Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycanda orta əməkhaqqı səviyyəsi 10 faizədək yüksələcək
A+   Yenilə  A-
Azərbaycanda orta əməkhaqqı səviyyəsi 10 faizədək yüksələcək

Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi islahatlar nəticəsində ötən il Azərbaycan iqtisadiyyatı 1,4 faiz artdığı halda 2019-cu ildə bu rəqəmin 3 faizdən çox olması proqnozlaşdırılır. Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı və artım miqyaslarının genişləndirilməsi ölkədə rifah halının yaxşılaşdırılması və layiqli həyat səviyyəsinin yüksəldilməsinə əlavə imkanlar yaradır. Ölkə başçısının son 15 ildə sosial rifah halının yaxşılaşdırılması ilə bağlı apardığı siyasət nəticəsində orta aylıq əməkhaqqı 7, minimum əməkhaqqı isə 6,5 dəfə artıb. Təsadüfi deyil ki, bu ildən başlayaraq Azərbaycanda pensiyaların, maaşların, müavinətlərin artırılması istiqamətində müvafiq addımlar atılıb, şəhid ailələrinə verilən kompensasiyaların, o cümlədən, özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilib. Eyni zamanda, zəlzələ bölgəsində əhaliyə kompensasiya verilməsi istiqamətində müvafiq addımlar atılıb. Həyata keçirilən sosial tədbirlər iqtisadi imkanların genişləndirilməsi və böyük sosial layihələrin icrasının göstəricisidir.

Prezident İlham Əliyevin bu siyasətinin nəticəsi olaraq martın 1-dən etibarən minimum aylıq əməkhaqqı 38,5 faiz artırılaraq 130 manatdan 180 manata çatdırılıb. Minimum əməkhaqqı yaşayış minimumu səviyyəsinə, yəni 180 manata bərabər olub. Minimum əməkhaqqı ehtiyac meyarından, yəni 143 manatdan 25 faiz daha yüksək həddə qərarlaşıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı fevralın 9-da keçirilən mətbuat konfransında deyib.

O, həmçinin bildirib: “Minimum əməkhaqqının artırılması 600 minədək insanı əhatə edəcək. Onlardan 450 min nəfəri dövlət sektorunda çalışan insanlardır. Vahid tarif cədvəli əsasında əməkhaqqı müəyyənləşib. Cədvəlin ilkin pilləsində ehtiyac meyarına uyğun olaraq əməkhaqqı 143 manat idisə, indiki halda bu 180 manat olacaq və birinci pillədən sonrakı pillələrə doğru artımlar müşahidə ediləcək. Dövlət sektorunda 450 min nəfərin əməkhaqları təxminən 30 faiz, özəl sektor üzrə 150 minə yaxın işçinin əməkhaqları 20 faizədək artacaq. Ümumilikdə, ölkə üzrə orta əməkhaqqı səviyyəsi 10 faizədək yüksələcək. Minimum əməkhaqqı daha çox aztəminatlı təbəqələr üzrə artacaq. Bu da Azərbaycanda yoxsulluq həddi və sosial bərabərsizlik indeksini daha da azaldacaq. Həmçinin qadınların orta aylıq əməkhaqqı kişilərin orta aylıq əməkhaqqına yaxınlaşacaq”.

İcraçı direktor qeyd edib ki, minimum əməkhaqqının artması üçün dövlət büdcəsindən minimum 335 milyon manata yaxın vəsaitin xərclənməsi gözlənilir: “Növbəti illər üçün dövlət büdcəsindən bununla bağlı 400 milyon manat vəsaitin xərclənməsi nəzərdə tutulub. Onlardan 270 milyon manatı dövlət sektorunda çalışan əhalinin əməkhaqqının artırılmasına yönələcək. 130 milyon manatı isə vergi və sığortaların təmin edilməsinə istiqamətlənəcək. Hər iki sektorda əməkhaqqının artırılması əhalinin sosial rifah halının yüksəldilməsi və layiqli əməyin təbliğinə töhfə verəcək. Bu artım iqtisadiyyatın leqallaşmasına da əhəmiyyətli dərəcədə təsir göstərəcək. Orta aylıq əməkhaqqının artırılması əməkhaqqının ümumi daxili məhsulda xüsusi çəkisinin artmasına istiqamətlənib və xüsusi çəki il ərzində 500 milyon manatadək artacaq. Ölkədə bu il ümumi daxili məhsulun 3 faizdən çox artması gözlənilir”.

 
  • Oxunub:  2760  |  
  • Tarix:  09-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar büdcə gəlirlərinin və ölkənin maliyyə imkanlarının artmasına səbəb olub