Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı uğurla icra olundu

Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı uğurla icra olundu

19.03.2019 [09:39]

Bu humanist addım əsasında azadlığa qovuşan yüzlərlə məhbus dövlətimizin başçısına minnətdarlığını bildirib
Xəbər verildiyi kimi, martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxıldığı, məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışlarının nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslanıldığı qeyd edilib. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.
Martın 17-də isə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı icra olunub. Sərəncamın icrası Milli Məclisin deputatlarının, Ombudsman Aparatının, dövlət qurumlarının, ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, əfv komissiyasının üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki 4, 10, 11 və 16 saylı cəzaçəkmə müəssisələrində də uğurla həyata keçirilib. Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrinə gələrək Sərəncamın icrasını vaxtında və yüksək səviyyədə təmin ediblər. Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar. Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə, o cümlədən qadınlar, ahıllar və digər məhkumlara azad olunmaları barədə sənədləri təqdim ediblər.
Bununla əlaqədar keçirilən tədbirlərdə çıxış edən Penitensiar Xidmətin rəhbərliyi, Ədliyyə Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları, Ombudsman Aparatının əməkdaşları və digərləri Novruz bayramı münasibətilə məhkumlara və onların ailə üzvlərinə təbriklərini çatdırıblar. Çıxışlarda bildirilib ki, əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu humanizm siyasəti Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Bu gün əfv və amnistiya institutları daha çevik və işlək mexanizmə çevrilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da Ulu Öndərin mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış edərək amnistiya təşəbbüsləri irəli sürür.
Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov Xidmət rəhbərliyi adından əfv olunmuş məhkumları azadlığa çıxmaları münasibətilə təbrik edib. O, əfv Sərəncamının imzalanmasının Azərbaycan Prezidenti İlham Əliyevin növbəti humanist addımı olduğunu diqqətə çatdırıb. Oqtay Məmmədov əfv Sərəncamının cəzaçəkmə müəssisələrində nümunəvi davranışları ilə fərqlənən, islah olunmuş məhkumlara şamil edildiyini bildirib, əfv olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarına, Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklərinə əminliyini ifadə edib.
Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib ki, belə əfv sərəncamları Prezident İlham Əliyev tərəfindən vaxtaşırı imzalanır. Onun sözlərinə görə, son illərdə dövlətimizin başçısı tərəfindən 35 əfv Sərəncamı imzalanıb, beş mindən çox məhbus həbsdən azad edilib: “Bu, böyük humanistlikdir. Heç bir ölkədə vətəndaşa belə humanistcəsinə yanaşılmır. Prezidentimiz həmin insanlara özlərini həyatda bir daha sınamaq imkanı verir. Onları öz ailələrinə, öz mühitinə qaytarır. Bu, bir daha göstərir ki, hər bir vətəndaşın probleminin həlli, onların qayğıları ölkə rəhbərliyinin diqqətindədir”.
“Dörd cəzaçəkmə müəssisəsində həmin insanlara buraxılış vərəqələri təqdim etdik. Onlar ikiqat bayram sevinci yaşadılar. Eyni zamanda, cəzaçəkmə müəssisələrinin yanında toplaşmış məhkumların ailə üzvlərinə, yaxınlarına və qohumlarına gözaydınlığı verdik. Azadlığa çıxan məhbuslar Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. Dedilər ki, bir daha səhv etməyəcəklər, qanuna riayət edən nümunəvi vətəndaşlar olacaqlar. Azərbaycan xalqı üçün əziz olan Novruz bayramı ərəfəsində belə bir humanist addımın atılması və belə bir tədbirin keçirilməsi ölkəmizdə insan hüquqlarının yüksək səviyyədə təmin olunmasından, humanizm prinsiplərinə sadiqlikdən xəbər verir. Bunun qarantı dövlətimizin başçısıdır”, - deyə A.Mirzəzadə vurğulayıb.
Millət vəkili əlavə edib ki, çıxarış vərəqələri təqdim edilən andan həmin məhbuslar cəzaçəkmə müəssisələrindən azad edildilər. “Onlar tezliklə öz doğmalarının yanında olacaqlar. Bütün bu prosesə əvvəlcədən hazırlıq görülür. Prezident İlham Əliyevin Sərəncamından dərhal sonra müvafiq sənədlər hazırlandı. Bu prosesdə təkcə penitensiar sistemin əməkdaşları deyil, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, tanınmış ziyalılar, mətbuat nümayəndələri iştirak edirlər. Bu məsələnin ictimailəşməsi dövlətin hər bir vətəndaşına diqqətlə yanaşmasını göstərir”, - deyə deputat bildirib.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev isə deyib ki, Prezident İlham Əliyevin fəaliyyəti ədalətə, humanizm və mərhəmət prinsiplərinə söykənir. Onun sözlərinə görə, ilin əvvəlindən sosial sahədə mühüm Fərman və sərəncamların, eləcə də martın 16-da 431 nəfərin əfv edilməsi ilə bağlı Sərəncamın imzalanması dövlətimizin başçısının Öz fəaliyyətində ədalət, humanizm və mərhəmət prinsiplərinə əsaslandığını göstərir. Ə.Nuriyev əlavə edib ki, ötən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzalanan əfv Sərəncamı 634 nəfərə şamil edildi: “Bu il əfv edilən 431 nəfərdən 399-u azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad olunub. Eyni zamanda, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası müddətli azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Bu Sərəncam ümumilikdə yüzlərlə ailəyə, minlərlə insana sevinc bəxş etdi”.
Bütövlükdə əfv sərəncamlarının Cinayət Məcəlləsinin bu və digər maddələrinin, demək olar, hamısını əhatə etdiyini söyləyən Ə.Nuriyev “Təbii ki, burada vacib məqam məhkumun şəxsiyyəti, onun davranışları, ümumi vəziyyəti, zərərçəkmişin mövqeyi, ailə vəziyyəti, səhhəti və s. amillər nəzərə alınaraq, obyektiv qərarların qəbul olunmasıdır. Bütün müraciətlər əfv komissiyasında diqqətlə və obyektiv qaydada araşdırılıb. Siyahıda azad edilmiş şəxslərə baxdıqda cəmiyyətin müxtəlif təbəqələrinə aid şəxslərin olduğunu görə bilərik. Bu da humanizmin, mərhəmətin təzahürüdür. Bu, onu göstərir ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının qayğısına qalır”, - deyə bildirib. Sərəncamın əfv edilmiş şəxslərə yeni şans verdiyini vurğulayan ekspert ümid etdiyini bildirib ki, əfv olunan şəxslər bu şansdan istifadə edərək dövlətimizin başçısının Novruz bayramı münasibətilə onlara göstərdiyi bu lütfü dəyərləndirəcəklər.
Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid isə deyib ki, Azərbaycanda məhkumların əfv olunması, vətəndaşlara humanist münasibətin göstərilməsi davamlı xarakter daşıyır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı yüksək humanizm nümunəsidir və vətəndaşlara verilən dəyəri özündə əks etdirir: “Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılıb, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınıb. Bu Sərəncamla 431 nəfərin azadlığa qovuşması minlərlə insanın sevincinə səbəb olub. Azərbaycan ictimaiyyəti dövlətin humanizm siyasətini olduqca yüksək dəyərləndirir. Bir sözlə, yüksək humanizmə əsaslanan bu cür sərəncamlar dövlətin öz vətəndaşına inamını və qayğısını əks etdirir”.
Azadlığa çıxan şəxslər və onları qarşılamağa gəlmiş ailə üzvləri, yaxınları göstərdiyi humanizmə görə dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. 4 saylı cəzaçəkmə müəssəsisində məhkumluq həyatı yaşamış və sözügedən əfv Sərəncamı ilə azadlığa qovuşan Tamara Məmmədova deyib ki, Azərbaycan Prezidentinin bu humanist təşəbbüsü yüzlərlə ailənin, minlərlə insanın sevincinə səbəb olub: “Mən belə bir humanist addıma görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür edir, sonsuz minnətdarlığımı bildirirəm. Dövlətimizin başçısı hər zaman vətəndaşın yanındadır, Azərbaycan vətəndaşı yüksək diqqət və qayğı ilə əhatə olunub. Sonuncu əfv Sərəncamı bunun növbəti əyani ifadəsidir”.
Eyni cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşamış və sözügedən əfv Sərəncamı ilə azadlığa qovuşan Təranə Abbasova da dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirərək deyib: “Möhtərəm Prezidentimiz İlham Əliyevin əfv Sərəncamı həm humanizmin ifadəsi, həm də vətəndaşlara göstərilən həssas münasibətin nümunəsidir. Mən dövlətimizin başçısına dərin təşəkkürümü bildirirəm”.
Azadlığa qovuşmuş Gülər Məmmədova isə “Azərbaycan Prezidenti cənab İlham Əliyev əfv Sərəncamı ilə bizə ölkə qanunlarına hörmət edərək cəmiyyətdə layiqincə yaşamaq, fəaliyyət göstərmək üçün yeni bir şans verdi. Sevincimin həddi yoxdur, bu humanist addım təkcə bizim özümüzün yox, çoxsaylı insanların, məhkumluqdan azad olunan insanların ailə üzvlərinin sevincinə səbəb olur”, - deyə bildirib.
10 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşamış və bəhs olunan əfv Sərəncamı ilə azadlığa qovuşan şəxslərdən biri olan Səidi Ruzbeh isə Azərbaycan Prezidentinə təşəkkür edərək deyib ki, əfv Sərəncamı dövlətin öz vətəndaşlarına verdiyi yüksək dəyəri əks etdirir: “Azərbaycan Prezidenti ölkə vətəndaşlarına hərtərəfli qayğı göstərir. Əfv Sərəncamı da bunun bariz göstəricisidir. Dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlıq edirəm, təşəkkürümü bildirirəm”.
16 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşamış və bəhs olunan əfv Sərəncamı ilə azadlığa qovuşan Kamerun vətəndaşı Manut Louis Martial isə “Azərbaycan Prezidenti cənab İlham Əliyevə bu humanist addıma görə dərin təşəkkürümü bildirirəm”, - deyə vurğulayıb.
Bütövlükdə, cəzadan azad olunan şəxslər cəmiyyətə qovuşaraq müstəqil dövlətimizin inkişafı yolunda fəaliyyət göstərəcəklərini bildiriblər.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 147 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30