadarlarının birbaşa dəstəyi sayəsində Dağlıq Qarabağı, həmçinin onun ətrafındakı 7 rayonu qəsb etməsi ilə nəticələndi».

Heç şübhəsiz, “tarix ondan zəruri dərslər çıxarılmadığı təqdirdə daha amansızlıqla təkrar olunur”. Odur ki, millətin öz tarixi ilə fəxr etməsi milli özünüdərk baxımından nə qədər önəmlidir. Bir millət olaraq biz, əlbəttə, ilk növbədə, Şah İsmayıl Xətainin, Nadir şahın övladlarıyıq, ancaq heç vaxt istisna edilə bilməz ki, milli ictimai şüurumuzun hansısa küncündə xanlıqlar dövrü «dərəbəyləri»nin mənəm-mənəmlik iddiaları mürgüləmir.

Akademik Ramiz Mehdiyev yazır: “Dövlət idarəçiliyində, iqtidar arasında kiçik bir çatın, ziddiyyətin yaranması kifayətdir ki, sadalanan dağıdıcı təmayüllər Azərbaycanın müstəqilliyini, dövlətçiliyini təhdid edəcək qədər böyük miqyas alsın. Məhz buna görədir ki, sözügedən amil, yəni, etnopsixologiyamızda mövcud olan və xalqımızın gələcək inkişafına mənfi təsir göstərə biləcək qüsurların islahı, yüksək siyasi mədəniyyətə və mütərəqqi təfəkkürə malik, öz Vətəninin həyati mənfəətlərinə sadiq olan cəmiyyətin təşkili Azərbaycançılıq məfkurəsinin mühüm elementləri sırasına daxildir.

Həm Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdikləri dövlət quruculuğu siyasətinin, yürütdükləri ictimai inkişaf xəttinin hədəfi yalnız dayanıqlı, müasir və güclü dövlətçiliyin yaradılması deyil, eyni zamanda, müasir baxışlara malik, tarixi-mənəvi köklərinə bağlı, sağlam düşüncəli vətəndaşların formalaşdırılmasıdır. Dövlət başçısı tərəfindən daim vurğulanan “insan kapitalı” anlayışı bütün digər mənaları ilə yanaşı, eyni dərəcədə haqqında danışdığımız ali məqsədi də ehtiva edir”.

Əminliklə demək olar ki, müstəqillik illərində Azərbaycanda milli ictimai şüurun inkişafı üçün çox böyük işlər görülüb, xüsusilə Azərbaycan insanının təbiətində yüzillər boyu kök salmış ikinci, yaxud üçüncü dərəcəli olmaq kompleksi xeyli dərəcədə aradan qaldırılıb. Öz tarixinin üçüncü onilliyini başa vurmağa hazırlaşan müstəqil Azərbaycan dövləti təkcə Azərbaycan Respublikası vətəndaşlarının həmrəyliyinin, mənəvi-siyasi mütəşəkkilliyinin, xalq- iqtidar birliyinin nümunəsi olaraq qalmayıb, eyni zamanda dünya azərbaycanlılarının etimadını qazanıb… Lakin unutmaq olmaz ki, dünyanın gərdişi kimi insanların xarakteri də mürəkkəb olaraq qalır və tarix həm müsbət, həm də mənfi mənada bizə yoldaşlıq etməkdədir.

Kitabda Şah İsmayıl Xətaidən başlayan mərkəzi hakimiyyət (və dövlət bütövlüyü) uğrunda mübarizənin XVIII əsrin sonlarına doğru Ağa Məhəmməd şahın timsalında Qacarlar tərəfindən davam etdirilməsinə, ümumiyyətlə Qacarlar xanədanının tarixinə geniş yer ayrılıb ki, bu da səbəbsiz deyil. İstər Azərbaycan tarixşünaslığında, istərsə də ictimai-mədəni fikrində həmin dövrün müxtəlif mərhələləri, yetirdiyi görkəmli şəxsiyyətlər haqqında fərqli, çox hallarda isə həqiqətə uyğun olmayan mülahizələr, hətta haqq-ədalət naminə belə aradan qaldırılması çətin olan «qələti-məşhur»lar mövcuddur. Böyük şair Səməd Vurğunun “Vaqif” dramındakı Şah Qacar obrazı on illərlə Azərbaycan tarixinin görkəmli şəxsiyyəti barədə cəmiyyətdə elə bir neqativ təsəvvür yaradır ki, həmin təsəvvürün təkzibi üçün hələ çox illər lazım gələcək. Ancaq söhbət ondan getmir ki, “Vaqif” dramının müəllifinin, yaxud Şah Qacar rolunun ifaçısı Sidqi Ruhullanın qeyri-adi istedadı inkar olunmalı, yaxud onların tarixi şöhrətinə hər hansı şəkildə kölgə salınmalıdır. Məsələnin mahiyyəti ondadır ki, Qacarlar xanədanının əsasını qoymuş Ağa Məhəmməd şah Qacarın da halal tarixi şöhrətinin özünə qaytarılmasına ehtiyac var. Tariximizin xanlıqlar dövrünü araşdıran müəllif, haqlı olaraq qeyd edir ki, “addım-addım tarixi həqiqətlərə yaxınlaşmaq, keçmişin qaranlıq səhifələrinə işıq salmaq, təhrifləri aradan qaldırmaq naminə var gücümüzlə çalışmalıyıq. Başqa bir yol axtarmaq da mənasızdır, ən əsası ona görə ki, bunu, bizdən başqa etmək istəyində olan kimsə yoxdur!”.

Akademik Ramiz Mehdiyevin Qacarlar xanədanının həm etnik, həm də siyasi genotipi barədəki mötəbər mənbələrə, konkret faktlara əsaslanan qənaətləri, heç şübhəsiz, metodoloji mahiyyəti, zəngin məzmun-mündərəcəsi etibarilə olduqca mükəmməl milli tarixşünaslıq dərsləridir ki, həmin dərsləri bu səviyyədə demək üçün tarixi bilmək azdır, hər cəhətdən geniş dünyagörüşünə, fəlsəfi təfəkkürə əsaslanan səmimi milli dövlətçilik təəssübkeşliyi də tələb olunur: «Qacarların Azərbaycan tarixinə və dövlətçilik ənənələrinə aid olmadığına özlərini inandıranlar bir faktı da heç zaman unutmasınlar ki, Pəhləvilər İran dövlətçiliyinin yaranma tarixi, təməli qismində nə Səfəviləri, nə də Nadir şahı əsas götürmürdülər. Onlar İran dövlətçiliyinin yaradılması, atası və ideoloqu qismində Əhəmənilər imperiyasının qurucusu, etnik cəhətdən fars olan II Kiri (eramızdan əvvəl 559-530-cu illər) ucaldır, ona istinad edirdilər. Həmin dövrdə İranın dövlətçilik tarixi üçün əhəmiyyət daşıyan bütün əlamətdar mərasimlərin məhz Kirin Şirazdakı məqbərəsi önündə təşkil edildiyi hər kəsə məlum olan faktdır. Zənnimcə, Pəhləvilərin bu davranışları fonunda Qacarların öz siyasi varisliklərinin və mənəvi-tarixi mənsubiyyətlərinin istinadgahı qismində Azərbaycanı və türk mənşəli Səfəviləri və Nadir şahı seçməsi faktları onların hansı təfəkkürün daşıyıcıları olduqlarını aydın şəkildə nümayiş etdirir”.

Qacarlar sülaləsinin banisinin “vəliəhdin, sadəcə, atası deyil, anası da Qacarlar soyundan olmalıdır” göstərişini təhlil edən akademik Ramiz Mehdiyev göstərir ki, “məsələyə müasir demokratik anlayışlar prizmasından yanaşdıqda Ağa Məhəmməd şahın belə bir qaydanı qanun şəklinə salması tayfabazlığın və klançılığın, feodal təfəkkürünün təzahürü kimi görünə bilər. Ancaq bu məsələdən danışarkən iki məqamı da unutmaq olmaz. Birincisi, Ağa Məhəmməd şahın hakimiyyətə gəldiyi dövrdə bütün Yaxın Şərqdə olduğu kimi, Azərbaycanda və İranda da feodalizm dövrü hökm sürür, bütün münasibətlər sistemi orta əsr normaları ilə tənzimlənirdi. İkincisi isə, barəsində danışdığımız qanun Qacarların simasında hakimiyyətin Azərbaycan türklərindən başqa hər hansı digər etnik qrupun, o cümlədən farsları təmsil edən siyasi qüvvənin ixtiyarına keçməsinin qarşısına sədd çəkmiş olurdu”.

Kitabda Qacarların XIX əsrin sonu, XX əsrin əvvəllərində maarifçiliyə, milli oyanışa, demokratik hərəkatlara münasibətinə dair də maraqlı mülahizələr irəli sürülməklə, bir sıra polemik məsələlərə aydınlıq gətirilir ki, onlardan biri də ana dilində təhsilin vəziyyətidir: “Azərbaycan dilində tədrisə marağın olmaması Qacarlardan deyil, ümumən İranda əsrlərdən bəri hökm sürən məlum ənənə və dəbdən qaynaqlanmaqda idi. lakin Qacarlar heç zaman azərbaycanlı maarifçilərin ana dilində məktəb açmaq təşəbbüslərinə mane olmamış, bu ideya uğrunda mübarizə aparanlara qarşı heç vaxt dövlət səviyyəsində hər hansı bir təqib həyata keçirməmişlər. Faktlar göstərir ki, ana dilində müasir, dünyəvi təhsil ideyasını həyata keçirmək istəyənlər daha çox yeniliklərə, tərəqqiyə, müasirliyə qənim kəsilən mühafizəkar, xurafatçı ruhanilərin müqaviməti ilə qarşılaşmış, onlar tərəfindən təzyiqlərə məruz qalmışlar. Bu cür hallar o dövrdə təkcə Qacarlar dövləti üçün deyil, bütün İslam dünyası, o cümlədən Qafqaz Azərbaycanı üçün də xarakterik idi”.

Bununla belə, kitabda hakimiyyət tərəfindən həm mənəvi, həm də maddi dəstək alaraq anadilli məktəblər açan Mirzə Həsən Rüşdiyyənin maarifçilik fəaliyyətinin geniş işıqlandırılması bir daha sübut edir ki, Qacarlar türk-Azərbaycan dilinin ölkədə (və onun hüdudlarından kənarda) yayılmasında hər halda maraqlı olduqlarını gizlətməmişlər.

XX əsrin əvvəllərində İran azərbaycanlılarının ictimai-siyasi fəallığı da təsadüfi deyil. Tamamilə doğrudur ki, “1905-1911-ci illərdə İranda demokratik təsisatların qurulması uğrunda aparılan və Səttarxan kimi görkəmli şəxsiyyəti tarix səhnəsinə çıxaran inqilabi hərəkat məhz Təbrizdən başlamış, onun başlıca hərbi və siyasi qüvvəsini sona qədər əsasən Azərbaycan türkləri təşkil etmişlər. İran öz tarixində parlamentarizm ənənələrinin yaranmasına və ilk konstitusiyanın qəbuluna görə məhz sözügedən hərəkata, yəni Azərbaycan xalqının mübarizliyinə, mütərəqqi siyasi təfəkkürünə borcludur. Səttarxanın qiyamı yatırılsa da, onun işini bir neçə il sonra Azərbaycan xalqının digər görkəmli oğlu Xiyabani davam etdirmişdir”. Bu isə o deməkdir ki, hakimiyyət mənsub olduğu etnosun yaradıcılıq istedadını, mənəvi iradəsini, ictimai-siyasi fəallığını nəinki məhdudlaşdırırdı, əksinə, onun qarşısında, təbii ki, mövcud şərait hüdudunda hər cür imkanlar açırdı.

Akademik Ramiz Mehdiyev yazır: “Qacarların hakimiyyətinin son dövrünə nəzər saldıqda biz açıq-aşkar mərkəzi hökumətin zəiflədiyi, feodal hakimlərin, nüfuzlu ordu komandanlarının mərkəzlə hesablaşmayacaq qədər gücləndiyinin şahidi oluruq. Yaranmış vəziyyət siyasi hakimiyyətdə fars əsilli məmurların, xüsusilə də ingilislərin dəstəyi ilə çoxalmasına, onların həlledici vəzifələrə irəli çəkilməsinə münbit zəmin hazırlamışdır. İllər sonra həmin məmurlardan biri, Qacar ordusunun polkovniki, qatı fars millətçisi Rza şah Pəhləvi (1878-1944) ingilislərin bilavasitə hərbi və maddi dəstəyi ilə 1925-ci ildə hakimiyyəti ələ keçirir”.

Göründüyü kimi, kitabda Qacarların siyasi aqibəti mərkəzləşmiş dövlət qurmaq (və onu idarə etmək) üçün tələb olunan təxirəsalınmaz tədbirlər görmək barədəki tarixi təcrübəyə əsaslanan ideya-anlayışlarla çox aydın bir şəkildə izah olunur.

Müəllif yenidən xanlıqlar dövrünə qayıdaraq təkzibolunmaz bir qanunauyğunluq təqdim edir: “Toxunduğumuz faktları ümumiləşdirib təhlil etdikdə maraqlı bir qanunauyğunluqla rastlaşmağımız göz önündədir. Həmin qanunauyğunluq isə öz hakimiyyəti, taxt-tacı naminə çarizmlə müttəfiqlik münasibətlərinə gedən Azərbaycan xanlarının hamısının faciəli sonluğundan ibarətdir. İbrahim xanın və ailəsinin qətli, Səlim xanın və Mustafa xanın Azərbaycandan didərgin salınması bunun ən bariz nümunələrini təşkil etməkdədir. Həqiqətən də bütün bunlar ətrafında çox ciddi düşünüləsi faktlardır!”.

Xanlıqlar dövründə erməni məsələsi kitabda bilavasitə mənbələrə dayanılaraq bütün təfsilatı (və metafizikası) ilə təhlil edilib ümumiləşdirilir. Həmin mənbələrdən biri 1805-ci il mayın 14-də Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında imzalanmış Kürəkçay müqaviləsidir. Kitabda göstərilir ki, “müqavilənin mətnində Qarabağdakı erməni məlikləri, onların hüquqları, yaxud siyasi vəziyyəti haqqında bir müddəa belə mövcud deyil. Şübhəsiz ki, əgər həmin dövrdə ermənilər Qarabağ xanlığının ictimai-siyasi həyatında ciddi nüfuz və təsir sahibi olsaydılar, Rusiya onlardan təzyiq aləti qismində istifadə etmək imkanından mütləq şəkildə bəhrələnərdi. Onlar üçün müəyyən imtiyazlar və xüsusi status tələb edilərdi”.

Başqa bir mühüm mənbə Fətəli şah Qacarın 1800-cü ilin oktyabrına aid fərmanıdır. Həmin fərman tam aydınlığı ilə nümayiş etdirir ki, erməni katolikoslarını tutduqları vəzifəyə məhz şah təsdiq etməli idi… “Sual olunur ki, əgər ermənilərin İrəvan ərazisində müstəqil dövləti var idisə, onların katolikosunu niyə erməni hökmdarları yox, Səfəvi, Əfşar, yaxud Qacar şahları vəzifəyə təsdiqləməli idi? Yaxud da hansı səbəbdən erməni kilsəsinə tətbiq edilən vergi güzəştlərinə dair fərmanları erməni hökmdarları yox, məhz türk şahları verirdilər? Qoyulan suallar ətrafında ermənilərdən daha çox onların yalançı təbliğatına alət olan bəzi əcnəbilər bir qədər dərindən düşünə bilsəydilər, çox yaxşı olardı”.

Xanlıqlar dövrünün metafizikası bizim tarix şüurumuzda, əlbəttə, yalnız bədbinlik doğurmamalıdır… “Azərbaycan ərazilərinin ayrı-ayrı xanlıqlara parçalanması, vahid mərkəzləşdirilmiş dövlətçiliyin itirilməsi və bəzi xanlıqların acınacaqlı aqibəti istər-istəməz ölkədə yenidən birləşmək və bütöv, müstəqil dövlət yaratmaq zərurətini meydana qoymuşdur. İkincisi isə, Azərbaycan xanlıqlarından hər biri o qədər də böyük əraziləri əhatə etmədiyindən, bəlli bir coğrafiyada fəaliyyət göstərdiyi üçün xalqa yaxın olmuşdur».

“Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı, sözügedən dövrün mədəniyyətindən qısaca da olsa (çünki həmin mövzu kitabın predmetinə bilavasitə daxil deyil), söhbət açır: “Hakimiyyətlə xalqın yaxınlaşması şifahi xalq yaradıcılığının, xalq sənətinin, aşıq ədəbiyyatının inkişafında və nəhayət, yazılı ədəbiyyatda folklor ənənələrinin qüvvətlənməsində mühüm rol oynamışdır. XVIII əsrdə Molla Pənah Vaqifin şeirlərində xalq həyatı və sadə insanlar, ölkə təbiətinin real mənzərələri tərənnüm olunmuşdur”.

Yeri gəlmişkən, mən hələ 1991-ci ildə “XVIII əsr Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişəm. Odur ki, əminliklə deyə bilərəm: Azərbaycan Səfəvilərinin milli (və siyasi) mərkəzləşdirmə təcrübə-ənənələri həmin dövrə qədər davam etsəydi, həm ədəbi dilimizin, həm də ədəbiyyatımızın mövcud intibah imkanları elə bir miqyas alardı ki, sonrakı mərhələlərdə hər hansı təcavüz onu öz mehvərindən çıxara bilməzdi.

Kitaba Azərbaycan dilinə tərcüməsi ilə birlikdə son dərəcə qiymətli mənbələrin, onların izahının, eləcə də xanlıqlar dövrü tarixi şəxsiyyətləri, hadisələri barədə dəqiq məlumatların əlavə edilməsi böyük məmnunluq doğurur.

Kitabda dərin analitik təhlil, mükəmməl məntiqi-fəlsəfi ümumiləşdirmə ilə yanaşı, hər cəhətdən canlı bir epos təhkiyəsi də var ki, oxucunu sona qədər öz təsiri altında saxlamaqla ona həm məlum mənbələrə yeni gözlə baxmağı öyrədir, həm də üzə çıxarılmış yeni mənbələrdəki məlumatların həyəcanını yaşamağı aşılayır. Eyni zamanda, tarixlə bu günün arasında elə bir körpü salır ki, tarixdə bu gün, bu gündə isə tarix bütün əzaları ilə görünür.

Heç şübhəsiz, bu fundamental tədqiqatın dəyərini bir məqalə ilə müəyyənləşdirmək mümkün deyil. Mən yalnız ilk təəssüratlarımı bildirdim. Əsərdə irəli sürülmüş hər bir müddəa, mülahizə isə geniş müzakirələrin predmeti olmağa layiqdir.

Akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı tarixlə ciddi maraqlanan hər kəsin, xüsusilə tarixşünasların stolüstü kitabı olmalıdır. Yalnız tarixi öyrənmək üçün deyil, həm də onu sözün əsl mənasında mənimsəmək, dərk etmək, milli şüur faktına çevirmək üçün…

 
  • Oxunub:  2850  |  
  • Tarix:  26-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

18 İyun 21:18
Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələr daha da genişləndirilməsi müzakirə edilib
18 İyun 20:59
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşüb
18 İyun 20:49
İdman, sağlamlıq, dostluq mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
18 İyun 20:46
Brüssel QDİƏT-Aİ əməkdaşlığı üzrə Yüksək səviyyəli konfrans keçirilib
18 İyun 20:45
Azərbaycanın məhkəmə-hüquq sahəsində islahatları təqdir olunur
18 İyun 20:43
Zakir Həsənov: Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır
18 İyun 20:40
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının sessiyasında iştirak edir
18 İyun 20:37
Hikmət Hacıyev: Azərbaycan həqiqətlərini əks etdirən hər bir tədbir faydalıdır
18 İyun 20:26
Milli Məclisin Səhiyyə komitəsinin iclası olub
18 İyun 20:22
Dövlət ümumi təhsil müəssisələri və peşə təhsili müəssisələrində əməkhaqları artırıldı
18 İyun 20:19
UEFA Avropa Liqası: “Neftçi” və “Səbail” klublarının rəqibləri müəyyənləşib
18 İyun 20:17
Təhsil Nazirliyi ilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq əlaqələri müzakirə edilib
18 İyun 20:16
Minimum aylıq əməkhaqqı artırıldı
18 İyun 20:08
Bu dövlət qurumlarında aylıq vəzifə maaşları artırıldı - SƏRƏNCAM
18 İyun 20:05
Azərbaycan-Yaponiya arasında ekoturizm sahəsində potensial əməkdaşlıq imkanları müzakirə olunub
18 İyun 19:54
Beynəlxalq Əmək Konfransının 108-ci sessiyasında Əmək və Sosial Təminat naziri Sahil Babayev çıxış edib
18 İyun 19:52
Bölgələrdən bölgələrə” II Yaradıcılıq festivalına yekun vurulub
18 İyun 17:35
“Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq
18 İyun 17:28
Aleksandr Buasson: Azərbaycanın əsas zənginliyi onun xalqı, mədəniyyətidir
18 İyun 17:23
“Dəniz Kuboku - 2019” beynəlxalq müsabiqəsinin planlaşdırılması üzrə işçi görüş keçirilib
18 İyun 17:19
RAGB 10 illik yubileyini qeyd edir
18 İyun 17:09
II Avropa Oyunlarının “Sülh alovu” estafeti Minskdəki Dövlət Bayrağı Meydanına gətirilib
18 İyun 16:32
Milli Kitabxanada növbəti sərgi insan hüquqlarına həsr olunub
18 İyun 16:04
Nazirlik: Cari ildə sənaye parklarında 12 rezident fəaliyyətə başlayacaq
18 İyun 15:58
Yanvar-aprel aylarında Azərbaycandan 97 ölkəyə məhsul göndərilib
18 İyun 15:38
“Valideynin məktəbdə bir günü” adlı layihə çərçivəsində görüşlər başa çatıb
18 İyun 15:34
Respublika Günü və diplomatik xidmət orqanlarımızın yaranmasının 100 illiyi Kuala Lumpurda qeyd edilib
18 İyun 15:19
BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu Bakı sessiyası başa çatıb
18 İyun 15:16
“Azərxalça”nın Qazax, Tovuz və Şəmkir filiallarının xalçaları qəbul edilib
18 İyun 15:14
Əli Əhmədov: Azərbaycanda təhsillə bağlı problemlər öz həllini tapıb, savadsızlıq aradan qaldırılıb
18 İyun 14:34
Müdafiə naziri: Azərbaycan Ordusu döyüş hazırlığı ilə gecə-gündüz məşğul olur
18 İyun 14:25
Dövlət Sərhəd Xidməti İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə silsilə tədbirləri davam etdirir
18 İyun 14:17
Mərakeş qəzeti: Heydər Əliyevin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayır
18 İyun 14:06
General-polkovnik Zakir Həsənov: Azərbaycan Ordusunun təlimləri döyüş vəziyyətinə yaxın şəraitdə təşkil edilir
18 İyun 14:00
Pirallahı rayonunda bədii qiraət müsabiqəsi keçirilib
18 İyun 13:54
Bahar Muradova: Ermənistanın qeyri-konstruktiv mövqeyi davamlı sülhə təhdid kimi qalır
18 İyun 13:52
Komitə sədri: Bu gün Azərbaycanda qadınların cəmiyyətdə aktiv iştirakı üçün hər cür şərait yaradılıb
18 İyun 13:44
Baş nazirin müavini: Azərbaycan BMT-yə dayanıqlı inkişaf üzrə hesabat verən 14 ölkədən biri olacaq
18 İyun 12:59
Azərbaycanın Energetika nazirinin müavini Beynəlxalq Enerji Xartiyasının Baş katibi ilə görüşüb
18 İyun 12:57
18 iyun Azərbaycanda İnsan Hüquqları Günüdür
18 İyun 12:52
Daha 687 şəhidin 1017 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul edilib
18 İyun 12:16
Azərbaycanın Müdafiə naziri: Ordumuzun hərbi şəhərciklərinin 85 faizi yenidən qurulub
18 İyun 12:13
Qəbələdə Beynəlxalq Yoqa Günü qeyd olunub
18 İyun 12:08
Bakıda Ombudsmanların XVI Beynəlxalq Konfransı keçirilir
18 İyun 12:04
Azərbaycanın və Pakistanın xüsusi təyinatlı qüvvələrinin birgə təlimləri keçiriləcək
18 İyun 11:48
Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransının iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18 İyun 11:44
Bakı Nəqliyyat Agentliyi Stokholmdakı Qlobal İctimai Nəqliyyat Sammitində təmsil olunub
18 İyun 11:41
Növbəti tədris ilindən Bakı Ali Neft Məktəbində Pakistan tələbələri də təhsil alacaqlar
18 İyun 11:31
Akademik Xoşbəxt Yusifzadənin biblioqrafiyası çapdan çıxıb
18 İyun 11:27
Zakir Həsənov: Ermənilər bir müddət sonra öz itkilərini açıqlayacaqlar
18 İyun 11:22
Müdafiə naziri: Azərbaycan Ordusunun helikopter meydançaları yenilənib və müasir silahlarla təchiz edilib
18 İyun 11:00
Tərtərdə kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 2,9 faiz artıb
18 İyun 10:55
Qubanın daha 11 kəndi qazlaşdırılır
18 İyun 10:47
Zakir Həsənov: Azərbaycan Ordusunda aparılan islahatlar uğurla davam edir
18 İyun 10:45
Vaşinqtonda ABŞ-Azərbaycan Akademik Simpoziumu keçirilib
18 İyun 10:39
Müdafiə naziri yeni təlim mərkəzinin açılışında iştirak edib
18 İyun 09:27
İsveçrənin Bern şəhərində Azərbaycanın qaçqın və məcburi köçkünlərinə həsr edilmiş ictimai kampaniya keçirilib
18 İyun 08:57
David Zalkaliani: Azərbaycan Gürcüstanın əsas strateji tərədaşıdır
18 İyun 08:48
Strasburqda yüksək səviyyəli konfransda Azərbaycanda məhkəmə-hüquq islahatlarından danışılıb
18 İyun 08:42
Fərid Mansurov: Komandamız II Avropa Oyunlarına yaxşı hazırlaşıb
17 İyun 23:21
Neftçaladakı Xıllı nərə balıqartırma zavodunda yetişdirilmiş körpə nərə balıqlarının Xəzərə buraxılması mərasimi olub
17 İyun 22:59
Ankarada Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə konfrans keçirilib
17 İyun 21:42
XİN: Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir
17 İyun 20:23
IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb
17 İyun 11:46
“Şahdəniz” təbii qazı TANAP-la Avropa sərhədinə çatdırılıb
17 İyun 11:42
İyunun 17-si Tibb İşçiləri Günüdür
17 İyun 11:37
SOCAR-la “Honeywell PMT”nin əməkdaşlığı müzakirə edilib
17 İyun 11:06
Altı mindən çox bakalavr ixtisaslaşma seçimi edib
17 İyun 10:51
Neftin qiyməti bahalaşır
17 İyun 10:26
Ermənistan ordusu atəşkəs rejimini pozmaqda davam edir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA