Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Regionlarda heyvandarlığın inkişafına hərtərəfli dəstək verilir

Regionlarda heyvandarlığın inkişafına hərtərəfli dəstək verilir

17.01.2019 [10:09]

Bölgələrdə aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər heyvandarlıqda istehsalın artmasına da öz müsbət təsirini göstərib
Dünyada yaranan çağırışlara uyğun olaraq Azərbaycan özünün etibarlı ərzaq təhlükəsizliyini təmin etməyi strateji hədəf kimi qarşıya qoyub. Bu məqsədlə regionlarda aqrar sektorun ahəngdar inkişafını təmin etmək, ərzaq məhsulları, o cümlədən də heyvandarlıq məhsullarının istehsalını artırmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Heyvandarlıq təsərrüfatlarında intensiv metodların tətbiqi, yem bazasının möhkəmləndirilməsi, səmərəli satış mexanizminin qurulması, fermerlərə subsidiyaların verilməsi, ayrı-ayrı bölgələrdə layihələrin reallaşdırılması bu qəbildən olan tədbirlər sırasında yer alır.
Qeyd edək ki, Prezident İlham Əliyevin heyvanların cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında müvafiq Sərəncamı bu sahədə işlərə güclü təkan verib. Sərəncama əsasən yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınan hər baş buzova görə heyvan sahibinə dövlət büdcəsindən 100 manat subsidiya verilir.
Bölgələrdə bu sahənin inkişafına gəlincə, Ağsu heyvandarları yenicə yola saldığımız 2018-ci ili uğurla başa vurublar. Rayonda aqrar sektorun aparıcı sahələrindən olan heyvandarlıqda dinamik artım davam edir. Rayon Statistika İdarəsindən bildirilib ki, 2018-ci ildə diri çəkidə 5012 ton ət, 30 min 165 ton süd, 8 milyon 369 min ədəd yumurta, 308 ton yun istehsal olunub. 2017-ci illə müqayisədə ət istehsalı 20 ton, süd 155 ton, yumurta 466 min ədəd, yun 2 ton artıb. Xüsusilə Ərəbmehdibəy, Ərəbsarvan, Gəgəli, Kəndoba, Qaraqoyunlu və bir sıra digər ərazi vahidlərində fermerlər və fiziki şəxslər heyvandarlıq məhsulları istehsalında daha yaxşı nəticələrə nail olublar.
Bərdə rayonunda da ötən il heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Əldə edilən yüksək nəticələr, həmçinin süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat subsidiya müəyyənləşdirilməsi süni mayalanma tədbirlərinə marağı artırıb. Rayonda fəaliyyət göstərən süni mayalanma texnikləri tərəfindən 2018-ci ildə 7838 baş inək və düyə süni yolla mayalandırılıb, 4570 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz”, “Simmental”, “Şvis” və “Şarole” cinslərindən olan buğaların toxumları istifadə edilir.
İsmayıllı rayonunda isə 2018-ci ildə heyvan sahiblərindən 1246 nəfərə süni mayalama yolu ilə alınmış 1681 baş cins tərkibi yaxşılaşdırılmış buzova görə 168 min 100 manat subsidiya verilib. Cins tərkibi yaxşılaşdırılmış buzova görə verilən subsidiyanın məbləği 2017-ci illə müqayisədə 47 min 100 manat çoxdur.
Qeyd edək ki, son illər bölgədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, daha məhsuldar heyvanlarla əvəz edilməsi istiqamətində ardıcıl iş aparılır. Bunun üçün süni mayalanmanın imkanlarından istifadə olunur. Təkcə ötən il 3787 baş iribuynuzlu mal-qarada süni mayalama aparılıb ki, bu da 2017-ci ildəkindən 153 baş artıqdır.
Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli Sərəncamının icrası çərçivəsində isə 2018-ci ildə Qax rayonunda 47 aztəminatlı ailə aktiv əmək bazarına cəlb olunaraq özünüməşğulluq imkanlarına yiyələnib. Qax rayon Məşğulluq Mərkəzindən bildirilib ki, “Öz biznesinə başla və təkmilləşdir” layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edən bu şəxslər əsasən, məcburi köçkün və şəhid, həmçinin aztəminatlı, çoxuşaqlı, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, əlilliyi olanlardır. Proqram çərçivəsində heyvandarlıqla məşğul olmaq istəyən 33 ailənin hər birinə 2 baş yanı balalı, iribuynuzlu, 10 ailənin hər birinə isə 21 baş xırdabuynuzlu heyvan təqdim olunub. Bundan əlavə, 2 nəfərin hər birinə 15 arı ailəsi, 2 nəfər şirniyyatçı qadına isə zəruri avadanlıq verilib. Bu ailələr artıq öz kiçik biznes təsərrüfatlarını yaradıblar.
Qurumdan verilən məlumata görə, “Öz biznesinə başla və təkmilləşdir” layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edən daha 9 nəfərə də yaxın vaxtlarda aktivlər təqdim olunacaq. Qeyd edək ki, 2018-ci ildə rayon Məşğulluq Mərkəzində 719 nəfər işaxtaran kimi qeydiyyata alınıb. Qurum tərəfindən ötən il 303 işaxtaran vətəndaş müvafiq işlə təmin olunub, 17 nəfər isə peşə hazırlığı kursuna cəlb edilib.
Onu da bildirək ki, 2018-ci ildə Qax rayonunda 3687 baş inək və düyə süni yolla mayalandırılıb. Bu, əvvəlki illə müqayisədə 371 baş çoxdur. Süni mayalama yolu ilə alınan buzovların sayı isə 2017-ci illə müqayisədə 716 baş artaraq 2497 baş olub. Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun məsləhətçisi Vidadi Məmmədov bildirib ki, ötən il Qax rayonu üzrə 2093 nəfər heyvan sahibinə süni mayalama yolu ilə alınan 2418 baş cinsi yaxşılaşdırılmış buzova görə 241 min 800 manat subsidiya hesablanıb. Subsidiyanın 167 min 700 manatı ilin sonunadək heyvan sahiblərinə ödənilib. Qalan 74 min 100 manat vəsaitin bu ilin birinci rübü ərzində ödənilməsi təmin ediləcək. Qeyd olunub ki, Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamının icrası olaraq, son 3 ildə Qax rayonunda 9331 baş inək və düyə süni yolla mayalandırılıb. Həmin müddətdə süni mayalama yolu ilə alınan 3946 baş cinsi yaxşılaşdırılmış buzova görə heyvan sahiblərinə hər buzova görə 100 manat olmaqla, ümumilikdə 394 min 600 manat subsidiya ödənilib.
Kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlığın inkişafına göstərilən dövlət dəstəyi Göyçay rayonunda da fermerlərin, eləcə də fərdi təsərrüfat sahiblərinin bu sahəyə marağını artırıb. Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, indi hər kəs mal-qaranın cins tərkibinin dəyişdirilərək daha məhsuldar heyvanlarla əvəz edilməsində maraqlıdır və bu sahədə süni mayalanmanın imkanlarından istifadə edirlər. Hər buzova görə 100 manat subsidiyanın verilməsi də fermerlərin heyvanların süni mayalanmasına marağını daha da artırıb. Təkcə yola saldığımız 2018-ci ildə rayonda 4034 baş qaramalda süni mayalama aparılıb, 2269 baş cinsi yaxşılaşdırılan buzov doğulub. Bu göstərici ötən illə müqayisədə müvafiq olaraq 588 baş və 508 baş çoxdur.
Saatlı rayonunda da kənd təsərrüfatının digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını artırmaq məqsədilə yeni-yeni təsərrüfatlar yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində heyvanların baş sayı, ət, süd və yun istehsalı ilbəil artır. Rayon Statistika İdarəsindən verilən məlumata görə, hazırda ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarda 66 min 363 baş iribuynuzlu heyvan və 117 min 662 baş qoyun-keçi saxlanılır. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət, süd və yun istehsalına da güclü təkan verib. Yola saldığımız 2018-ci ildə rayonda 7 min 20 ton ət (diri çəkidə), 41 min 478 ton süd və 156 ton yun istehsal edilib ki, bu da inişilkindən xeyli çoxdur.
Ötən il Şəkinin heyvandarlıq kompleksində isə süd istehsalı 30 faizə yaxın artıb. Şəki rayonunun Orta Zəyzid kəndi ərazisində fəaliyyət göstərən “ASK Heyvandarlıq” MMC-nin südlük-maldarlıq üzrə özəl heyvandarlıq təsərrüfatında olan inəklərin hər birindən 2018-ci ildə 6 min 935 kiloqram süd sağılıb. Bu göstərici əvvəlki illə müqayisədə 365 kiloqram çoxdur. Gün ərzində hər inəkdən orta hesabla 19 kiloqram süd sağılıb. Bu barədə məlumat verən Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov bildirib ki, ötən il bu müəssisədə 4 min 64 ton süd istehsal olunub. Bu, əvvəlki illə müqayisədə 930 ton və ya 29,7 faiz çoxdur. Hazırda təsərrüfatda saxlanılan 1321 baş iribuynuzlu mal-qaranın 586 başı ana maldır. Ana malın sayı əvvəlki illə müqayisədə 109 baş artıb. Ötən il müəssisədə 621 baş, yəni inişilkindən 60 baş çox buzov doğulub.
Xatırladaq ki, 2008-ci ildə dövlətin maliyyə dəstəyi ilə yaradılan bu heyvandarlıq kompleksinə fermalar, sağım sexi, laboratoriya və yardımçı tikililər daxildir. Kompleksdə alman şirkətinin istehsal etdiyi bir mərkəzdən idarə olunan ən müasir avadanlıq quraşdırılıb. Sağım sexində quraşdırılan avadanlığın köməyi ilə bir dəfəyə 32 baş inəyin südünün ətraf mühitlə təması olmadan sağılması, toplanması, soyudulması və saxlanması mümkündür.
Neftçala rayonunda da aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni təsərrüfatlar yaradılır ki, bu da öz növbəsində ət və süd istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur. Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüzlərlə baş ətlik və südlük istiqamətli düyələr gətirilib, süni mayalama məntəqələrinin şəbəkəsi genişləndirilib. Rayon Statistika İdarəsindən verilən məlumata görə, hazırda Neftçalada 8 süni mayalama məntəqəsi fəaliyyət göstərir. Ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən süni yolla mayalandırılan 3 min 56 baş inək və düyədən 2 min 55 baş cinsi yaxşılaşdırılmış buzov alınıb. Bu da 2017-ci ildəkindən 476 baş çoxdur. Mayalanma aparılmış hər 100 baş inəyə 71 bala düşüb.
Yuxarı Qaramanlı kəndində fəaliyyət göstərən fermer İlkin Əsgərovun sözlərinə görə, süni mayalama yolu ilə alınan buzovlar rayonun iqlim şəraitinə tez uyğunlaşır. Bu heyvanların həm diri çəkisi, həm də südü 3-4 dəfə çox olur.
İmişlinin heyvandarlıq təsərrüfatlarında isə 255 min baş qoyun-keçi saxlanılır. Hazırda rayonun ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarında 95 min 62 baş iribuynuzlu mal-qara və 254 min 979 baş qoyun-keçi saxlanılır. Bu da 2017-ci illə müqayisədə ümumilikdə 551 baş çoxdur. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət, süd və yun istehsalına da güclü təkan verib və məhsul istehsalında artım olub. Ötən il rayonda 13 min 429 ton ət (diri çəkidə), 49 min 632 ton süd, 392 ton yun istehsal olunub. 2017-ci illə müqayisədə süd istehsalında 2 ton, yun istehsalında isə 13 ton artım qeydə alınıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 140 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31