Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dini təhlükəsizlik milli təhlükəsizlik konsepsiyasının başlıca komponentlərindən biridir

Dini təhlükəsizlik milli təhlükəsizlik konsepsiyasının başlıca komponentlərindən biridir

18.10.2018 [17:43]

Oktyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Ağsu Rayon İcra Hakimiyyətində “Dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və ona qarşı mübarizənin hüquqi əsasları” mövzusunda regional seminar–müşavirə keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə DQİDK-nın sifarişi əsasında çəkilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş, eləcə də dini fanatizmin və radikalizmin qurbanına çevrilmiş, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərin ailə faciəsindən bəhs edən “Şəhadət” sənədli filmi nümayiş olunub.

Baş Prokurorluq, Daxili İşlər və Ədliyyə nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağsu, Şamaxı, İsmayıllı, Göyçay və Qəbələ rayonlarının yerli strukturlarının rəhbərlərinin, bölgənin din xadimlərinin, dini icma sədrlərinin, gənclərin, eləcə də rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbiri açan Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev bildirib ki, ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm addımlar atılıb. Adət-ənənələrimizə hörmətlə yanaşılması, milli-mənəvi və əxlaqi dəyərlərimizin qorunmasına diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Rayon icra hakimiyyətinin başçısı vurğulayıb ki, ölkəmizdəki tolerant və multikultural mühit bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul olunur.

Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov qeyd edib ki, ölkəmizdə milli-mənəvi və dini dəyərlərin zəngin inkişaf tarixi və ənənələri var. Hazırkı mərhələdə ölkədə bərqərar edilmiş milli və dini tolerantlıq, eləcə də multikulturalizm mühitinin qorunması və möhkəmləndirilməsi dövlət qarşısında duran başlıca vəzifələrdən hesab olunur.

Dövlət Komitəsinin sədr müavini vurğulayıb ki, Azərbaycanın öz multikultural dəyərləri ilə dünyada islamofobiya adı altında müsəlman ölkələrinə yönəlmiş tənqid və etirazları puça çıxarması ölkəmizə qarşı təhdid və təzyiqlərin daha da artması ilə nəticələnib. “Olduqca mürəkkəb, qlobal güclərin maraqlarının bir çox sferada toqquşduğu, habelə siyasi iddiası böyük olan dövlətlərin mübarizə meydanına çevrilən regionda yerləşən ölkəmizə qarşı bir sıra istiqamətlərdən, o cümlədən dini mövqedən təhdidlərin səngimədiyi müşahidə edilir. Bu kontekstdə ən önəmli amillərdən biri də dini təhlükəsizlik məsələsidir”, - deyə Səyavuş Heydərov əlavə edib.

Sədr müavininin sözlərinə görə, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli təhlükəsizlik konsepsiyasının başlıca komponentlərindən biri məhz dini təhlükəsizlikdir. Yaxın Şərq təcrübəsi və orada hazırda davam edən proseslər bir daha açıq şəkildə göstərir ki, dini təhlükəsizlik təmin olunmadan milli təhlükəsizliyi təmin etmək qeyri-mümkündür. Milli təhlükəsizlik təmin edilmədən isə nə ictimai-siyasi sabitlikdən, nə demokratiyanın inkişafından, nə də hüquq və azadlıqların təmin edilməsindən danışmaq olar. Səyavuş Heydərov onu da deyib ki, respublikamız mürəkkəb beynəlxalq vəziyyətə, regionda mövcud olan təhdidlərə, müxtəlif səpkili təzyiqlərə, yad dini ideologiyaların idxal edilməsi cəhdlərinə baxmayaraq, güclü siyasi iradə nümayiş etdirərək dini təhlükəsizliyi təmin edib və bu siyasətin hazırkı dövrdə davam etdirilməsi son dərəcə vacibdir.

Sədr müavini bildirib ki, ölkəmizdə məzhəb ayrı-seçkiliyi yaratmağa, əmin-amanlığı, sabitliyi pozmağa, digər ölkələrin milli xüsusiyyətlərini, dini ideologiyalarını İslam adı altında ölkəmizdə təbliğ etməyə çalışan bəzi ünsürlərlə mübarizə aparılması, gənclərin və yeniyetmələrin zərərli dini ideologiyaların təsiri altına düşməsinin qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə sahəsində əsas fəaliyyət istiqamətlərindəndir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Pənah Cahangirov dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və onunla mübarizənin hüquqi əsasları barədə məlumat verərək qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd dini radikalizmlə mübarizə sahəsində maarifləndirmə işlərinin gücləndirilməsindən ibarətdir. Onun sözlərinə görə, nə qədər dindən siyasi məqsədlər üçün istifadə olunsa, dini radikalizm də müəyyən formalarda özünü göstərəcək. Ona görə də dövlət orqanları və cəmiyyətimiz dini radikalizmlə mübarizədə birgə fəaliyyət göstərməlidir.

Baş Prokurorluğun idarə rəisinin müavini Rauf Məmmədov və Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oktay Tağıyev dini radikalizm və ekstremizm probleminə qarşı mübarizənin hüquqi əsasları barədə ətraflı məlumat veriblər. Natiqlər, eyni zamanda, dini radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə hüquq -mühafizə orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən danışıb, təmsil etdikləri qurumların müvafiq sahədə həyata keçirdiyi profilaktik və inzibati tədbirlərdən söz açıblar.

Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Mərəhməd Mustafayev dövlətin daim din xadimlərinə qayğı göstərdiyini söyləyib. O, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə respublikamızda onlarla məscidin tikildiyini və əsaslı təmir edildiyini vurğulayıb. Din xadimlərinin daim öz fəaliyyətlərində dövlətçilik və Azərbaycançılıq prinsiplərini uca tutaraq ölkəmizdəki mövcud tolerantlıq və birgəyaşayış mühitinin, vəhdətin daha da möhkəmlənməsinə çalışdıqlarını və heç zaman xarici yad ideologiyaların ölkəmizdəki dini mühitə daxil olmasına imkan verməyəcəklərini bildirib.

Paylaş:
Baxılıb: 207 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31