Son iki ildə hər il 100 min hektar torpağa suyun verilməsi təmin edilib və 2019-cu ildə daha 80 min hektarda bu qəbildən işlərin reallaşdırılması nəzərdə tutulub
Ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla icra edildiyi son 15 ildə bölgələrdə istifadə olunan torpaqların su təminatının yaxşılaşdırılması və yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi üçün dövlət əsaslı vəsait qoyuluşu hesabına çoxlu sayda layihələr reallaşdırılıb. Bütövlükdə bəhs olunan dövrdə ölkə üzrə 390 min hektar sahədə torpaqların su təminatı və 261 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb, 146 min hektar yeni suvarılan torpaqlar əkin dövriyyəsinə cəlb edilib. Ümumi tutumu 470 milyon kubmetr olan Taxtakörpü, Şəmkirçay, Göytəpə, Tovuzçay kimi böyük su anbarlarının tikilib istifadəyə verilməsi sayəsində ölkənin içməli və suvarma suyu ilə təminatında geniş imkanlar yaranıb. Eyni zamanda, regionlarda kiçik su anbarlarının yaradılması da gündəlikdə duran məsələlər sırasında yer alır. Respublika üzrə hər il dövlət vəsaiti hesabına təxminən 300 subartezian quyusunun qazılması da yaxşı səmərə verir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda bildirilib ki, son iki ildə hər il 100 min hektar torpağa suyun verilməsi təmin edilib və 2019-cu ildə daha 80 min hektarda bu qəbildən işlərin reallaşdırılması nəzərdə tutulub.
Ağcabədidə əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür
Ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətdə ardıcıl tədbirlər görülür. Ağcabədi Rayon Suvarma Sistemləri İdarəsindən bildiriblər ki, rayonun əkin sahələri mənbəyini Yuxarı Qarabağ və Xan qızı kanallarından götürən 2261 kilometr kanal, 41 kilometr örtülü dren, 2489 kilometr hidrotexniki qurğu, 51 ədəd elektrik nasos stansiyası, 3 ədəd üzən nasos, 8 ədəd SNP markalı nasoslarla suvarma suyu ilə təmin olunur.
Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 2018-ci ildə suvarma kanallarının lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri işləri davam etdirilib. Ötən il Ağcabədi rayonunda 36 min 291 hektar sahədə əkilmiş kənd təsərrüfatı bitkiləri orta hesabla 4-4,5 dəfə suvarılıb. Sahələrin 13 min hektarı nasoslarla, 23 min 231 hektarı öz axımı ilə, 27 min hektardan çoxu isə artezianlar vasitəsilə suvarma suyu ilə təmin edilib. Əkinlərin vaxtlı-vaxtında suvarılması nəticəsində rayonda becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı da yüksəlib.
Xaçmazda növbəti suvarma mövsümünə ciddi hazırlıq aparılır
Xaçmaz rayonunun əkinəyararlı sahələrinin suvarılması üçün istifadə olunan 2 min kilometrə yaxın kanalın mart ayına kimi təmizlənməsi nəzərdə tutulub. Rayonda su kanallarının təmizlənməsinə ötən ilin fevral ayından başlanılıb. Görülən işlər nəticəsində kanalların ötürücülük qabiliyyəti artırılır ki, bu da su itkisinin qarşısını alır.
Xaçmaz Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Xaləddin Məlikov bildirib ki, kanalların təmizlənməsi işlərinə 33 ədəd ağır texnika cəlb olunub. Rayonda 50 min 286 hektar əkinəyararlı torpağı suvarmaq üçün 2 min 387 kilometr uzunluğunda təsərrüfatdaxili və təsərrüfatlararası suvarma kanalından istifadə edilir.
Əkin sahələrinin vaxtında suvarılmasını düzgün təşkil etmək və su itkisinin qarşısını almaq məqsədilə hər il su kanalları və arxları lil və kol-kosdan təmizlənir. Bu, əsasən torpaq yataqlı arxlara aiddir. Suvarma əsasən Sudan İstifadəçilər Birlikləri ilə bağlanmış müqavilə əsasında aparılır.
“Pirquluoba” Sudan İstifadəçilər Birliyinin icraçı direktoru Əmirsoltan Həkimov deyib ki, kanalların lildən və kol-kosdan təmizlənməsi işlərinin 50-60 faizi artıq başa çatdırılıb. Əsas məqsəd işləri yaz suvarma dövrünə kimi yekunlaşdırmaqdır. Görülən işlər nəticəsində Xaçmazda əkinlərin normal suvarma suyu ilə təminatında problem yaşanmayacaq. Su kanallarının təmizlənməsi ilə yanaşı, Qusarçay, Qudyalçay və Qaraçayda sahilbərkitmə işləri də həyata keçirilir.
Pirsaat su anbarı Hacıqabulun 5,5 min hektar əkin sahəsinin suvarılmasını təmin edir
Pirsaat su anbarı 1964-cü ildə Hacıqabul rayonunda Pirsaat çayı üzərində tikilib. Hidroqurğu 2003-2010-cu illərdə yenidən qurularaq daha da genişləndirilib. Anbarın ümumi həcmi 17, faydalı həcmi isə 12 milyon kubmetrdir. Anbarın suyu iki kanal vasitəsilə rayonun Pirsaat, Nəvahi qəsəbələrinin, Rəncbər, Qubalıbaloğlan və Atbulaq kəndlərinin əhatə etdiyi ərazilərə axıdılır və 5,5 min hektar əkin sahəsi suvarılır.
Rayon suvarma sistemləri idarəsinin rəisi İbrahim İbrahimov bildirib ki, su anbarı əsasən Pirsaat çayı və yağış suları vasitəsilə dolur. Yaz ayları yağmursuz və isti keçən illərdə çayların suyu quruduğundan anbarı su ilə doldurmaq mümkün olmur. Bu səbəbdən də əkin sahələrinin suvarılmasında ciddi problemlər yaranır. Əgər Kür çayından anbara su xətti çəkilib nasoslar vasitəsilə ora su vurulsa, bu çətinlik birdəfəlik aradan qaldırılar. Bu məsələ ilə bağlı rayon rəhbərliyi və aidiyyəti qurumlar bizim qarşımıza tapşırıq qoyublar. Ümidvarıq ki, bu problem yaxın zamanlarda müsbət həllini tapacaq.
Hidroqurğu, həmçinin Pirsaat çayını tənzimləyir. İllik yağıntıların normadan artıq olduğu zaman ətraf kəndlər, o cümlədən də rayon mərkəzi bu qurğu vasitəsilə sel sularından və daşqınlardan mühafizə olunur.
2018-ci ildə Ağdamda müxtəlif kənd təsərrüfatı bitkiləri əkilmiş sahələr təxminən 4,5 dəfə suvarılıb
Ağdam Mexaniki Suvarma İdarəsindən bildiriblər ki, rayonun 35,4 min hektar əkin sahəsi 843 ədəd subartezian quyusu, 4 nasos stansiyası, 11 kəhriz, 4 suyığıcı göl, 365 kilometr suvarma kanalı vasitəsilə suvarma suyu ilə təmin edilir. Son 10 ildə rayonun suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 163 ədəd yeni subartezian quyusu qazılaraq istifadəyə verilib. Prezident İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 12 mart tarixli Sərəncamına əsasən, rayonun 11 yaşayış məntəqəsində 17 subartezian quyusunun qazılması başa çatdırılıb. Dövlətimizin başçısının “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” ötən il noyabrın 5-də imzaladığı digər Sərəncama əsasən isə daha 35 subartezian quyusunun qazılmasına başlanılıb. Bu quyuların qazılması ilə rayonun 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq.
Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2018-ci ildə rayonda 3110 hektar pambıq, 7583 hektar dənli, 14 min 791 hektar yemlik bitkilər, 420 hektar qarğıdalı, 5000 hektar bostan və tərəvəz, 700 hektar şəkər çuğunduru, 96 hektar çoxillik bitkilər, 3700 hektar həyətyanı sahələrin suvarma suyuna olan tələbatı ödənilib. Ümumilikdə il ərzində müxtəlif kənd təsərrüfatı bitkiləri əkilmiş sahələr təxminən 4,5 dəfə suvarılıb.
Yeni layihələr hesabına Ağdaş və Yevlaxda suvarılan ərazilərin su təminatı yaxşılaşacaq
“Yer kürəsindəki çay və qrunt sularının təxminən 70 faizi kənd təsərrüfatı məhsullarının istehsalına sərf olunur. Bu səbəbdən də aqrar sahənin inkişafı üçün həyata keçirdiyimiz layihələrdə fermer təsərrüfatlarının su ilə təmini bizim prioritetlərimizdəndir”. Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin həyata keçirdiyi “Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi”nin Yevlax rayonunda ictimaiyyətə aralıq hesabatında AKİA sədri Mirzə Əliyev bildirib. Agentlik sədri qeyd edib ki, layihənin əsas komponentlərindən biri “Kənd İnfrastrukturunun İnkişafı və Sudan İstifadəedənlər Birliklərinə dəstək”dir. Bu komponent çərçivəsində Ağdaş rayonunda 35 min, Yevlax rayonunda 40 min hektaradək suvarılan ərazidə təmir-bərpa işlərinin aparılması nəzərdə tutulub. Suvarma sistemlərinin bərpası nəticəsində 124 kənddə 27 minə yaxın təsərrüfatın su ilə təminatı yaxşılaşacaq. “Bu günədək 71 kəndin ərazisində təmir-bərpa işəri aparılıb. Bu da nəzərdə tutulan işlərin 58 faizini əhatə edir. Layihəyə uyğun olaraq, 17 Sudan İstifadəedənlər Birliyi formalaşdırılıb. Onların ofis binalarının tikintisi üçün layihələndirmə-dizayn işləri tamamlanıb”, - deyə Mirzə Əliyev vurğulayıb.
Qeyd edək ki, Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi 2011-ci ildən fəaliyyətə başlayıb. Layihəni Aqrar Kredit və İnkişaf Agentliyi Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (İFAD) və İslam İnkişaf Bankı ilə birgə reallaşdırır. Layihənin əsas məqsədi Ağdaş, Yevlax, Şəki və Oğuz rayonlarında ərzaq təhlükəsizliyi və gəlirlərin artırılması imkanlarını təkmilləşdirməklə kənd əhalisinin rifahını yaxşılaşdırmaqdır.
Layihə “Kənd İnfrastrukturunun İnkişafı və Sudan İstifadəedənlər Birliklərinə dəstək”, “Kənd təsərrüfatı məhsuldarlığı və rentabelliyin artırılması” və “Müəssisələrin İnkişafı üçün kənd maliyyə xidmətləri” kimi 3 komponentdən ibarətdir. Layihə çərçivəsində kənd təsərrüfatı məhsuldarlığı və rentabelliyin artırılması istiqamətində bir sıra addımlar atılıb. Xüsusilə, fermerlərin bilik və bacarıqlarının artırılması üçün keçirilən təlimləri, hazırlanan vəsaitləri qeyd etmək olar. Ötən ilin sonlarında çap edilib, layihə ərazilərində yayılmış “Fermerlər əkinçilikdə nəyi bilməlidirlər” kitabı bu sahədə faydalı vəsaitlərdəndir. İndiyədək 650-dək təsərrüfatda yeni sort məhsuldar bitkilərin toxumunun əkilməsi və digər fermerlər arasında yayılması məqsədilə fermerlər toxumla təmin edilib və onlara əkin texnologiyaları aşılanıb. Bundan başqa, layihə çərçivəsində eroziyaya uğrayan torpaqların bərpası üzrə işlər görülüb, Bank Olmayan Kredit Təşkilatları vasitəsilə 5000 nəfərdən çox fermerə kiçik və orta müddətli kreditlər verilib. Kredit alanların 37%-ni qadınlar təşkil edir.
Mübariz ABDULLAYEV
- Oxunub: 7110 |
- Tarix: 02-02-2019 |
-
Çap et |