Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin inkişafında Heydər Əliyevin böyük xidmətləri var

Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin inkişafında Heydər Əliyevin böyük xidmətləri var

12.12.2018 [18:40]

Azərbaycan xalqının Ümummilli Liderinin vəfatının 15-ci ildönümü ilə əlaqədar Ankaradakı Heydər Əliyev Məktəbində anım mərasimi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə mərasim iştirakçıları Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsi önünə əklillər qoyub, xatirəsini yad ediblər.

Mərasimdə rəsmi şəxslər, deputatlar, ziyalılar, Ankara ictimaiyyətinin nümayəndələri, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndiriləndən sonra çıxışlar olub.

Heydər Əliyev Məktəbində işləməyin və oxumağın şərəfli olduğunu diqqətə çatdıran təhsil müəssisəsinin direktoru Necattin Şengeze bildirib ki, burada şagirdlərin yüksək səviyyədə bilik almaları və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb.

Rəsmi hissədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Azərbaycan Milli Məclisinin komitə sədrləri Eldar İbrahimov və Əhliman Əmiraslanov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Orxan Erdem, parlamentlərarası dostluq qrupunun keçmiş sədri Necdət Ünüvar və Türkiyə hökumətinin sabiq üzvü İlhan Aküzüm çıxış ediblər.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran Xəzər İbrahim qeyd edib ki, qazandığımız uğurların ən mühüm istiqamətlərindən biri Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafının davamlığının qorunmasıdır. Ulu öndər Heydər Əliyevin təhsillə bağlı tövsiyələrini xatırladan səfir əminliklə bildirib ki, Ankaradakı Heydər Əliyev Məktəbinin şagirdləri bu təhsil ocağında yüksək bilik qazanaraq cəmiyyətimizin ən fəal üzvləri olacaqlar.

Azərbaycan və Türkiyə xalqlarının tarixin ağır sınaqlarında belə bir-birilərinə qardaş münasibətdə olduqlarını xatırladan Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının və dövlət quruculuğu sahəsindəki nailiyyətlərinin tarixə qızıl hərflərlə yazıldığını söyləyib. Qafqaz İslam Ordusunun 1918-ci ildə Bakının işğaldan azad olunması istiqamətində göstərdiyi rəşadətin nəsillərə örnək olduğunu diqqətə çatdıran Y.Topçu qeyd edib ki, Azərbaycan xalqı da hər zaman dar gündə Türkiyənin yanında olub.

Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından danışan Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Ümummilli Liderimizin Naxçıvana rəhbərlik etdiyi dövrdən başlayaraq Azərbaycanın müstəqilliyinin qorunması, eləcə də Türkiyə ilə münasibətlərin qurulması və inkişafı üçün qəbul etdiyi tarixi qərarlardan danışıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən 1990-cı il 17 noyabr tarixli sessiyada üçrəngli, ayulduzlu bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq olunub və belə bir addımın atılması Azərbaycan hakimiyyətinə də tövsiyə edilib. Komitə sədri vurğulayıb ki, Ulu Öndərimizin səyləri ilə Araz çayı üstündə Azərbaycanla Türkiyəni birləşdirən “Ümid” körpüsünün salınması tarixi nailiyyətdir.

Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövründə Azərbaycanın keçdiyi inkişaf yolu barədə məlumat verən Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, Ulu Öndərimiz hələ sovet dövrünün sərt qadağalarının mövcud olduğu dövrdə Azərbaycan dilini dövlət dili elan etməklə xalqımızın milli inkişafı üçün əsaslar yaradıb. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra məhz Heydər Əliyevin siyasi rəhbərliyi dövründə formalaşan milli düşüncəli kadrlar dövlət quruculuğu prosesində fəal iştirak ediblər. Komitə sədri diqqətə çatdırıb ki, Heydər Əliyev siyasi hakimiyyətinin bütün dövrlərində Azərbaycanın müstəqilliyi və inkişafı naminə nəhəng işlər görüb.

Sonra çıxış edən Orxan Erdem, Necdət Ünüvar və İlhan Aküzüm ulu öndər Heydər Əliyevin zəngin və mənalı həyat yolundan danışıblar. Vurğulanıb ki, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin inkişafında Heydər Əliyevin böyük xidmətləri var.

Çıxışlarda diqqətə çatdırılıb ki, ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün həyata keçirdikləri xilaskarlıq missiyalarından xalqlarımıza əmanət olan müstəqil dövlətlərimizdir. Heydər Əliyevin uğurlu neft strategiyasının nəticəsi olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP layihəsi, o cümlədən bu yaxınlarda istifadəyə verilən “STAR Refinery” zavodu Azərbaycan və Türkiyə üçün təkcə iqtisadi güc yox, həm də siyasi və təhlükəsizlik təminatıdır. Ölkəmizin təşəbbüsçüsü olduğu layihələrdən bütün iştirakçı dövlətlər, ən əsası isə Azərbaycan və Türkiyənin geniş şəkildə bəhrələnməsi uzun illər davam edəcək. Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq və dostluq münasibətləri iki ölkə arasında inkişaf dinamikasının qorunmasını təmin edib. Ulu öndər Heydər Əliyevin xalqlarımız, ölkələrimiz və dövlətlərimiz qarşısındakı tarixi missiyanı yüksək dəyərləndirən çıxışçılar əminliklə vurğulayıblar ki, indi olduğu kimi, gələcək nəsillər də Heydər Əliyev şəxsiyyətini uca tutacaq, onun böyük adını ehtiramla yad edəcəklər.

Çıxışlardan sonra mərasim bədii proqramla davam edib.

Sonra Ankaradakı diplomatik nümayəndəliyimizin təhsil müşavirliyi tərəfindən Heydər Əliyevin fəaliyyəti ilə bağlı məktəblilər arasında keçirilən rəsm, inşa və poeziya müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.

Paylaş:
Baxılıb: 251 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31